Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın postsovet ölkələrindən hərbi texnika almasının səbəbi nədir?
Rusiyanın postsovet ölkələrindən hərbi texnika almasının səbəbi nədir?

Artıq 600 gündən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsində hər iki tərəfin canlı qüvvə, hərbi texnika və silah sarıdan itkilər verməsi ordunun hərtərəfli təchizatı baxımından ciddi problemlər yaradır. Qərbin silah və hərbi texnika cəhətdən Ukraynaya dəstəyi qarşılığında Rusiya ordusunda öz istehsalı olan texnika və avadanlıqların belə çatışmadığı barədə siqnallar gəlməkdədir.

Vəziyyət o qədər ciddiləşib ki, Rusiya postsovet ölkələrindən 30 il qabaq istehsal edilmiş, hətta sovet ordusundan qalmış köhnə texnikaların satın alınmasına başlayıb. Sosial şəbəkələrə sızan məlumatlara görə, böyük rezonansa səbəb olmasın deyə Rusiya bu işə vətənpərvərliyin təbliği ilə məşğul olan qeyri-hökumət təşkilatlarını və xeyriyyə fondlarını cəlb edib.

Bu prosesin Qazaxıstan və Orta Asiya respublikalarında daha geniş şəkildə aparıldığı xüsusi qeyd edilir. Sovet hərbi texnikası əldə etmək məqsədi ilə dövriyyəyə daxil edilən fondlar və vətənpərvərliyi təbliğ edən təşkilatlardan bunları göstərmək olar: “Pravoporyadok-ŞİT” Fondu (Фонд Правопорядок-ЩИТ), “Rubej” Assosiasiyası (“АСБ Рубеж”), “Rodina” Xalq Vətənpərvər Birliyi (Народно-патриотическое объединение “Родина”), “PATRİOT” Veteranlara Dəstək Fondu (Фонд Поддержки Ветеранов “ПАТРИОТ”). Mənbələrin verdiyi digər məlumata görə, bu istiqamətdə xüsusi fəaliyyət göstərən qurumların sayı daha çox ola bilər. Dəqiq olan odur ki, onların hamısı da eyni mərkəzdən alınan təlimatla prosesə qoşulublar.

Məlumatda o da vurğulanır ki, Rusiya postsovet respublikalarındakı təsir imkanları və yaxın əlaqələri sayəsində keyfiyyət baxımından aşağı səviyyədə olan və əlverişsiz şəraitdə saxlanılan, əsasən onlarca illər qabaq, hətta sovet dövründə istehsal olunmuş müəyyən miqdarda sursat əldə edə bilib. Belə ki, 2023-cü ilin iyul ayının sonuna qədər Qazaxıstandan 7 “MT-LB” markalı qoşqu texnikası və 6 “BMP-1” markalı piyadanın döyüş maşınının Rusiyaya çatdırılması planlaşdırılmış, həmin texnika və maşınların təmir üçün ölkədə fəaliyyət göstərən “Kurqanmaşzavod”a aparılmışdır. Bununla yanaşı, əldə edilən məlumata görə, Rusiya Orta Asiya ölkələrindən hərbi yük maşınları və ZRDM təkərli maşınlar da almaqdadır.

Avadanlıqların idxalını sübut edən bəzi siqnallar da ortaya çıxıb. Bu siqnallar başqa mənbə və kanallarla birlikdə, “Telegram”da Qazaxıstan blogerləri tərəfindən ictimailəşdirilib. Daha sonra bu sensasion məlumat jurnalist Azat Məctanov (MAITANOV_online) tərəfindən geniş kütlələrə yayılıb. Vaxtaşırı bu istiqamətdə ciddi maraq doğuran hallar azalıb, lakin yenə də mütəmadi olaraq ayrı-ayrı şərhlərdə Rusiyaya silah satışı ilə bağlı siqnallara rast gəlinir.

