Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülh prosesini kim və niyə tormozlayır?
Sülh prosesini kim və niyə tormozlayır?

ABŞ Senatı Azərbaycana hərbi yardımı qadağan edib. Əksinə Ermənistana siyasi, maliyyə və hərbi yardımı artırır. Bu, Vaşinqtonun Cənubi Qafqazda sülh istəmədiyini bir daha sübut edir.

Bir zaman - Ermənistanın işğalı davm edən müddətdə ABŞ bölgədə müharibə istəmirdi, indi isə sülh istəmir. Çox qəribədir! Ancaq aydındır: ABŞ Ermənistan üzərindən bölgəyə nüfuz etməyə çalışır. Buna görə də Ermənistana müharibə lazım olmayanda müharibənin əleyhinə çıxır, Ermənistana sülh lazım olmayanda sülh prosesini bloklayır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələıləri üzrə köməkçisi Ceyms O'Braynın ABŞ Senatındakı çıxışı da bunu isbat elədi. Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər də bloklanır. Ceyms O'Braynın qadağaya dair şərhi də çox qəribədir: "sülh danışıqlarında inkişaf görməyincə..."

Rəsmi Vaşinqton bir yandan sülh prosesini bloklayır, o biri tərəfdən, sülh prosesindən inkişaf gözləyir. Bu cür ziddiyyətli, heç bir sağlam məntiqə sığmayan "izahat"ın, yəqin ki, tarixdə bənzəri belə yoxdur. Hələ eynisini demirəm.

Bu, eynilə Avropa İttifaqına da aiddir. Aİ bir müddət əvvəl Azərbaycanın əleyhinə olan danışıq formatı və müzakirə predmeti yaratmağa çalışdı (Qrenada, məsələn). Birmənalı Ermənistan yanlısı Fransa danışıqlar prosesinə daxil edildi. Azərbaycan da, təbii olaraq, bu formatda görüşdən imtina etdi. Səbəbi də tam məlumdur: əgər birmənalı olaraq Ermənistanı dəstəkləyən Fransaya vasitəçilik rolu verilə bilirsə, eyni rol Azərbaycanı ən çox dəstəkləyən Türkiyəyə niyə verilməsin?! Başqa sözlə, Aİ egidası altında da vasitəçilik prosesi əgər pozulmayıbsa da, əsaslı zərbə aldı. Rusiyanın vasitəçiliyinə gəlincə, Ermənistan bundan dolayı yolla imtina edir; Rusiyanın egidası altında keçirilən çoxtərəfli tərəfdaşlıq və hətta müzakirə platformalarından kənar durur. Bu da o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi ən yaxşı halda tormozlanır. Təbii ki, Ermənistanın və onun havadarlarının günahı üzündən bunlar baş verir.

Həm də məsələ təkcə sülh danışıqlarında "inkişaf görmək" deyil. Azərbaycanla İran arasındakı məsələlərdə son gəlişmələr də əsas səbəblərdəndir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da görmək olur.

Ermənistan Qərbin təzyiqinə boyun əyərək "Zəngəzur dəhlizi" layihəsinə razılıq vermədi. Bu halda Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana çıxmaq üçün cənub qonşumuzla bir anlaşmaya vardı. Burda yenə Qərb hamını təəccübləndirən mövqe tutdu. Belə ki hələ işğal davam edən dövrdə Avropa İttifaqı, eləcə də, ABŞ özü Ermənistanla nəqliyyat kommunikasiyalarını açmağa, Ermənistanla iqtisadi və sair əlaqələri qurmağa çağırırdı. Bunu istəyirdi, gözləyirdi, hətta israrla tələb edirdi. İndi Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edəndən sonra Aİ və bütövlükdə Qərb öz mövqeyini yüz səksən dərəcədə dəyişib; yolların açılmasına imkan vermir. Kontrasta baxın: dünənə qədər ABŞ, Aİ və İran bir ağızdan "Zəngəzur dəhlizi"nə qarşı çıxırdılar. İndi Azərbaycan İrandan yol açmağa qərar verəndən sonra valı dəyişiblər; "İrandan da keçməsin" deyir.

Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirə biləcək quru yolun keçəcəyi iki ölkə var: biri Ermənistan, o biri İran. Biz: "Ermənistandan keçək" dedik, dedilər ki, olmaz. İrandan Naxçıvana keçəcəyik, buna da deyirlər, olmasın, olmaz. Bu qədər absurd yanaşma olar?! Bunun adı heç "ikili standart" da deyil, standartsız ikiləşmədir. Ermənistanı silahlandırmağın isə adı heç yoxdur. Bu silahlanma kimə qarşıdır?! Azərbaycana qarşıdırsa, 30 il Ermənistanı bu məqsədlə silahlandırmağın uğursuzluğu 44 günlük müharibədə tam aşkar oldu. Bu dəfəki silahlanma da, böyük ölçüdə heç bir nəticə verməyəcək. Qərbin istər Cənubi Qafqazda, istər Şərqi Avropada silahlandırdığı ölkələrin sonradan nə duruma düşdüyü göz qabağındadır. Bununla yanaşı ABŞ hər zaman Azərbaycanın beynəlxalq antiterror koalisiyasındakı iştirakına minnətdarlıq bildirirdi. O zaman Ermənistan Rusiyanın qorxusundan Vaşinqtona tərəf baxmırdı belə. İndi bütün bunlar "unudulub" və O'Brayn Avropa və Avrasiya məsələlərini İrəvanın kaprizlərinə uyğun "həll edir". Bu, ABŞ diplomatiyasının Cənubi Qafqazda Gürcüstandan sonra növbəti dəfə Ermənistanda uduzacağını proqnozlaşdırmağa əsas verir.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »