Kiminin arzusu çin olur, kiminin qorxusu... Çin olur.
...Paraq Hanna "Dünyanı necə idarə etməli" adlı kitabında yaşadığımız indiki dövrü "yeni orta əsrlər" adlandırıb. "Amerika erası" bitdi, yeni orta əsrlərdə yaşayırıq" deyib.
Dünyanın çox qorxduğu çoxdan başına gəlib, deyəsən. Üçüncü Dünya Müharibəsi 3 il bundan qabaq başlamayıb; ən azı 30 ildir ki, gedir. Həm də sürətini və zülm-zillətini artıraraq.
Bəli, kiminin arzusu çin çıxıb, kiminin də qorxusu...
Çinin Balkanlara gəlişinə cavab: Bosniya soyqırımları və Belqradın vurulması, Çinin Şimali Afrikaya girişini önləmək - Misir inqilabı, Liviya bombardmanı! Çinin Orta Şərqə yolunu kəsmək - Suriya cəhənnəmi! Çinin üzünə Şərqi Avropanın qapısını qapamaq - Ukrayna müharibəsi! Çinin Ərəb dünyası ilə İranı uzlaşdırmaq və Körfəzə yerləşmək planını boşa çıxarmaq - Fələstin! Çinin Avropa limanlarına ticari marağını boğmaq - orta dənizlərin daha çox "silahlandırılması".
Hamısı da orta çağlara xas olan... "ən yeni" üsullarla!
Bəşəriyyət "yeni orta əsrləri" bütün dəhşəti və vəhşəti ilə bir də Qəzzada hiss etdi. Artıq xəstəxalara da "geopolitik" bombalar yağır...
Biz, doğrudan da, Hannanın "yeni orta əsrlər" adlandırdığı zamana qayıtmışıq. Və o zamana o zaman qayıtmışıq ki, texnologiya sürətlə gəlişdi, Planetləri aşacaq qədər böyüdü, insanlıq isə nifrətlə yüklənib-yıpranıb... "kiçildi".
Biz Dünya olaraq irəliyə doğru sürətlə... geriləmişik. Nəinki orta çağların qanlı qaranlığına, hətta quldarlıq formasiyasının zalım amansızlığına tərəf gedirik. Belə deyə bilərəmsə, irəliyə doğru... "qayıdırıq".
Texnologiyalar hər nə qədər insanları daha yaxşı yaşatmaq üçün düşünülsə də, insanları həm də daha pis... öldürməyə yarayır.
Yox, elmin nə günahı var?! Elm hər şeyin daha yaxşısına layiq olmağımız üçün durmadan çalışdıqca, qəddar siyasət şəhadət barmağının işarəsilə cəhalət bayrağını qaldırıb qafaları qarışdırır və biz hər şeyin daha pisinə sahib oluruq. Üçüncü minillikdə belinə bomba bağlayan insan "fenomeni" ilə, uşaq qətlinə ticari maraq pəncərəsindən baxan terror zehniyyəti ilə zaman və məkan qonşusuyuq.
...Tələbəlikdə bir evli-uşaqlı şair tanımışdım; beş illik təhsili səkkiz ilə birtəhər bitirdi. Evli olduğu halda əyani oxuyan qəribə tələbə! "Tələbə" demək olardısa. İki uşaqla xanımını boşayıb Saatlının ucqar kəndinə - keçmiş qayınatasının evinə qovmuşdu. Şair heç maraqlanmırdı ki, öz doğma övladları nə haldadır, nə yeyir, nə içir? Ancaq özü Fələstin uşaqlarının dərdlərinə ah-uf dolu poema yazmışdı.
İndi bizim reaksiyamız da, deyəsən, bir az elə o şairin poemasına oxşadı. Qəzzanın qazı, suyu, işığı kəsilib. Buna haqlı olaraq üzülürük, qeyzlənirik. İnsanıq axı.
Ancaq biz də insanıq! Hımişə uzağa baxdıq, hərdən dönüb özümüzə də baxsaq...
Görəcəyik ki, hardasa qaz kəsilib, hardasa işıq sönüb, hardasa su yoxdur. Ya da nə qaz kəsilib, nə işıq sönüb, nə su quruyub, hamısı var, ancaq... Öz qazımızı özümüzə baha satırıq. Üstəlik limitlə! Qəzzada xəstəxananı vuriblar, bəli, ağlasığmaz vəhşilikdir. Bəs səhiyyəsi topsuz dağılan ölkələrin insanı nə etsin?! Gözünün nurunu 40 il elmə "bağışlamış" alim 40 dəqiqəlik əməliyyatla kor bağırsağını kəsdirəndə, bir il ailəsinin boğazından kəsib borc ödəyəcəksə...
Qazanc azalıb, qiymət artan yerdə, insanların gəlirləri xərclərini ödəməyəndə, əksər ailələrin büdcəsindəki kəsir sürətlə böyüyəndə, bu da elə bir formada Qəzza deyilmi?!
Hə, Qəzzaya ağlayırıq; Lev Tolstoyun təbirincə, başqasının ağrısını hiss edirik. Bu, normal! Hətta alqışa layiq! Amma Ramiz Rövşən də yaxşı deyib: "Ağlamağı bacarsaydım, sənə gün ağlayardım". İnsan olmaq, sadəcə, özgə dərdlərə yanmaqla deyil. Qəzzaya ağlamağı bacaran varsa, bir az da özünə gün ağlasın. Ya da, heç olmasa, öz gününə ağlasın...
Bir az əvvəl quldarlıqdan danışdım. Uzun vədəli, ağlasığmaz faizlərlə verilən "papaqlı" kreditlər çağdaş quldarlıq deyilmi?! İfrat inhisarçılıq, ya da korrupsiya burulğanı quldarlıq deyilmi?! İnsanların səkkiz saat əvəzinə on səkkiz saat işləyib, qarnını alayarımçıq doyurması quldarlığın qudurğanlığı deyilmi?! İş yerlərinə cv göndərən sütül məzundan az qala malay dili tələb edən şirkətlərlə bir ölkəni paylaşırıqsa, bunun adı nə?! Yaxud dövlət qulluğuna sürəkli imtahanlar keçirib, axırda "öz" adamlarını işə götürən "nadinc" məmurlarla dinc yanaşı yaşayırıqsa...
Dövlətin bu cür qudurğan quldarlara qarşı yüksəkdəqiqlikli ictimai, siyasi və inzibati "silahlarla" antiquldar əməliyyatı keçirməsinə çox ehtiyac var. Həm də çoxdan!
Bahəddin Həzi, bizimyol.info