İndiyə qədər yüzlərlə maliyyə piramidası insanlara zərər vurub. Bir neçə ay fəaliyyət göstərən şəbəkə biznesi sonra qəfildən yoxa çıxır. Məlum olur ki, insanlar heç bir əziyyət çəkmədən hər ay yaxşı qazanacağına inanıb, bir qrup şəxsə böyük məbləğlər etibar ediblər. Zaman keçir, səhnəyə yeni maliyyə piramidası çıxır. Lakin "gözü çıxan qardaş"ından dərs çıxaran olmur. Yenə aldadanlar və aldananlar olur.
Bizimyol.info xəbər verir ki, hələ yazda “Instapower” adlı şəbəkənin insanların milyonlarını yediyini üzə çıxmışdı. Bunu təşkil edənlər xüsusi strategiya düşünməmişdilər, ənənəvi üsullara müraciət olunmuşdu. Şəbəkəyə daxil olan şəxs bura tanışlarını cəlb etmişdi. Piramidanın üst hissəsində yer alan sıravi adamlar bir müddət pul qazanmışdı. “Aşağıdakılar” isə qısa zamanda böyük pullar itirmişdilər.
Deyilənə görə, “Instapower” insanlara 6 milyon manat civarında zərər vurmuşdu. Bundan sonra səhnəyə yenə maliyyə piramidaları çıxıb. Məsələn, mayda “Oilapp” müştəri toplamağa başlamışdı. Guya investisiya qoyursan, əziyyət çəkmədən böyük qazanc götürürsən. Hələ ki, bunun səsi çıxmayıb. Amma “Pazfarm”ın təsisçilərinin böyük pullarla yoxa çıxdığı dəqiqdir. Neçə gündür, sosial platformalarda bu şəbəkənin dələduzluğu müzakirə olunur. “Pazfarm” bir az fərqli davranıb. İnsanlara virtual formada tərəvəz məhsulları, taxıl əkmək təklif olunub. Vəsaitlər kriptovalyuta şəklində ödənilib. Təsisçilər hər şeyi dəqiq düşünüblər. Elə bir mexanizm təklif ediblər ki, pulları geri almaq mümkün olmasın.
Hüquq-mühafizə orqanlarına müraciət edənlərin sayı-hesabı yoxdur. Türkiyədə məhz “Pazfarm”ın üsulundan istifadə edən şəxs müştərilərin milyonlarla dollarını ələ keçirmişdi. Mehmet Aydın 2016-cı ildə şəbəkəni yaradanda insanlara onlayn şəkildə torpaq sahəsi alıb heyvandarlıqla məşğul olmağı təklif etmişdi. Ümumilikdə, 511 milyon lirə mənimsənilmişdi. Yəni söhbət milyonlarla dollardan gedirdi. Mehmet Aydın şəbəkə yaranandan təxminən ilyarım sonra Uruqvaya qaçmışdı. Minlərlə insan onu dünyanın hər yerində axtarırdı. Mehmet Aydın 2021-ci ilin yayında gizlənməyin mənasız olduğunu anladığından, Türkiyənin Braziliyadakı səfirliyinə gəlib könüllü təslim olmuşdu. Şəbəkə biznesinin yaradıcısı cinayət məsuliyyətinə cəlb edilib. Milyonların taleyi isə açıq qalıb.
İndi orta əsrlər deyil, az qala hamının evində internet var. İnsanların belə sadəlövh davranması qəribə görünür. Onsuz da ölkədə dolanışıq şərtləri yaxşı deyil. Bir tərəfdən də dələduzlar sadə adamların pullarına sahib çıxır. Buna kədərlənməmək mümkünsüzdür.
Aytən, Bizimyol.info