Beynəlxalq Bankdan müxtəlif adamların adına kredit götürüb qaytarmamaq yoluyla 6 milyon 600 min manat mənimsəməkdə ittiham olunan keçmiş deputat Dünyamin Xəlilov və “Bakı Fındıq Emalı” zavodunun rəhbəri olmuş Azad Cavadovun məhkəməsi davam edir. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.
Bizimyol.info xəbər verir ki, bu cinayət işi üzrə Cahangir Hacıyev də bu cinayət işi üzrə şahid qismində tanınıb. Çünki ittihama görə, Azad Cavadov və Dünyamin Xəlilov Cahangir Hacıyevlə dostluq münasibəti sayəsində onun rəhbərliyi dövründə Beynəlxalq Bankdan milyonlarla kredit götürüb mənimsəyiblər. Lakin Cahangir Hacıyev məhkəməyə ərizə göndərərək, səhhətindəki problemlərlə əlaqədar gələ bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Onun istintaqdakı ifadəsi elan olunub. Cahangir Hacıyev istintaqa ifadəsində bildirib ki, 2015-ci il dekabrın 4-dən həbsdədir. Beynəlxalq Bank işi üzrə iki dəfə məhkum edilib. Birinci dəfə 2016-cı ildə 15 il cəza verilib. İkinci dəfə 2019-cu ildə cəzası 16 il 3 aya qədər artırılıb. Lakin özünü təqsirli bilmir. O, ifadəsində göstərib ki, rəhbərliyi dövründə Beynəlxalq Bankdan müxtəlif adamların adına böyük məbləğdə kreditlər ayrılıb. Onun sözlərinə görə, həmin kreditlər mənimsənilməyib, müxtəlif layihələrə yönləndirilib – müəssisələr açılıb. Nəzərdə tutulub ki, 8 il ərzində həmin müəssisələrdən gələn gəlirlər hesabına kreditlər ödəniləcək: “2015-ci ildə “Aqrarkredit” QSC yaradılandan sonra həmin müəssisələr də bu qurumun balansına keçdi. Ona görə də həmin kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.
Cahangir Hacıyev 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri olub. O, 2015-ci ilin aprelində bankın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. “Aqrarkredit” QSC 2015-ci ilin yayında Beynəlxalq Bankın problemli kreditlərinin həlli məqsədilə prezident fərmanıyla yaradılıb. Dünyamin Xəlilov və Azad Cavadovun məhkəməsində Beynəlxalq Bank da zərərçəkmiş qismində tanınıb.
Noyabrın 13-də məhkəmədə bankın nümayəndəsi bildirib ki, 6.6 milyon manat ziyan məsələsilə razı deyillər. Onlar hesab edir ki, Xəlilov və Cavadova qarşı ittihamda dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır. “Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edir. Nümayəndə bildirib ki, “Aqrarkredit” Beynəlxalq Bankın problemli kreditlərini ödəyib. Ona görə də bundan sonra ödəniləcək vəsait “Aqrarkredit”ə çatmalıdır. “Aqrarkredit”in nümayəndəsi də ittihamda dəymiş ziyanın məbləğinin 6 milyon 600 min yox, 17 milyon 765 min göstərilməsini istəyir. Lakin prokuror Eldar Həmzəyev bildirib ki, məhkəmə daxil olmuş ittiham çərçivəsində işə baxır. İttihamın ağırlaşdırılması – ziyanın məbləğinin artırılması üçün iş yenidən istintaqa qaytarılmalıdır. Əgər zərərçəkmiş tərəf bunu istəyirsə, o zaman məhkəmədə işin istintaqa qaytarılması barədə vəsatət qaldırmalıdır.
Noyabrın 13-də məhkəmədə bir sıra şahidlər dindirilib. Onların arasında Cahangir Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev də vardı. O, ifadəsində bildirib ki, bankın Suraxanı filialından adına kredit ayrılıb. Bu barədə sənədləri imzalasa da, pulu almayıb: “Bildiyimə görə, o kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı...”
Keçmiş deputat Dünyamin Xəlilovun rəhbərlik etdiyi “İntertekstil” fabrikində fəhlə işləmiş Abuzər Əliyev məhkəmədə bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib: “2010-cu ildə bir həftə idi ki, işləyirdim. Mənə dedilər ki, pasportunu götür, get, sənədlərə qol çəkəcəksən. Şəxsiyyət vəsiqəm üstümdə deyildi, evdən götürüb getdim. Heç kreditə qol çəkdiyimi bilməmişəm. 2015-ci ildə özüm üçün kredit götürmüşdüm, ona vaxtında ödədim. Sonradan xəstə uşağımı Gürcüstana aparanda sərhəddə saxladılar. Məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada bildim ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib. Atam fabrikin müdiri Şakir Musayevin yanına gedib onda. Atama demişdilər ki, Dünyamin Xəlilov zəng eləyib, buraxacaqlar. Dünyamin müəllim arada fabrikə gəlib-gedirdi”.
Digər şahidlərdən Alisa Klimenko bildirib ki, onun adına 186 min kredit rəsmiləşdirilib: “Mən 300 manat maaş alırdım. Bu maaşla mənə heç 1000 manat kredit verməzdilər. Özləri tapşırmışdılar, mən də gedib qol çəkmişdim. Amma mən o pulu görməmişəm, götürməmişəm...”
Dünyamin Xəlilov və Azad Cavadovun məhkəməsi dekabrın 4-də davam edəcək. Onlara Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsilə ittiham verilib. Dünyamin Xəlilov 2015-ci ildən həbsdədir. Bundan əvvəl Beynəlxalq Bank işi üzrə iki dəfə mühakimə olunub. Ona sonuncu dəfə 2019-cu ildə Cahangir Hacıyevlə birlikdə mühakimə olunarkən 14 il 6 ay həbs cəzası verilib. Azad Cavadov da hazırda ikinci dəfədir ki, Beynəlxalq Bank işi üzrə mühakimə olunur. O, 2016-cı ildə Cahangir Hacıyevlə birlikdə məhkəmə qarşısına çıxarılıb. O zaman Azad Cavadova 10 il 6 ay həbs cəzası kəsilmişdi. Lakin onların heç biri özünü təqsirli saymır, mənimsəmə ittihamıyla razılaşmırlar.
Aytən, Bizimyol.info