"Fitch Group"a aid olan "Fitch Solutions” (FS) qarşıdakı on il üzrə Azərbaycan manatının məzənnəsi üzrə proqnozunu açıqlayıb. FS 2027-ci ilə kimi manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırıb. Bununla belə, şirkət 2027-ci ildə manatın məzənnəsinin 1,75 səviyyəsinə, 2028-ci ildən isə 1,80 səviyyəsinə qədər enəcəyini bildirib. Proqnoza görə, USD/AZN məzənnəsi 2033-cü ilə kimi 1,80 səviyyəsində qalacaq. Qeyd edək ki, bundan əvvəl, Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING də manatın məzənnəsinin 2026-cı ilə kimi sabit qalacağını proqnozlaşdırdığını açıqlayıb.
İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təşkilatın verdiyi proqnozda vacib məqam 2027-ci ildən sonrasıdır. Çünki indiyə qədər digər beynəlxalq qurumlar, eləcə də istər İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan, istərsə də Maliyyə Nazirliyinin dərc etdiyi “Ortamüddətli Büdcə Çərçivəsi”ndə əks etdirilən proqnozlar timsalında Azərbaycan hökumətinin də gözləntiləri 2026-cı ilədək dollar qarşısında manatın sabit kursunun davam edəcəyi ilə bağlı olub.
“Bunu da onunla izah etmək olar ki, birincisi uzunmüddətli dövrdən baxdıqda demək olar hər on ildən bir manatda hansısa dəyişiklik müşahidə edirik. Məsələn, müstəqilliyin ilk illəri liberal iqtisadiyyata keçid uğurlu olmadığından manatın da məzənnəsi kor-təbii formalaşırdı, kurs yalnız 1995-ci ildən möhkəmlənməyə başladı. Bu dövrdən başlayayan onillik 2005-ci ildən sonra ölkəyə külli miqdarda neft ixracı gəlirlərinin gəlməsi və manatın denominasiyasına qədər davam etdi. Üçüncü onillik isə 2015-ci ilə qədər davam etməklə, ardıcıl devalivasiyalarla başa çatdı. Yəni bu məntiqlə baxdıqda da, hazırki onilliyin elə 2027-ci ilədək davam edəcəyini ehtimal etmək olar. Bundan başqa, ölkənin ortamüddətli dövr sosial-iqtisadi inkişafını nəzərdə tutan strategiyası da 2022-2026-cı illəri əhatə edir ki, orada da qarşıya qoyulan prioritetlərdən biri kimi məhz bu dövrdə məzənnə rejiminə əsaslanan pul siyasətindən inflyasiya hədəflənməsinə keçidin edilməsi nəzərdə tutulur”-deyə iqtisadçı vurğulayıb.
Pünhan Musayev əlavə edib ki, ancaq, bu faktorlar da hökumətin 2027-ci ildən sonra da manatın kursu ilə bağlı ehtiyatlı davranacağını şübhə altına ala bilməz. Elə “Fitch”-in də 2027-ci ildən sonra qismən dəyişiklik proqnozlaşdırması da buna uyğun gəlir.
“Manatın məzənnəsinə həssas münasibət, qeyd etdiyimiz kimi əsas pul siyasəti rejiminin olması ilə bağlıdır. Bu gün istehlak bazarının əhəmiyyətli hissəsi idxal malları ilə təmin olunur, belə vəziyyətdə də əlbəttə ki, manatın dəyər itirməsi arzuolunan deyil. Digər tərəfdən, 2015-ci ilin devalivasiyaları göstərdi ki, belə qərarların nəticəsi problemli kreditlər kimi xırda, ancaq xeyli zaman və məsrəf tələb edən məsələlərə qədər uzanır. Düzdür, o dövrlə müqayisədə indi xarici valyutada kreditlərin məbləği yarıbayarı azdır, ancaq yenə də fikrimcə, manat/dollar kursu hökumət üçün həm də inam mövzusudur. Bu inam da, hansı ki manatla bağlı edilən çağırışlardan sonra devalivasiyanın baş verməsilə sarsılmışdı”-deyən iqtisadçı bidlirib ki, bu baxımdan, hökumətin manatın məzənnəsilə əlaqədar gələcək addımlarını da ehtiyatla atacağı qənaətinə gələ bilərik.
İradə Cəlil, Bizimyol.info