44 günlük müharibə Ermənistana baha başa gəldi. Ermənistan böyük itkilər verərək, geri çəkildi. 30 il işğal altında qalmış torpaqlarda mədəni soyqırım, ekoloji soyqırım həyata keçirilmişdi. Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa yox olmaq üzrə idi. Ermənistan bu ərazilərin məhv olması üçün 30 il müddətində çalışmışdı. Mədəniyyətimizin son dərəcə əhəmiyyətli nümunələri, evlərimizdə, məscidlərimizdə, məktəblərimizdə bizim mədəniyyəti təmsil edən hər şeyi məhv etmişdilər. Hər şeyi İrandan gələn tacirlərə satmışdılar.
Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ermənilər zəbt etdikləri ərazilərdə qapıları, pəncərələri, pəncərə eşiklərini, xalçaları... - qısası, hər şeyi satıblar. Heç nə qalmayıb.
"30 illik işğal dövründə torpağı və yerin səthini vəhşicəsinə talayıblar. Kəlbəcərdə, Ağdərədə çox dəyərli mədən yataqları var idi, onları talayıblar. Bütün Qarabağı hərbi bölgəyə çeviriblər. Hər tərəfi minalayıblar. Bu minaların təmizlənməsi çox çətindir. 44 günlük müharibədən sonra mina təmizləmə işlərinə başlanıldı. Bu işlər zamanı da itkilər verildi. Jurnalistlər başda olmaqla, bölgəyə gələnlər arasında da şəhidlər oldu”-deyə Abdullah Ağar əlavə edib.
Hərbi ekspertin sözlərinə görə, həmin ərazilərin vətəndaşlara açıla bilməsi üçün, 11800km²-lik ərazinin addım-addım təmizlənməsi lazımdır. Ermənistanın əlində bəzi minalanmış ərazilərin xəritəsi var. Amma, bunları verməyi fikirləşmir.
“Bir də minaların bir özəlliyi var ki, ərazinin hərəkətliliyinə görə, torpaqda gəzə bilir. Minanın xəritəsi olsa belə, baxdığınız zaman tam yerində olmaya bilər. Çətin bir işdir. Amma buna baxmayaraq, Azərbaycan dövləti 44 günlük müharibədən sonra bu işə girdi”-deyə Abdullah Ağar əlavə edib.
Ekspert qeyd edib ki, hazırda infrastrukturla bağlı çox böyük səylər var. İlk növbədə, infrastrukturun qurulması lazımdır. Yollar, elektrik xətti, su xətti, qaz xətti, telefon xətti, kanalizasiya xətləri, su anbarları, tunellər, körpülər salınmalıdır. Bunların hamısı çətin işlərdir.
“Həmin ərazilərdə heç nə qalmayıb. Bizə məxsus olan hər şeyi məhv ediblər. Dostlarımız danışır, ac qalanda turşularını və mürəbbələrini yedik, amma, şərabları içə bilmədik. Bilirsiniz ki, Qarabağın üzümləri məşhurdur. Parisdəki lüks restoranlara bir şüşəsi 2000 avrodan başlayan qiymətlərlə satırlar.
Burada əvvəlcə infrastruktur, sonra da yüksək səviyyəli tikililər tikilməlidir. Asan olmayacaq, amma böyük zəhmət, böyük mübarizə var. Zəfər yolunun çox özəl bir hekayəsi var. Hazırda oradan böyük bir yol keçir. Əvvəlcə Qırmızı Bazardan, Şuşaya, Xankəndinə yol salınacaq. Çünki, Zəfər yolu "məcburiyyət" yolu idi. Müharibə zamanı Qırmızı Bazara çox təzyiq göstərdik. Qırmızı bazarı məhkumiyyətdən xilas etdik. Xankəndi, Xocavəndlə birlikdə burdan yol salınacaq. Mədəni baxımdan Şuşa Türk dünyasının fəxri olacaq.
Azərbaycan coğrafi baxımdan çox kiçik ölkə olsa da, yeraltı sərvətlərə və çox güclü təşəbbüslərə malik ölkədir. Qarabağ çox vacib bir ərazidir, mədən yataqları çox zəngindir. Bu mövzuda tədqiqatlar çox aparılmayıb. Qızıl, mis,neft, uran, sink kimi son dərəcə vacib rezervlər var. Ermənistan Kəlbəcər və Zəngilan bölgəsində milyardlarla dollar dəyərində sərvətimizi oğurladı”-deyə Abdullah Ağar əlavə edib.
Türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağarın Qarabağ və İsrail-Həmas müharibəsi ilə bağlı xüsusi müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info