ABŞ Azərbaycana hərbi yardımları dayandırır. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq. Rəsmi Vaşinqton Bakıya yüksək səviyyəli səfərləri də ləğv edib.
Bu qərar Amerika Azərbaycan münasibətlərinə necə təsir edəcək?
Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın Azərbaycana ciddi bir yardımı heç vaxt olmayıb. Hətta 1992-cı ildə Ermənistan torpaqlarımızı işğal etməsnə baxmayaraq, Azərbaycanı sanki işğalçı kimi qələmə verərək, ABŞ-ın Azərbaycana yardımını dayandıran azadlığa dəstək aktında 907-ci düzəliş qəbul olunmuşdu.
Deputat vurğulayıb ki, bu düzəliş 10 il qüvvədə qalıb. Həmin dövrdə Azərbaycan MDB məkanında ABŞ-dan yardım almayan yeganə dövlət idi. Bu, ABŞ-rəhbərliyinin erməni lobbisinin əlində alət olmasının göstəricisi idi.
“Çünki, Azərbaycana qarşı beynəlxalq hüquqa zidd və ədalətsiz bir addım atılmışdı. İndi ABŞ Azərbaycana qarşı bu ədalətsiz addımı yenidən atmaq istəyir. Yəni, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen qeyd edib ki, ABŞ açıq şəkildə Bakıya bildirib ki, Ermənistanla sülh yolunda irəliləyiş olmayana qədər Azərbaycanla münasibətlər normal olmayacaq və hərbi yardımların dayandıracağı bildirir. Brayenin açıqlaması ona görə ədalətsizdir ki, müzakirə olunan Azərbaycan əraziləridir. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Ermənistanla beynəlxalq hüquqa əsasən sülh müqaviləsinin imzanmasının tərəfdarıdır”-deyə deputat əlavə edib.
Deputat hesab edir ki, Ermənistan Qərb platformasından sui-istifadə etməklə danışqlarda üstünlük qazanmağa və özlərinin çirkin niyyətlərini təsdiq etdirməyə çalışır.
“Həm Qərb, həm də Ermənistan unutmasın ki, bu günki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan dövləti özünün ədalətli mövqeyini müdafiə etmək iqtidarındadır və Ermənistanla sülh müqaviləsinin imzalanmasını beynəlxalq hüquqa söykənməklə həyata keçirilməsini tələb edir. Belə ki, 80-cı illərdə Ermənistandan güc yolu ilə deportasiya olunmuş 250 min azərbaycanlının öz ata yurdlarına qayıtması və Ermənistanın işğalında qalmış anklavlar məsələləri sülh müqaviləsində əks olunmalıdır. Əgər biz davamlı sülhdən danışrıqsa, gələcəkdə təhlükə yarada biləcək hansısa bir məsələ gündəlikdə qalmamalıdır. Ona görə də ölkələrimiz arasında imzalanacaq sülh müqaviləsi beyynəlxalq hüquqa söykənməli və qarşılıqlı hörmət əsasında imzalanmalıdır”-deyə deputat bildirib.
Azər Badamov əlavə edib ki, ABŞ və Qərb Ermənistanın saxta məlumatlarına inanıb, Azərbaycana təzyiq etmək ritorikasından əl çəkməlidir. Çünki sülh müqaviləsini təzyiq yolu ilə imzalatmaq mümkün deyil. Sülh, qarşılıqlı razılaşma əsasında qəbul olunmalıdır. ABŞ və Qərb beynəlxalq hüquqa hörmət edib ədaləti dəstəkləsəydi, BMT-nin qətnamələrinin icra ediməsi üçün 28 ildə Ermənistana bir təzyiq göstərmək metodunu seçərdi. Məhz, Ermənistana “gözündə tükün var” deyilmədiyinə görə torpaqlarımız 30 ildə işğal altında qaldı və yenidən müharibə qaçılmaz oldu.
“Əgər Ermənistana dəstək verib onu silahlandıranlar, beynəlxalq hüquqa hörmətlə yanaşaraq ədalətli mövqe sərgiləsələr, ölkələrimiz arasında sülh müqaviləsi qısa zaman kəsiyində imzalana bilər”-deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info