Evimi dağıdanı mənə qarşı yenidən silahlandıranların "hürriyyət səmimiyyəti" haqqında
Daha əvvəl də yazdığım kimi: Qərb siyasi və media dairələri elə bir hava yaradır ki, guya Azərbaycan bu gün-sabah Ermənistana hücum edəcək, ərazisinin bir hissəsini işğal və ilhaq edib oturacaq.
Ən son prezident İlham Əliyev Xankəndidəki paradda çıxışı zamanı açıq və aydın dedi: "Bizə daha müharibə lazım deyil, biz istədiyimizə nail olmuşuq". Daha əvvəl də dəfələrlə demişdi: "Ermənistanın ərazisində gözümüz yoxdur. Heç kimə qarşı ərazi iddiamız yoxdur".
Bunu anlamaq, inanmaq belə çətindir ki?!
Qarabağ və Şərqi Zəngəzur işğal altında olanda prezident Əliyev nə deyirdi?! Xatırlayaq. Deyirdi ki, biz çalışırıq, məsələni sülh yolu ilə həll edək, ancaq bu, sonsuza qədər davam edə bilməz; sülh yolu ilə alınmasa, başqa vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa edəcəyik. "Başqa vasitələr" deyəndə hərbi gücü nəzərdə tuturdu. O zaman da qarşı tərəf vay-şüvən salırdı ki, Azərbaycan Ermənistanı yeni müharibə ilə təhdid edir. Sanki köhnəsini özləri başlatmamışdı! Həmin Qərb də Azərbaycana bunu irad tuturdu (!) Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə çağırmırdı, ancaq işğala məruz qalmış Azərbaycanı hərbi ritorikadan çəkinməyə çağırırdı. Kontrasta baxın, siz Allah!
Necə oldu ki, həmin Ermənistan və onun vəkilliyini edən Qərb dövlətləri və təşkilatları o zaman İlham Əliyevin hərbi ritorikasına inanırdılar, amma indi sülh ritorikasına inanmırlar. Həmin adamdır da. Nə dəyişib ki?! O zaman İlham Əliyev deyirdi, zərurət yaransa, güc tətbiq edəcək. Dediyini etdi və torpaqları işğaldan qurtardı. İndi isə deyir ki, Ermənistanla sülh istəyir, bölgədə əmin-amanlıq və əməkdaşlıq mühiti istəyir. Ermənistana hücum, yaxud ərazi iddiası bunun harasındadır?! Siz deyin. Bəlkə mən təhlil edə bilmirəm.
Göründüyü kimi, Azərbaycan istədiyini, dediyini etdi. Etdiyini də açıq-açıq dedi. Necə dedi?! 2020-ci ildə Bakıda, 2023-cü ildə Xankəndindəki qələbə paradları ilə. Dediyin etməyən Qərbdir ki, BMT Təhlükəsizlik Şurasında səs verib qəbul etdiyi qətnamələri icra etdirmədi. Azərbaycan özü o sənədlərin icrasını təmin etməyə məcbur qaldı. İndi də durub səs-küy qaldırıblar ki, Azərbaycan Ermənistana qoşun yeritsə, "nəticələri ağır olacaq". Hələ əvvəlcə həmin o ABŞ-ın və Fransanın, eləcə də, bəzi başqa ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşeləri işğaldan azad olunmuş ərazilərə getsinlər. Bir zəhmət Şuşaya getsinlər. Yolüstü Ağdama, Füzuliyə, Cəbrayıla baş çəksinlər. Zəngilana, Qubadlıya getsinlər. Laçına, Kəlbəcərə qalxsınlar. Öz gözləri ilə görsünlər ki, Ermənistanın 30 illik işğal rejimi Azərbaycan üçün hansı ağır nəticələr doğurub. Ondan sonra "ağır nəticələr" ədəbiyyatı ilə məşğul olsunlar. Azərbaycanın şəhərləri, kəndləri dağıdılıb, Yer üzündən silinib. Bir milyona yaxın insan onillərlə qaçqın və köçkün vəziyyətdə yaşayıb. Biz haqq etmədiyimiz halda ağır nəticələri yaşamışıq. İllah ki, biri ağır nəticələr yaşamalı isə, o, heç bir halda Azərbaycan deyil.
Həmkarım Vüsal Məmmədovun yığcam və dəqiq ifadə etdiyi kimi, Ermənistan Parisə Sülh Konfransına gedib, ordan silahla qayıdıb.
İndi mən həmin kollektiv Qərbdən soruşuram: bu, necə sülh axtarışıdır ki, dünənki işğalçını yenidən silahlandırırsan?!
Baş nazir Nikol Paşinyan sülhdən danışa-danışa Fransadan yeni silahlar alır. "Səbəb" də göstərir: Azərbaycanda Ermənistan ərazisini "Qərbi Azərbaycan" adlandırırlar. Kim adlandırır?! Azərbaycan dövləti?! Xeyr! Cəmiyyət belə adlandırır. Eləcə də, İranın şimalını cəmiyyətimizdə "Güney Azərbaycan" adlandırırlar. Gürcüstan dövlətinin "Kvemo-Kartli" dediyi ərazilərə camaat "Borçalı" deyir. Bu, ərazi iddiasıdır?! Bunun dövlətə nə dəxli var?! Ona qalsa, Ermənistan Azərbaycan ərazilərinin tamamını "Böyük Ermənistan" adlı xülya-xəritələrə daxil edib. Özləri Türkiyənin şimal-şərq əyalətlərinə "Qərbi Ermənistan" deyir. Həm də bunu Konstitusiyasına daxil edib, Ermənistan. Öz dövlət gerbində Türkiyəni ərazisindəki Ağrı dağını təsvirini yerləşdirib. Necə olur ki, Ermənistan ABŞ-ın, Fransanın, Almaniyanın və başqa onlarla Avropa dövlətinin öz bölgəsində NATO üzrə ən vacib müttəfiqi olan Türkiyəyə dövlət səviyyəsində, Konstitusiyada təsbit ərazi iddiası irəli sürəndə bu, Qərbi narahat etmir, "ağır nəticələr" doğurmur, amma Azərbaycanda ədəbiyyat, mədəniyyət platformalarında, ictimai hərəkat müstəvisində "Qərbi Azərbaycan" ifadəsini eşidən kimi o Qərb Ermənistanı tezbazar silahlandırır?! Nə işmiş?!
Bax, bu səbəbdən Qərb dövlətlərinin və təşkilatlarının bütün dünyada, o cümlədən, Azərbaycanda "demokratiya" və "insan haqları" haqda çağırışlarının və bəyanatlarının səmimiyyətinə inanmıram artıq. Kim inanır, özü bilər. Mən daha inana bilmirəm. O Qərb mənim sülh istəyimə inanmırsa, mən onun müharibə istəmədiyinə nə deyib inanım axı?!
...Mənim doğulduğum, böyüdüyüm evimi dağıtmış, ailəmi öz torpağından didərgin salmış Ermənistanı yenidən mənə qarşı silahlandıran zehniyyətə niyə və necə inanım?!
Demokratiya gətirəcəkmiş! Yox bir, dəvə...
Bahəddin Həzi, Bizimyol.info