Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ləyaqət Məcəlləsi"
"Ləyaqət Məcəlləsi"

Erix Fromm deyir: "Bir şeyə sahib olmaq deyil, layiq olmaq önəmlidir". Layiq olduğumuza - müstəqil dövlətə sahibik. Ancaq sahib olduğumuza həmişə layiq qalmaya bilərik.

Sahibi olduğuna layiq olmaq (layiq qalmaq) üçün hər gün çalışmalısan, vuruşmalısan. Vuruşmalıydıq, çünki müstəqil dediyimiz dövlət ərazisinin bir hissəsinə nəzarət etmirdi. Vuruşduq, həm silahdan, həm qələmdən... atəş açdıq, torpağı işğaldan qurtardıq. Bu, böyük ləyaqətdir. Ancaq bəs edirmi?! Yox!

Təkcə vuruşmaq bəs etmir. Çalışmaq, çox çalışmaq lazım olacaq. Artıq iqtisadiyyat çalışacaq ki, ölkə varlansın. İnsanlar daha yaxşı yaşasın. Bu da ləyaqətdir. Həm də çox böyük! Sadəcə, "ölkəmi sevirəm" deməklə olmur. "Vətənim üçün döyüşüb ölərəm" bəs etmir.

Sevgin üçün ölmək sevdiyin üçün yaşamaqdan asandır.

İki cavan - ərgən oğlan və ərlik qız: "Bir-birimizi sevirik, bu, bizə yetər" deyirsə, bu, qorxunc bir aldanışdır. Bir-birini sevən iki cavan insan, əlbət, ailə quracaq. Bununla bitdimi?! Yox! Birlikdə yaşamaq, bir-birini, eləcə də, övladlarını yaşatmaq üçün zəhmət çəkəcəklər.

Sevdiyini daha yaxşı yaşatmaq ona - onun sevgisinə daha çox layiq olmaq deməkdir. "Quru-quru qurbanın olum" ədəbiyyatı ilə çox uzağa gedə bilməzsən.

Biz müstəqil dövlət qurmuşuq (32 il əvvəl tam da bu gün - oktyabrın 18-də təməlini atdıq). Xankəndinə bayraq sancmışıq; suverenliyimizi tamamlamışıq. İndi o suverenliyin özünü də məzmunla dolduracağıq; minalardan təmizləyib əkəcəyik, becərəcəyik o torpaqları, o kəndləri, şəhərləri yenidən quracağıq (ki, qururuq). Bununla o torpaqlarda (o torpaqlara) ləyaqətimizi tam bərpa edəcəyik. Sadəcə, bayraq sancmaqla iş bitmir. Biz o torpaqlarda daha çox var olduqca, o bayrağın kölgəsi daha da "qalın" olacaq.

Bir misal çəkim. Qərbi və Şərqi Almaniyanın birləşməsi qərarı 1989-cu ildə verildi. Ancaq Şərqdəki müstəqil dövlətçilik düşüncəsi Qərbdəkinə uyğunlaşana qədər onillər keçdi və almanlar çox çalışdı. Hətta dövlət əhali üzərinə "birləşmə vergisi" qoymuşdu və Qərbi Almaniyada yaşayanlar arasında bu maddi yükdən narazılıq da vardı. Ancaq rasional alman düşüncəsi bu baryeri də aşdı, keçdi. Oxşar situasiyanı indi biz yaşayırıq. Ancaq fərq də böyükdür; Qərbi Almaniyada işləyən, çalışan güclü bazar iqtisadiyyatı vardı. Rəqabətli iqtisadiyyat. Bizdə bu varmı?!

Müdafiə Nazirliyinin işi torpağı işğaldan qurtarmaq idi, qurtardı. Bəs İqtisadiyyat Nazirliyi ölkənin iqtisadi ləyaqəti üçün nə edir?! Maliyyə Nazirliyi, Mərkəzi Bank və sair və ilaxır.

Ölkənin ləyaqəti təkcə döyüş meydanında qorunmur. İnsanlar öz ölkəsində daha azad və daha rahat, daha varlı və daha imkanlı yaşadıqca, müstəqilliyə layiqliyimiz daha da artır, elə deyilmi?!

Müstəqillik - sevgi deməkdir. Vətənlə Vətəndaş arasında qarşılıqlı sevginin uğurlu və qürurlu "izdivac" halıdır. Tərəflərdən biri bu sevgini bitirsə, hər şey bitmişdir, demək. Vətən varlı, Vətəndaş kasıb olanda, ortada qarşılıqlı sevgi də olmaz. Hətta sevgi deyə bir şey qalmaz.

Biz bayrağımızı sancdıq. O iş bitdi. Əsl iş indi başlayır. Ən azı iqtisadi azadlıqlardan başlayaq. Başlamışıq, deyəsən. İşartıları az da olsa (gec də olsa) göründü; 32 ildən sonra Rəqabət Məcəlləsi parlamentdə müzakirə olunur. İnhisarçılığın üstünə gediləcəkmi, məsələn?! Zamanla görəcəyik. "İqtisadi Qüvvələrin Baş Qərargahından" gözlənilən əmr gəlmişmi?! Qəbul olunacaq və reallıqda işləyəcək Rəqabət Məcəlləsi elə bir anlamda Ləyaqət Məcəlləsidir. Ən azı iqtisadi mənada.

Həmin o Ləyaqət Məcəlləsi tam qüvvəsini qazanacaqmı?!

Bunu yaşadıqca daha yaxşı görəcəyik. Gördükcə, daha yaxşı yaşayacağıq.

Ölkənin xarici sərhədlərinin toxunulmazlığı ölkənin içində insan, vətəndaş ləyaqətinin toxunulmazlığı ilə qiymətlidir. O nöqtədə də "bayrağımız dalğalananda", Frommun dediyi kimi, sahib olduğumuza daha çox layiq olacağıq.

Bu qədər net!

Bahəddin Həzi, bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »