Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev tanınmış türk tarixçisi, Türk Tarix Qurumunun fəxri üzvü, Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin İdarə Heyətinin üzvü, prof. İlber Ortaylını qəbul edib.
Bizimyol.info xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Qazaxıstandakı səfirliyinin nümayəndələri və Beynəlxalq Türk Akademiyasının əməkdaşları iştirak ediblər.
Fəxri qonaq Beynəlxalq Türk Akademiyasının mənzil-qərargahına səfəri zamanı Türkiyə Muzeyi və Türk Kitabxanasını ziyarət edib, tanınmış türkoloqların şəxsi əşyaları və kitab kolleksiyaları ilə yaxından tanış olub.
Görüş zamanı türk ölkələri arasında elm, mədəniyyət və tarixi irsin qorunması sahəsində əməkdaşlıq məsələləri, eləcə də türk ziyalılarının tarixi və maarifləndirici düşüncələri ilə bağlı müzakirələr aparılıb.
Akademik Şahin Mustafayev prof. İlber Ortaylıya Beynəlxalq Türk Akademiyasının fəaliyyəti, türk dünyasında elmi inteqrasiyanın dərinləşdirilməsi və inkişafı istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib.
Akademiyaya ilk dəfə gələn İlber Ortaylı görülən işlərə görə təşəkkür edib, nəşrlərini Beynəlxalq Türk Akademiyasının kitabxanasına hədiyyə edib.
Bizimyol.info