Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir Zəngəzur söhbəti
Daha bir Zəngəzur söhbəti

Prezidentin köməkçisindən kim və niyə narazı qaldı?!

Hikmət Hacıyevin "Politico" nəşrinə müsahibəsindəki bəzi fikirlərini hakimiyyətin siyasi opponentləri tənqid edirlər.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri həmin müsahibədə deyib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə, bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. O, həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarını yaxşılaşdırmaq və yüklərin asan daşınması istiqamətində addımlar atılır. Bu məqsədlə İran İslam Respublikası ilə razılıq əldə olunub.

Ən çox tənqidə məruz qalan məhz bu açıqlamalardır. Tənqidçilər deyir: "Hikmət Hacıyev Zəngəzur dəhlizinin artıq cəlbedici olmadığını deyib və nəqliyyat dəhlizinin İran ərazisindən keçəcəyini bildirib. Bu, Zəngəzur dəhlizindən imtina etmək deməkdir".

Mən Hikmət Hacıyevin fikirlərini, həm də onun haqqında tənqidi rəyləri diqqətlə oxudum və belə qənaətə gəldim: tənqidçilər, əslində, Prezidentin köməkçisinin sözlərini kontekstdən çıxarılmış formada tənqid edirlər. Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəlikdən çıxdığını deməyib. Bu məsələnin hələ də masada olduğunu söyləyib. Bundan əlavə o, Zəngəzur dəhlizinin Azərbaycan üçün cəlbediciliyini itirməsinin səbəbini də vurğulayıb: Azərbaycanla Ermənistan razılığa gələ bilmədiyinə görə. Kontekst budur. Çıxan nəticə də məlumdur: Prezidentin köməkçisi demək istəyib (və deyib) ki, biz Azərbaycan olaraq, Zəngəzur dəhlizi məsələsini gündəlikdən çıxarmamışıq, masadan qaldırmamışıq, sadəcə, Ermənistan razılıq vermir. Ermənistana lazım deyilsə, bizə də lazım deyil. Nə zaman Ermənistan bu haqda öhdəliyinə əməl etsə, biz hazırıq. Hətta: "Bizim Ermənistana ərazi iddiamız yoxdur" cümləsini də qurub. Yəni Azərbaycan "Zəngəzur dəhlizi" deyəndə Ermənistandan torpaq qoparmaq niyyətində deyil, sadəcə, Ermənistan ərazisindən keçməklə Naxçıvanla nəqliyyat əlaqəsi qurmaq istəyir. Burda tənqid olunası nə var?! Əgər kimsə tənqid etmək istəyirsə, Ermənistanı tənqid etsin, Azərbaycanı yox. Zəngəzur dəhlizinə razılıq verməyən tərəf qalıb o tərəfdə, özümüz özümüzü tənqid edirik. O cümlədən, Hikmət Hacıyevin Naxçıvanla əlaqənin İran üzərindən qurulması haqda dedikləri də etiraz doğurur.

Bunun siyasi tərəflərini anlamaq olar; İranın Azərbaycana qarşı bəzi hallarda, ya da elə hər zaman açıq düşmənçilik mövqeyi sərgiləməsinə görədir bu protest. Ancaq məsələ bundadır ki, Qarabağ və Şərqi Zəngəzur işğal altında olanda da Azərbaycanın əsas ərazisindən Naxçıvana sərnişinlər və yüklər İran üzərindən daşınıb, elə indi də daşınır. İndiki yolla Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən avtomobillər İran ərazisindən daha uzun məsafə qət edir. Zəngilandan İran ərazisinə keçəcək və Naxçıvana qədər davam edəcək yol isə daha qısadır. Yaxşı, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı qərar vermirsə, rəsmi İrəvan buna cəsarət etmirsə, hansısa kənar güclərin diqtəsilə bu proyektə qoşulmaq fikrindən daşınırsa, ya planını sonraya saxlayırsa, biz də İran ərazisindən keçən quru və dəmiryolu əlaqəsi qurmuruqsa, bəs Naxçıvana və əksinə istiqamətdə yükləri hardan, necə daşıyaq?! İndiyə qədər Naxçıvana yüklər İrandan getmirdi ki?! Həm də axı bu, Ermənistanın mövqeyinə təzyiq kimi də məna daşıyır: istəmir-istəməsin, bizim alternativimiz var. Üstəlik bu, Tehranın mövqeyini neytrallaşdırmağa, onu ən azı bu məsələdə Ermənisrandan ayırmağa yönəlmiş bir addım kimi düşünün. Burda yanlış olan nə var ki, tənqid edilir?! İran Zəngəzuru özünün "qırmızı xətti" adlandırır, biz də onun ərazisinə Zəngilandan keçid alaraq, İranla açıq qarşıdurmadan yan keçirik. Üstəlik İranı "3+3" formatına çəkirik. Nədir burda pis olan?!

Hə, "Zəngəzur dəhlizi" ifadəsini, ümumiyyətlə, yanlış sayanlar da var. Bu söz birləşməsi üzərindən Azərbaycan tənqid olunur. Təbii ki, Ermənistanda, İranda və təəssüf ki, Azərbaycanın müəyyən dairələrindən bu cür tənqidi hücumlar müşahidə olunur. Çox qəribədir: Zəngəzur dəhlizinin baş tutmamasına Azərbaycandakı Amerikaçılarla İrançılar eyni vaxtda sevinir. Eyni zamanda buna görə Azərbaycanı həm Amerikaçılar, həm İrançılar xorla tənqid edir. Bir yandan deyirlər ki, Rusiya "Zəngəzur dəhlizi" proyekti üzərindən Azərbaycanı Ermənistanla sərhəd müharibəsinə təhrik edəcək; guya bu gün-sabah Azərbaycan Ermənistana hücum edib Zəngəzuru özünə qatacaq, o biri yandan da coşurlar ki, Azərbaycan niyə Zəngəzur dəhlizindən İranın xeyrinə imtina edir?! Azərbaycan onda nə etsin?!

İkincisi, axı "Zəngəzur dəhlizi" dediyimiz hələlik söz birləşməsidir, yol birləşməsi deyil; hələlik reallaşmayıb. Həm də reallaşmamağı bizim günahımız deyil. Ermənistanın günahlarına görə də Azərbaycanı ittiham etmək lazım bilinibsə, o, başqa bir məsələ.

"Zəngəzur dəhlizi" sözünün özünə etiraz edənlərə gəlincə, bu, ümumiyyətlə, nonsensdir. Azərbaycan bu layihəni belə adlandırıb, Ermənistan başqa nə cür adlandırır-adlandırsın. Durumu izah etmək üçün olaya tərsdən baxaq: Uzaq Şərqdə Cənubi Çin dənizi var. Həmin dəniz Çinlə yanaşı Filippin, Bruney, Vyetnam, Malayziya, İndoneziya, Tayvan sahillərini də yuyur. İndi dənizin adı belədir deyə Çin: "Bu, təkcə mənim dənizimdir" desin?! Yoxsa adında "Çin" sözü var deyə, Vyetnam, ya da Tayvan dənizin onlara aid hissəsindən imtina etsin?!

Çoxlu yanlış izahlar, demoqogiya var ortada. İrəvan, eləcə də, Tehran "Zəngəzur dəhlizi" söz birləşməsinə və ümumilikdə bu proyektə sərhədlərin dəyişdirilməsi, az qala Ermənistanın ərazisinə təcavüz kimi təqdim edir. Mən də sual verirəm: bölgəyə zərrəcə dəxli olmayan Hindistan gəlib həmin Zəngəzurdan keçib Gürcüstana gedəndə Ermənistanın ərazi bütövlüyü pozulmur, İranın "qırmızı xətti" keçilmir, bölgənin iki ən mühüm dövləti - Azərbaycan və Türkiyəni əlaqələndirən yol hər şeyi vurub dağıdacaq?! Bu cür məntiqsiz yanaşma olar?! Eyni məntiqsizlik Hikmət Hacıyevin son açıqlamasına münasibətdə də sərgilənir.

Başa düşürəm, hökuməti bəyənməmək olar, müxalif olmaq olar. Hökumətin qərarlarına şübhə etmək, ictimai təftiş, tənqid etmək olar və hətta bu, lazımdır. Doğru olanı yanlış kimi şərh etmək doğruya qarşı edilmiş ən ağır yanlışdır. Azərbaycan ən yüksək səviyyədə ölkə prezidentinin dilindən və eləcə də, bütün başqa rəsmi səviyyələrdə dəfələrlə deyib, yenə də deyir ki, Ermənistanın və ümumiyyətlə, heç bir ölkənin torpağında gözümüz yoxdur, buna baxmayaraq, yenə də öz içimizdən: "Azərbaycan Zəngəzura qoşun yeridəcək" deyə həyəcanlı məqsədlərlə səslər eşidilir.

Bəli, Azərbaycanla Ermənistan arasında təkrar müharibə istəyənlər, bu vəsilə ilə bölgəyə soxulmağa çalışan, ya da bölgədə qalmaq üçün dirənən xarici güclər var. ABŞ dövlət katibi Entoni Blinkenin adından: "Azərbaycan tezliklə Zəngəzura hücum edəcək" kimi bəyanatın yayılıb sonra pozulması da az şey demir. Ancaq belə bir müharibə Azərbaycana lazım deyil. Heç Ermənistana da lazım deyil. "Azərbaycan Zəngəzura hücum edəcək" deyənlər Ermənistanı silahlandırmaq, Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək istəyən dövlətlərin işinə yarayır. Bir də xaricdən daha çox siyasi və maliyyə dəstəyi qoparmağa çalışan Sorosçu Paşinyanı qane edir. Bizi yox!

Tənqid edəndə də gərək nəyi və niyə tənqid etdiyini də biləsən. "Babam mənə kor deyib..." prinsipi ilə yox!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »