Gələn il neft gəlirləri çox azalacaq. Qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatını yaxşı günlər gözləmir. Neftdən gəlir vergisinin həcminin azalacağı dəqiqdir. Maliyyə naziri Samir Şərifov da bu haqda danışmışdı. Təsəvvür etmək olmur ki, əhalinin sosial vəziyyəti nə dərəcədə pisləşəcək. Ərzaq qiymətləri dayanmadan artır. Rəsmi açıqlamalarda bu istiqamətdə müəyyən sabitlik yarandığı deyilir. Amma bazarda başqa mənzərə görürük.
Bizimyol.info xəbər verir ki, benzinin də bahalaşma ehtimalı var. Sosial platformalarda bu məsələdən danışılır. Halbuki neft ölkəsində belə narahatlıq yaşanmamalıdır. Bu ölkədə benzin niyə bahalaşmalıdır? Hökumətin məntiqini anlamaq olmur. Ölkə neftdən son 20 ildə milyardlarla gəlir götürüb. Bir çox hallarda, xüsusilə “Aİ-95” və “Aİ-98” markalı benzinlərin qiymətlərinin bölgədə bahalığına görə seçildiyini müşahidə edirik.
Hökumətin məntiqsizliyi həm də onda görünür ki, “Aİ-95” markalı benzinin gömrük dəyəri aşağı düşdüyü halda daha çox qiymətin artırılmasından danışılır. Bir dəfə görmədik ki, qiymət aşağı salınsın. Rəsmi məlumata görə, “Aİ-95” markalı benzinin 1 litrinin gömrük dəyəri 11 qəpik aşağı düşüb, 1,22 manat olub. 2022-ci ilin iyulunda “Aİ-95”-in qiyməti artırılıb 2 manat ediləndə səbəb kimi idxal dəyərinin yüksəlməsi göstərilmişdi. Bu məntiqlə indi hökumət qiyməti aşağı salmalıdır. Qiymət artımı “Aİ-95”-ə tələbatı azaltdı. Halbuki avtomobillərin əksərinin məhz bu markalı yanacağa ehtiyacı var. Məsələn, keçən il ölkəyə gətirilən maşınların 17 faizi hibrid təyinatlı olub. Belə avtomobillər daha çox “Aİ-95” ilə işləyir. Sürücülər qiymətin yüksəkliyini nəzərə alaraq çarəsizlikdən “Aİ-92”-yə müraciət edirlər. Son bir ildə “Aİ-95” idxalı 40 faizə qədər azalıb. Sosial vəziyyət yalnız pisləşdiyindən, insanlar 2022-ci ilin yayındakı qiymət artımını nəzərə almalı olub. Onda “Aİ-95”-in qiyməti 25 faiz artırılmışdı.
Ümumiyyətlə, heç bir halda benzinin qiymətinin artırmaq olmaz. Çünki bu addım əhalinin vəziyyətinə birbaşa təsir göstərir. Məsələ təkcə sürücülərin daha çox xərcə düşməsində deyil. Benzinin qiymətinin artması sosial-iqtisadi müstəvidə şok effekti yaradır. Ərzaq qiymətləri dərhal yüksəlir. Əhali ağır zərbə alır. Hökumətin həmin epizoddakı bütün arqumentləri zəif, mənasız səslənir. Qiymət artımından istənilən halda danışmaq olmaz.
Aytən, Bizimyol.info