Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycandakı “12-ci İmam Mehdi”yə 12 il 6 ay həbs cəzası kəsildi
Azərbaycandakı “12-ci İmam Mehdi”yə 12 il 6 ay həbs cəzası kəsildi

Özünü “zühur etmiş 12-ci İmam Mehdi” kimi təqdim edərək, zəkat, kasıb ailələrə yardım və s. adlarla illərlə adamlardan pullar toplayıb, onları mənimsəyərək, dələduzluq etməkdə ittiham olunan iş adamı Aqil Babayevin məhkəməsi yekunlaşıb. Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Bizimyol.info xəbər verir ki, 1 il 3 ay davam edən məhkəmənin yekununda Aqil Babayevə 12 il 6 ay həbs cəzası kəsilib. Onun yaxınlarının adına olan, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən mənzil, qeyri-yaşayış sahəsi, “Hyundai”-“Santa Fe” markalı avtomobil müsadirə olunub. Məhkəmə qərar verib ki, bu əmlakların müsadirəsi nəticəsində əldə olunan vəsait zərərçəkmişlərin pullarının qaytarılmasına yönəldilsin.

Cinayət işinin materiallarına əsasən, uzun illər ərzində Aqil Babayev özünü “12-ci İmam Mehdi” kimi təqdim edib, pullar almaqla, adamlara ümumilikdə 2.5 milyon manata yaxın ziyan vurub.

Ona pul verdiyini deyən, zərərçəkmiş qismində tanınan şəxslər Aqil Babayevə maksimum həddə cəza verilməsini tələb ediblər.

Aqil Babayev isə özünü təqsirli bilmir. O, son sözündə bildirib ki, ittihamda yazılanlar yalandır. Məhkəmədən də hökm çıxaranda bunun nəzərə alınmasını xahiş edib.

Aqil Babayev iddia edib ki, onun biznesini əlindən almaq üçün şərləyiblər.

Onun sözlərinə görə, 2021-ci il iyulun 8-də bağ evində bir qrup şəxs tərəfindən döyülüb, əl-qolunu bağlayıb, ondan pullarını və “Shaurma N1” restoranlar şəbəkəsində olan payını tələb ediblər. Daha sonra həmin şəxslər Əhmədli qəsəbəsində yerləşən evə gələrək, oradan milyonlarla pul və qızıl külçələri götürüb aparıblar. Ertəsi gün baş verənlərlə əlaqədar polisə şikayət etsə də, son nəticədə özü həbs olunub.

Zərərçəkmişlər isə deyir ki, illərlə ona inanıblar, onu “İmam Mehdi” kimi qəbul ediblər. Lakin son dövrlərdə onları aldatdığını anlayıblar.

Zərərçəkənlərdən biri deyib ki, Aqil Babayevin təhrikiylə həyat yoldaşını boşayıb, “İmam Mehdi”yə “Santa Fe” markalı maşınını verib, bunun müqabilində ondan “cənnətdə 2 hektar torpaq sahəsi” alıb və s.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »