Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya üçün... Zəfər günü
Dünya üçün... Zəfər günü

Bu günlər bir-birinin ardınca iki müqəddəs bayram yaşadıq. Biri Zəfər günü, o biri isə Bayraq günü idi. İki gündən sonra isə Konstitusiya günü olacaq. Hər üçü, bəli, dövlət bayramıdır. Hər üçü eyni zamanda millətin bayramıdır.

Əslində bu günlər bir-birinin həm səbəbi, həm də nəticəsidir; bir-birini doğurub, bir-birindən doğub.

Dövlətin varsa, Konstitusiyan var, bayrağın var və yaxud əksinə. Zəfər günü isə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin simvol tarixidir. Əgər müstəqil dövlətsənsə, Konstitusiyan varsa, dövlətin bütün ərazisində sənin Konstitusiya quruluşun bərqərar olmalıdır. Bayrağın varsa, o bayraq sənin bütün ərazisində - bütün şəhər və kəndlərində, bütün ucalıqlarında dalğalanmalıdır, elə deyilmi?! Əks halda hər zaman yarım qalarsan.

Zəfər günü də, bayraq günü də, Konstitusiya günü də bunları simvolizə edir.

44 günlük müharibə nəticəsində Qarabağın və Şərqi Zəngəzurun, azad edilməsi, Şuşanın fəthi, eləcə də, cəmi bir günlük lokal antiterror tədbirləri ilə Xankəndinin, Ağdərənin, Xocavəndin, Xocalının Əskəranın dövlət suverenliyimiz altına qaytarılması... bunlar, əslində, çox nəhəng tarixi hadisələrdir.

Biz bir az kənara çəkilib özümüzə qıraqdan baxa bilsək, görəcəyik ki, çox böyük tarixi zəfər qazanmışıq. Proseslərin içində, hadisələrin bu və ya başqa formada iştirakçısı olduğumuza görə hələ də bəlkə bəzilərimiz qazanılmış tarixi uğurları adekvat dəyərləndirə bilmirik.

Xankəndidə parad! Bu, bilirsiniz, nə deməkdir?! Bu, bizim əsl millət və milli dövlət olduğumuzun təsdiqidir, sübutudur. Dosta da, düşmənə də millət olaraq qeyrətimizin, dövlət olaraq qüdrətimizin bir daha isbatıdır.

Bu zəfərin əsl dəyərini ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndidəki paradda çıxışı zamanı çox yığcam, ancaq elə bir o qədər də dolğun şəkildə ifadə etdi. Cəmi 3 punktla. O, dedi ki, Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda beynəlxalq hüquq prinsiplərini bərpa etdi, tarixi ədaləti bərpa etdi, milli ləyaqəti bərpa etdi.

Bilirsiniz, beynəlxalq hüquq prinsiplərini qəbul etmək hələ hər şey demək deyil. Başlıcası, bu beynəlxalq hüquq prinsiplərini tətbiq etməkdir. Hər siyasi qərar öz siyasi nəticələri ilə qiymətlidir. Hər bir hüquqi norma da öz hüquqi nəticələrinə görə dəyərlidir.

Dünyanın, Avropa qitəsinin dövlətləri toplaşaraq müxtəlif konvensiyalar, beynəlxalq birgəyaşayış normaları, bir sözlə, çoxtərəfli beynəlxalq müqavilələr və aktlar qəbul ediblər, imzalayıblar. O sənədlərin çoxu Azərbaycan müstəqil dövlət olmadığı zaman - beynəlxalq hüququn subyekti olmadığı tarixi keçmişdə qəbul edilib. Ancaq o sənədləri qəbul edən dövlətlərin çoxu, icrası üçün yaradılan beynəlxalq təşkilatlar bu norma və prinsipləri özlərinə lazım olanda, maraqlarına uyğun gələndə yada salırdılar. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsinə gələndə, qəsdən və çox "dərindən" "unudurdular". Azərbaycan son üç il ərzində bu beynəlxalq norma və prinsipləri nəinki həmin ünvanlara - böyük dövlətlərə, təşkilatlara xatırlatdı, həm də beynəlxalq hüququ real olaraq necə tətbiq etmək lazım gəldiyinə dair "ustad dərsi" keçdi.

Azərbaycan 30 il ərzində öz coğrafi mövqeyinin təbii üstünlüklərindən tutmuş iqtisadi potensialına qədər, siyasi-diplomatik imkanlarından tutmuş insan ehtiyatlarına qədər, hüquqi aspektdən tutmuş mədəni-mənəvi zənginliklərə qədər bütün resurslarını elə ağıllı, metodik olaraq ustalıqla əlaqələndirdi, elə bir Silahlı Qüvvələr modeli yaratdı ki, Qarabağda, Şərqi Zəngəzurda qələbə qazanmaqdan başqa "çarə qalmadı". Bu siyasi-hərbi güc, düşmənə kapitulyasiyadan başqa şans buraxmadı.

Prezident deyir ki, biz milli ləyaqəti bərpa etdik. Bu, tamamilə doğru fikirdir. Bu, həm də o anlamı ifadə edir ki, biz düşmənə ləyaqətlə uduzmaq şansını da dəfələrlə verdik. Təəssüf ki, Ermənistan dövlət olaraq bu şansdan istifadə etmək istəmədi.

Prezident İlham Əliyev illərlə, hətta onillərlə belə bir pozitiv narrativi dəfələrlə təkrar etdi: "Erməni əsgəri ölmək istəmirsə, bizim ərazimizdən çıxıb getsin". Elə 44 günlük müharibə başlayandan sonra da - Azərbaycanın açıq hərbi üstünlük göstərdiyi anlarda belə prezident dəfələrlə öz çıxışlarında, müsahibələrində, müraciətlərində həmin çağırışı etdi. Dedi ki, rəqib silahı yerə qoyub ölkəmizi tərk etsin, biz dərhal hərbi əməliyyatları dayandıraq. O, dövlət rəhbəri və Ali Baş Komandan olaraq, insan itkilərinin mümkün qədər az olmasını, hətta olmamasını istəyirdi. Həm də təkcə Azərbaycan tərəfdən yox, qarşı tərəfdən də itki olmasını istəmirdi.

Məşhur deyim var: "Müharibədə əsgərlər müxtəlif şəkildə ölür, ancaq bütün analar eyni cür ağlayır". Azərbaycan bu müharibədə təkcə yuxarıda sadaladıqlarımızın deyil, həm də humanizmin dərsini keçdi. Bütün dünyaya...

Cəmi 29 illik dövlət olasan, işğal altında olan 17 min kvadrat kilometrdən çox ərazidə, həm də məskun arealda hərbi əməliyyatlar, eləcə də, lokal antiterror tədbirləri keçirəsən, bir nəfər belə olsun, mülki şəxsin burnu da qanamaya! Bundan böyük dərs necə olur?! Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın özündən başlamış sıra nəfərinə qədər eyni vaxtda həm cəsarət, həm məharət, həm ədalət, həm də ləyaqət göstərdi; bunları bir-birindən ayırmadan və bir-birini tamamlayacaq tərzdə tətbiq edərək əyani, həm də tarixi nümunə yaratmış oldu.

Biz dünyanın başqa nöqtələrində yaşanmış və yaşanan müharibə cinayətlərini, mülki əhalinin bombalanmasını, minlərlə körpənin, uşağın öldürüldüyünü, təəssüf ki, görmüşük və çox əfsus ki bu gün də görürük. Biz şahidi oluruq ki, böyük-böyük dövlətlər antiterror adı altında özləri daha amansız terror aktları törədirlər. Azərbaycan isə bunun əksini göstərdi.

Hətta 30 ildən çox bir müddətdə Azərbaycana qarşı işğalçılıqda, terrorçuluqda, qətliamda iştirak etmiş düşmən əsgərlərinə belə aman verdik; imkan yaratdıq ki, silahlarını yerə qoyub bizim ölkəni tərk etsinlər. Bunu böyük dövlətlər də, büün dünya da gördü.

Azərbaycan müharibənin də yüksək etikasını, mənəvi kriterini yaratdı və bütün Planetə örnək olaraq təqdim etdi. Əslində bu, təkcə yeni nəsil texnologiyanın deyil, təkcə ən müasir silahların deyil, həm də insani duyğuların qələbəsi idi. O yüksək dəqiqlikli silahları biz başqalarından almışdıq. İndi həmin o başqaları "öz müharibəsində" mülki əhalini, xəstəxanaları belə yüksək dəqiqliklə vuranda Azərbaycanın necə bir dövlət, necə xalq, necə bir ölkə olduğu, necə bir inanılmaz hərb mədəniyyti yaratdığı daha aydın görünür.

Bəli, biz heç bir şişirtmə olmadan deyə bilərik ki, Qarabağda və Şərqi Zəngəzurda təkcə Azərbaycan deyil, bütün bəşəriyyət zəfər qazandı. Azərbaycan öz qələbəsini bütün Dünyaya həsr etdi. Əlbəttə, Dünya bu yaxşılığı unutmasa...

P.S. Bir gerçək də var: Qarabağ, Şərqi Zəngəzur

təkcə Azərbaycanda yaşayanların torpağı deyil, bütün dünyada yaşayan soydaşlarımızın da torpağıdır. Odur ki, Qarabağı və Şərqi Zəngəzuru azad etməklə ölkənin Prezidenti, bütün Silahlı Qüvvələrimiz, sadəcə, öz ölkəsinin coğrafi bütövlüyünü bərpa etmədi, həm də millətin mənəvi ərazisini özünə qaytarmış, hətta genişləndirmiş oldu. Bundan böyük tarixi xidmət varmı?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »