Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavan Qreqor və Qoca Qitə
Cavan Qreqor və Qoca Qitə

Avropa Parlamenti artıq Avropadakı parlamentdir, sadəcə. Düşünürdük ki, Avropa Şurası bütün Avropanın Şurası olmağı bəlkə bacarar. Yox, o da Avropadakı Şura olmağı seçdi. Qalır İnsan Hüquqları üzrə Avropa Məhkəməsi. Bu qurum da erməni "hüquqları" üzrə Avropadakı Məhkəməyə çevrilməsə yaxşıdır.

Görünür, Frans Kafka "Çevrilmə" əsərində Avropadakı əksər siyasətçilərin obrazını yaradıb. Əsəri oxuyanlar xatırladı: ailənin dirəyi olan, cavan, bilgili, sevimli, çalışqan bir insan - yaxşı oğul, yaxşı qardaş, yaxşı dost, yaxşı sevgili, yaxşı işçi Qreqor Zamza birdən-birə hamının qorxduğu və iyrəndiyi bir bədheybət məxluqa çevrildi. Bir səhər ayılıb özünün qorxunc və iyrənc həşərata döndüyünü gördü. Və hamı - ata da, ana da, dost da, hətta qulluqçu da bir müddət ya qorxub, ya iyrənib, Qreqordan üz döndərdi, öz həyatlarını yaşamağa getdi.

Qreqor-həşarat hətta onu hamıdan çox sevən, çox acıyan, kimsə yaxın gəlməyəndə bədbəxt qardaşına qulluq edən bacısını da qorxutdu və incitdi, özündən uzaqlaşdırdı. Öz eybəcərliyi ilə tək qalıb tənha öldü.

Bax, elə bu günlərdə biz Kafkasayağı absurdizmi - "qəfil" və bədbəxt çevrilməni öz gözümüzlə görürük. Görürük ki, neçə-neçə sülh göyərçini birdən-birə necə yırtıcı çalağana çevrilir. Ən yaxşı halda sağsağana.

Görürük, üzünə təbəssüm taxıb gəzən neçə-neçə "nəzakətli" və simpatik diplomatlar bir anda necə ədalətsiz və antipatik denenaratlara dönürlər.

Görürük, "insan haqqı", "insan haqqı" deyənlərin özləri insanların haqqına girirlər; "haqq-hesab"ı alan kimi nəyə çevrilirlər. Bax, ölmədik, qoynunda xumarlandığı qadının etnogenetik mənsubiyyətini bolluca rüşvət qarşılığında tumarlayan Amerikalı senatoru da gördük. Çox şey gördük bu qısa zamanda. Bu dar macalda!

Rus mujiki demişkən: "Al, bu da sənə Yuryev gün!" Buyurun: Avropada ədalətli siyasəti "təmsil edən" qurumlar siyasəti ədalətdən ayırıb siyasi ədavətə çevirdikcə, özləri də Kafkanın fantastik bədii-fəlsəfi şedevrindəki kimi bir bədheybətə çevrilirlər.

Belədə dərd deyil: nəyə çevrilirlər, çevrilsinlər də. Bir çevrilib özlərinə də baxsınlar; keçmişlərinə, bugünlərinə baxsınlar. Gələcəyə baxsınlar. Bizimlə birlikdə dinc bir GƏLƏCƏK istəyirlər, yoxsa, "nadinc" qonşumuzla bir KEÇMİŞ?! Əgər ikincini seçiblərsə, doğrudan da, sözün hər mənasında keçmiş olsun!

...İllər öncə Avropada bir tədqiqat keçirilmişdi: güzgüyə qadınlar çox baxır, yoxsa kişilər?

Nəticəsi: sən demə, Avropada güzgüyə kişilər daha çox baxırmış! Sonda elə bir dövr gəldi ki, Qoca Qitədə qadınla kişinin nəinki fiziki, hətta fizioloji fərqləri də itməyə başladı və proses davam edir.

Hər şeydə sərhədi keçmək belə olurmuş!

Avropa güzgüyə hamıdan çox baxsa da, özünü - öz qüsurlarını görə bilməyəcək hala gəldi.

Tamam da, anladıq: Avropa İttifaqı öz üzvləri arasında siyasi sərhədləri götürdü, mənəvi sərhədləri niyə tapdalayıb keçir ki?! Anlamış deyilik.

Avropa İttifaqının öz içində sərhədlər olmaya bilər (ki, yoxdur da); dövlətlərin dövlətçilik simvolu olan sərhədlər Avropa düşüncəsində qədərindən artıq simvolikləşib. İçində olmayan sərhədləri özünün çölünə daşıyıb; istəmədiyini hətta turist kimi də buraxmır. Ancaq söhbət təkcə Avropa İttifaqının bayır sərhədlərindən getmir, bayırdakı başqalarının sərhədlərindən gedir. Kontrast: Avropalılar öz sərhədlərində keçilməz Şengen "qalası" tikiblər, minalanmış viza (ya da "vizalanmış mina") "tarlaları" əkiblər. Ancaq başqalarının sərhədlərini istədikləri kimi "əkib-becərmək" istəyirlər.

Dünənə qədər 1 milyon insan öz yurd-yuvasından zorla çıxarılanda tükü tərpənməyənlər indi 0,1 milyon adam öz şəhərindən öz xoşu ilə - könüllü geosiyasi "xorla" çıxanda

saçını-başını yolur.

İnsanlığın sərhədlərini pozmaq deyilmi bu?!

İspaniya öz ərazisində silahsız separatizmi "qandallayanda" Avropa İttifaqı əlbirliyi ilə Madridin yanındaydı. Amma Azərbaycanın içindəki separatizmə gələndə, niyə Bakı ilə deyil, İrəvanla əlbir oldular?! Niyəsini bilən varsa, bilməyənlərə də desin.

Qoca Qitə haqsız qərarları ilə nəinki yaxşı qonşularını, dostlarını, hətta doğmalarını da bir-bir itirir. Baxın, ötənlərdə Macarıstan Avropa İttifaqının Azərbaycanla bağlı haqsız qətnaməsinə veto qoydu. Macarıstan ki Qafqaz deyil. Cənubi Qafqaz heç deyil. Avropa İttifaqının üzvü olan dövlətdir. Məşhur filmdə obrazlardan birinin dilindən belə maraqlı ifadə səslənmişdi: "Türkiyə bir NATO ölkəsidir, ancaq NATO-nun ölkəsi deyildir". Macarıstan da, bəli, bir Avropa İttifaqı ölkəsidir, amma Avropa İttifaqının ölkəsi deyil. Bunu reallıqda göstərdi.

İttifaq dediyimiz müttəfiqlərin cəmidir. Toplananların cəmi! Ayrılanların cəmi olmur. Eyni hadisələrə fərqli yanaşmalari ilə Avropa toplananların cəmindən yavaş-yavaş ayrılanların fərqinə çevrilir. Cəmdən Fərqə doğru gedir.

Bu ki, sadəcə, riyazi ədəbiyyat deyil, siyasi riyaziyyatdır.

Bir şəxsin, bir dövlətin, eləcə də, dövlətlər cəminin verdiyi ədalətsiz qərar onun hamıdan və hər kəsdən qabaq ÖZÜNƏ qarşı ədalətsizliyidir.

Hətta bu Qoca yaşında belə bunca gözəl Qitəni hamının və hər kəsin qorxacağı, ya da iyrənib üz çevirəcəyi bədheybətə çevirməyin özü qorxunc və iyrənc bir günah deyilmi?!

Bahəddin Həzi Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »