Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadınları qorumaq üçün qanunu sərtləşdirmək əvəzinə, mövcud qanunu effektiv icra etmək lazımdır"
"Qadınları qorumaq üçün qanunu sərtləşdirmək əvəzinə, mövcud qanunu effektiv icra etmək lazımdır"

“Sürüklənən bəşəriyyət qadınla yüksələcək”-deyirdi Hüseyn Cavid. Amma bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada qadınlar öldürülür, zorakılığa məruz qalır, gender bərabərliyi deyilən hər nədirsə, sadəcə söz olaraq istifadə edilir.

Azərbaycan qadın hüquqlarının qorunması istiqamətində ilk addım atan ölkələrdən olub. Xalq Cümhuriyyəti zamanında qadınlara səs vermə hüququ verilib. Şairlər, yazıçılar, hüquqşünaslar və sənət adamları qadın hüquqlarından təntənəli şəkildə danışarkən qadınlar öldürülüb, zorakılığa məruz qalıb…

Bu gün Azərbaycanda qadınların öldürülməsi, intihar etməsi, itkin düşdükdən uzun bir müddət sonra cansız bədəninin tapılması və s. hallara rast gəlinir. Nə müəmmadırsa, intihar edən qadınları ya psixiki xəstə, ya da əxlaqsız damğası ilə ikinci dəfə "öldürərək", bunu sözün əsl mənasında intihar kimi cəmiyyətə "sırıyırlar". Ya da qadın öldürülürsə, “əxlaqsız idi”, “xəyanət etmişdi” və s. fikirlərlə qadının öldürülməsinə haqq qazandırmağa çalışanlar ortaya çıxır.

Bəs qanunlar? Bəs hüquq mühafizə orqanları? Ölkəmizdə bununla bağlı qanun da var, hüquq mühafizə orqanları da çalışır. Amma məsələnin bir "əmma"sı var. Ailədaxili zorakılıq, məişət zorakılığı və s. "pərdəli" ifadələr ilə bağlı şikayət edən hər bir qadın ailəsi ilə "barışdırılır". Bəs bu barışıq nə ilə nəticələnir? Çox zaman qadınların qətlləri ilə…

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün Azərbaycanda qadın hüquqları bəzən aşırı dərəcədə çox müzakirələrə səbəb olur. Tez-tez bu məsələ diqqətdə saxlanılır və tez-tez gündəmə gətirilir. Hüquqşünasın fikrincə, gündəmdə saxlanılmasının da, müsbət tərəfləri var. Bu müsbət tərəflərdən biri də, bu mövzunun həssaslığının qorunmasıdır.

Hüquqşünas Ramil Süleymanov Ramil Süleymanov

“Bir hüquqşünas olaraq, mən qadın hüquqlarının ayrıca və təklikdə qorunmasının tərəfdarı deyiləm. Mənim üçün daha çox insan hüquqları anlayışı var. Və məsələyə də bu konteksdən yanaşmağı məqsədə daha uyğun hesab edirəm. Qadın hüquqları ayrıca həssas mövzu kimi qeyd olunmaqla yanaşı, sanki insan hüquqlarının kölgəsində qalır. Ümumi insan hüquqları məsələsi, insan hüquqlarının qorunması məsələsi daim gündəmdə saxlanılmalıdır”-deyə hüquqşünas bildirib.

Ramil Süleymanov qeyd edib ki, bu gün təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bir sıra hətta inkişaf etmiş ölkələrində də qadın qətlləri baş verir. Bunun səbəbi nədir?

Ramil Süleymanov əlavə edib ki,  oturuşmuş dəyərlər, qadınların müəyyən bir zamandan sonra iqtisadi azadlığa nail olması, eyni zaman da səmimiyyətsizlik, cütlüklər arasında, özlərinin eqolarını tətmin etmək uğrunda mübarizə sonda daha zərif, daha gücsüz olan bir cinsin qadınların öldürülməsi ilə nəticələnir.

“Bu da təbii ki, xoş deyil. Azərbaycan Respublikasının qanunvericiliyində məişət zorakılığının qarşısını alınması haqqında qanun var. Bu qanuna görə, ölkə üzrə təkcə, fiziki təzyiq deyil, eyni zamanda qadınların psixoloji, iqtisadi və digər basqılara məruz qalması da məişət zorakılığı haqqında qanunda öz əksini tapıb. Bununla bağlı Azərbaycan Respublikasında hüquq mühafizə orqanları kifayət qədər ciddi şəkildə işləməlidirlər. Təəssüf ki, bəzi hallarda, əsasən də regionlarda qadınlar məruz qaldıqları təzyiqlərlə bağlı hüquq mühafizə orqanlarına şikayət etdikləri halda onların şikayətləri daha çox araşdırılmaq əvəzinə, şikayətin maksimal dərəcədə ailələrin "mənafeyi" naminə barışdırma istiqamətində aparılır. Bu da ərindən şikayət edib evindən getmiş qadının, çox keçmədən şikayət etdiyi əri ilə yenidən bir damın altında yaşamağa məcbur qalmasına gətirib çıxarır. Tərəflər arasında münasibət pozulubsa, bu da ciddi sıxıntılara gətirib çıxara bilər”-deyə hüquqşünas vurğulayıb.

Ramil Süleymanovun fikrincə, bunun olmaması üçün hüquq mühafizə orqanları, o, cümlədən icra hakimiyyətləri, qeyri-hökümət təşkilatları ilə mütləq qaydada qarşılıqlı şəkildə işləməlidir. Qeyri-hökümət təşkilatları bir mənalı şəkildə burada əhaliyə müəyyən lahiyələr çərçivəsində öz dəstəklərini verməlidirlər.

“Bu yardımlar daha çox psixoloji yardımlar və hüquqi yardımlar ola bilər. Bu tərəflər arasında elə bir sazişlərin bağlanılması ilə nəticələnə bilər ki, hər kəs öz addımlarında qanunun tələblərinə riayət etməkdə məcbur olsun”-deyən Ramil Süleymanov hesab edir ki, qanun bir çox hallarda hüquqi baxımından qadınların lehinə olur. Hüquqşünas bildirib ki, müəyyən bir zamandan sonra qanunun qadınların lehinə işləmə mexanizmi tamamilə itir. Qadınlar müəyyən inzibati işlərlə bağlı məcburi duruma salınırlar.

“Məsələn; qadın ərizə verir və sonra verdiyi şikayətini geri çəkir. Növbəti mərhələdə onların hüquqları yenidən pozulur. İndiki halda qanunun sərtləşdirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, qanunun daha effektli həyata keçirilməsi və qanunun daha effektiv icrası üçün məhkəmə qurumları, hüquq mühafizə orqanları, o cümlədən icra hakimiyyətləri qarşılıqlı əməkdaşlıq çərçivəsində işləməlidirlər. Qanun pozuntularının statistikası ciddi şəkildə aparılmalı, pozuntunun baş verməsi səbəbləri araşdırılmalı, pozuntunun baş verməsinə səbəb olan hallar aradan qaldırılmalıdır”-deyə Ramil Süleymanov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.

Son xəbərlər
Bütün xəbərlər »