Arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox çiçək və cökə balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 57,6 ton çiçək və 20,5 ton cökə balı gətirilib. Çiçək və cökə balları yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 80%-ni təşkil edir.
Bununla yanaşı, arıçı fermerlər satışa 2,9 ton qaratikan balı, 2,7 ton may balı, 3,6 ton meşə balı, 705 kq dağ balı, 120 kq biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü və arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.
Ümumilikdə, yarmarkaya 95 tondan çox arıçılıq məhsulları çıxarılıb. Satışa çıxarılan məhsulların təxminən 3 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Qeyd edək ki, arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış yarmarkası 22 oktyabr 19:00-dək davam edəcək.
Bizimyol.info xəbər portalı bal yarmarkasından xüsusi videoreportajı təqdim edir:
Mətin Şükürlü, Bizimyol.info