Digər mənbələrin məlumatlarına görə, prosesin hazırkı tempi və effekti Rusiyanın tələbatına uyğun olmadığı və texnikaların əldə olunmasının o qədər də qənaətbəxş hesab edilmədiyi üçün təşkilatların fəaliyyətlərina ciddi iradlar müşayiət olunub. Ancaq məsələ təşkilatların fəaliyyətsizliyində deyil, hərbi texnika və avadanlıq əldə edilməsində Qazaxıstan Respublikasının rəsmiləri və digər Orta Asiya ölkələrinin əlaqədar vəzifəli şəxsləri tərəfindən müqavimətin ortaya çıxmasındadır.

Müşahidəçilərin ümumi qənaətinə görə, daimi müttəfiqlərindən, hətta maliyyə ayırmaqla, ödənişlər etməklə belə ciddi dəstək ala bilməyən Rusiyanın düşdüyü vəziyyət rəsmi Moskvanın Orta Asiya regionunda mövqeyinin həddindən artıq zəifləməsindən xəbər verir. Digər tərəfdən, Ukrayna ilə müharibəni davam etdirdiyi və sülh təşəbbüslərini rədd etdiyi üçün Qərbin ciddi sanksiyaları ilə üzləşən Rusiyanın maliyyə çətinliyi çəkməklə yanaşı, ölkənin hərbi sənayesində istehsal qabiliyyətinin də aşağı düşməsini söyləmək olar.

Bu arada Orta Asiya respublikalarından sovetdən qalan avadanlıq, texnika və sursat almaqda çətinlik çəkən Rusiyanın tələbatını qarşılamaq üçün bu avadanlıqların istismar edildiyi başqa ölkələrdən, o cümlədən digər postsovet respublikalarından satınalma işinə başlaması, ən azından cəhd etməsi gündəmdədir.

Heç şübhəsiz, sözügedən texnika və avadanlıqların geniş istismar olunduğu və iri partiyasına sahib olan ölkələrdən biri də Azərbaycandır. Ona görə də güman etmək olar ki, Rusiya Azərbaycandan da həmin texnika və avadanlıqları satın almağa çalışacaq. Bəlkə də artıq bu istiqamətdə müxtəlif kanallarla ciddi cəhdlər olub.

Əgər bu yöndə siqnallar olubsa, ya da Rusiya müvafiq qurumlar vasitəsilə yük maşını, qoşqu vasitələri əldə etməyə çalışırsa, bütün cəhdlərin qarşısı Azərbaycanın rəsmiləri tərəfindən qəti şəkildə alınmalıdır. Çünki həmin texnika və avadanlıqların satılması son nəticədə Azərbaycanın özünün hərbi potensialının zəifləməsinə gətirib çıxaracaq. Ermənistanla sülh müqaviləsinin imzalanmasının yubandığı, regionda müharibə təhlükəsinin tam aradan qalxmadığı bir dövrdə Azərbaycan Silahı Qüvvələrinin inventarında olan hər bir texnika və avadanlığa ehtiyac var.

Digər bir ciddi məqam, cari ilin sentyabrın sonundan etibarən Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinin Rusiya sülhmərmalı kontingentinə təhvil verdiyi, rusların mühafizə etdiyi və aqibəti hələ də qaranlıq qalan silah və texnikanın bu istiqamətə yönəldilməsi ehtimalının güclənməsidir. Çünki əldə edilmiş razılaşdırılmaya baxmayaraq, həmin silah texnikanın utilizasiyası barədə hələ heç bir məlumat yoxdur.

Beləliklə, Ukrayna ilə müharibəni tam sürətlə davam etdirən Rusiyanın quru qoşunlarının köhnə texnikalara möhtac qalması xəbəri doğrudan da acınacaqlıdır. Dünyanın super güclərindən hesab edilən dövlətin Qərbin tətbiq etdiyi sanksiyaların nəticəsində hərbi texnika və avadanlıq sarıdan korluq çəkdiyi ortadadır. Mövcud vəziyyətdə sözügedən texnika və avadanlıqların satılması son nəticədə Azərbaycanın hərbi potensialının zəifləməsinə, eyni zamanda Qərb ölkələrinin sanksiya tətbiq etməsinə gətirib çıxara bilər.

Nazim Əlizadə

Son xəbərlər
Bütün xəbərlər »