"Həyat həmişə ölüb təbiətə çevriləcək insanlarla, ölüb mədəniyyətə çevriləcək insanların döyüş meydanı olub". Bu fikri Aqşin Yenisey deyib.
90 il yaşamayan, amma bu gün 90 illiyini bizə yaşadan Məmməd Arazı düşünəndə Aqşin Yeniseyin o fikrini xatırladım. Amma Məmməd Araz həm təbiət hadisəsiydi, həm də mədəniyyət hadisəsi. Hələ ki 90 illik bir hadisə haqda danışırıq. Dilimiz çox yaşasa, 90 əsr sonra da... Məmməd Arazdan danışılacaq. Məmməd Araz ən çox ana dilimizin hadisəsiydi; dilin təmizliyinə və şirinliyinə Allah qarşısında başı ilə cavabdehlik daşımış Söz Ustasıydı. Məmməd Araz ana dilinin toxunulmazlıq statusuydu - İlahi Əmanətə etibarlı zəmanət idi. Məmməd Araz Allahın bizimlə danışan şeir diliydi.
Bir sözlə, Məmməd Araz təbiətin və mədəniyyətin başına gəlmiş ən xoşbəxt hadisəydi. Bu hadisədən 90 ildir ki, biz də mənəvi xoşbəxtik.
Əcəli çatanda qismətinə düşən ölümün özü də bəxtəvər oldu. Çünki Məmməd Araz axırda ya təbiətə, ya mədəniyyətə çevrilmək dilemması yaşamadı; hər ikisinə çevrilib əbədi yaşamağa getdi...
Bahəddin Həzi, Bizimyol.info