Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəristiliktəchizat”a ayrılan büdcə kimi isidir? İstiliklə təmin olunan bina sayı artmaq əvəzinə azalır
“Azəristiliktəchizat”a ayrılan büdcə kimi isidir? İstiliklə təmin olunan bina sayı artmaq əvəzinə azalır

Azərbaycanda yaşayış binalarının istiliklə təmin olunması illərdir normal qaydada təmin edilmir. Ya gecikmə qeydə alınır, ya da təchizat lazımi səviyyədə olmur. “Azəristiliktəchizat”ın borcları bir-birinin üstünə yığması isə ayrı dərddir.

Bizimyol.info xəbər verir ki, dövlət qurumu yalnız geri gedir. İstiliklə təmin olunan binaların sayı artmaq əvəzinə azalır. “Azəristiliktəchizat” 3863 yaşayış binasını istiliklə təmin etməyə söz verir. Halbuki “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi”ndə 2017-2020-ci illərdə istiliklə təmin edilən yaşayış binalarının sayının 5689-a çatacağı yazılmışdı. Statistikaya baxanda görünür ki, strateji yol xəritəsi müzakirəyə çıxarılandan yaxşılığa doğru heç nə dəyişməyib. Az qala hər il sayda azalma qeyd olunur.

Hesablama Palatası müxtəlif vaxtlarda audit yoxlamaları aparıb. “Azəristiliktəchizat”ın yalnız nöqsanlarla işlədiyi məlum olub. Hər şeydən əvvəl dövlət büdcəsindən ayrılan vəsaitlərdən düzgün istifadə edilmir. Təsəvvür edin, açıq səhmdar cəmiyyəti dotasiya ilə işləyir, borcların həcmini hər il böyüdür, üstəlik, ortaya normal iş qoya bilmir. “Azəristiliktəchizat” hər dəfə proqnozları tərtib edəndə hesabatlılıq prinsiplərini unudur. Əvvəlki dövrlərlə müqayisə aparılmır. Material ehtiyatlarının anbar qalıqları nəzərə alınmır. Anbarda qalığı olan mallardan bir daha sifariş edilir. Hərçənd, bu vəsaiti tamam başqa boşluğu aradan qaldırmağa sərf etmək olardı. Dövlətin pulları havaya sovrulur. Dövlət müəssisəsinin belə işləməsinə yalnız qəzəblənmək olar. Ölkənin pulları niyə dağıdılsın ki?!

Hər qurum məsuliyyətini hiss etməlidir. “Azəristiliktəchizat”ın mütəxəssisləri işin bütün tərəfləri ilə bağlı hesabat hazırlamalı, buna uyğun davranılmalıdır. İlin daha böyük hissəsi ərzində binaların istiliklə təmin edilməsinə ehtiyac olmur. Yeni mövsümə hazırlıq xüsusi əhəmiyyət daşımalıdır. Açıq səhmdar cəmiyyətinin hədəfləri var, buna çatmaq üçün uyğun addımlar atılmalıdır. Məsələn, qeyd olunmalıdır ki, daha neçə yeni binaya istilik veriləcək. Mal-material statistikası dəqiq olmalıdır. Anbar qalıqları diqqətdən qaçmamalıdır. Biz nə görürük? Yalnız dövlət malının dağıdılmasını. Üstəlik, istiliklə təmin olunan binaların sayı azalır.

Pullar hara gedir? Pulların istisinə kim qızınır?

Bu sualların cavabı çox vacibdir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »