Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nə Acunmuş bə, arkadaş?!
Nə Acunmuş bə, arkadaş?!

Problemimiz az idi, bir də Acun problemi çıxdı başımıza. Adamlar gedib, basabas salıb, Acun Ilıcalı adlı milyonçunun görüşünə 40-490 manat qiymətlərində bilet alıb, sonra da çıxıb gileylənirlər ki, bu qədər pulu verməyə dəyməzdi.

Anam-bacım, atam-qardaşım, dəymirdi, getməyəydiniz. Bu da Cem Yılmazın konsertidir ki, biletə verdiyiniz 600 manata görə onun boz yumoruna yalandan qımışırdınız?! Acuna bilet alanda bilmək lazım idi, nə var, nə yox?! Gedib Acunun vaxtına o boyda pul yatırınca, o pulu öz vaxtınıza qoyaydınız da. Acun sizə öz vaxtını pulla satdı. Elə ordan anlamaq olardı ki, siz vaxtınızı Acuna havayı verdiniz, üstündə də bir ətək pul. Acun elə Konqres Mərkəzinin kassasında sizə öyrədib necə varlanmaq olar?! Ya da necə kasıb qalmaq... Artıq kim hardan baxırsa.

Xaricdən bir tarixçi gəlir, hurreylə cumuruq ora, bir yazıçı gəlir, hurreylə bura... Nolub?! Nə xəbərsiniz?! Onların danışdıqlarından da çoxu kitablarda yazılıb. 5 manat verib kitab alıb oxumaq əvəzinə, 500 manat verib xaricdən gələnin "gəvəzəli"yini dinləməyə gedirik. Çaşdım, qaldım.

Guya lap Acun sizə varlanmağın sirrini dedi. Nə olsun?! Guya onu siz bilmirsiniz ki?! Azərbaycanda sərmayəni bilmirsiniz hara və necə qoyurlar?! Ya pul toplayıb vəzifəyə getmılisən, ya da biznes qurub özünə "yuxarıda" yağlı şərik tapmalısan ki, davam edə biləsən; heç olmasa, ailəni dolandırmağa qazancın olsun. Korrupsiya varsa, inhisarçılıq varsa, rüşvətxorluq varsa, traybalizm varsa, yüz Acun gəlsin, iki yüz İlon Mask, nə yazar?! Sənin yazıçın xaricdən gələn yazıçıdan qat-qat yaxşı yazır, oxumursan. Sənin elə tarixçilərin var ki, İlber Ortaylıya-filana dərs deyər. Amma Akademiya bucaqlarında çürüyür. Elə həkimlərin var, əcnəbi professorlardan daha bilikli-səriştəli, amma ölkəndən qaçaq düşüb... Hansını deyim?!

Acunmuş!

İndi başınıza döyürsünüz ki, o boyda pulu boşuna səpələmisiniz. Özününküləri daşlayıb qıraqdan gələni qucaqlayanda, axırı belə olmalıydı da. Özününkü acından köpük qussun, sən pulunu özgəyə yedirt. Oldumu, bu, yəni?!

Qara Şəhərli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »