Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Geri dönməyən" avtobuslar, "tənha" və işəyaramaz ödəniş terminalı... Avtovağzalda nə baş verir?
"Geri dönməyən" avtobuslar, "tənha" və işəyaramaz ödəniş terminalı... Avtovağzalda nə baş verir?

Bakı Beynəlxalq Avtovağzalında vətəndaşlar gecikən avtobus xətlərindən və nasaz vəziyyətdə olan ödəniş terminallarından əziyyət çəkirlər. Avtovağzalda işlək vəziyyətdə cəmi bir ədəd ödəniş terminalı gözə dəyir və səhərlər bu terminalın qarşısında uzun növbələr yaranır. "Gözə görsənən" terminal tam olaraq 96 və 37 nömrəli avtobus xətlərinin dayanacağında yerləşdirilib Həmin terminalın ekranı bərbad gündə olduğundan, sərnişinlər kartlarına yüklədikləri məbləğin ümumi miqdarını ekranda görə bilmirlər. "Beynəlxalq" statusu daşıyan Bakı Avtovağzalında vəziyyət həm avtobus xətləri, həm də elə ödəniş terminalları cəhətdən o qədər acınacaqlıdır ki, buranın vəziyyətini görən o saat düşünür ki, görəsən, kompleksə ayrılan yüzminlərlə vəsait hara xərclənir?

Hər gün onlarla avtobusun yola düşdüyü bu iri avtovağzal meydanında məhdud sayda ödəniş terminalının "fəaliyyət" göstərməsi və onun da "yarımcan" olması ondan xəbər verir ki, bu sahəyə ayrılan vəsaitlər kefin istəyən "yuyularaq" aradan çıxarılır. Başqa necə ola bilər ki? Vağzal meydanına, avtobusların dayandığı duracaqlara bir neçə ödəniş terminalını yerləşdirmək niyə belə böyük qarın ağrısına çevrilib? Məsələ budur ki, həmin terminallardan konkret olaraq hansı qurumun məsuliyyət daşıdığını da demək qeyri-mümkündür. Ancaq hər bir halda bu, "beynəlxalq"lıqla əlaqəsi itən bu avtovağzalın belə biabrçı vəziyyətdə qalmasına səbəb sayıla bilməz. Yeri gəlmişkən, onu da qeyd edək ki, avtovağzaldan şəhərə doğru hərəkət edən 37 nömrəli avtobus xəttində cəmi 3 ədəd nəqliyyat vasitəsi fəaliyyət göstərir. Üç il öncə bu haqda maraqlananda bildirilmişdi ki, xəttəki avobuslar işğaldan azad olunan bölgələrə göndərildiyindən, avtobus xətlərində gecikmələr və sıxlıq müşahidə olunur. Yəqin ki, indi üç ildir həmin avtobuslar azad olunmuş ərazilərdən qayıdıb, bəs indi niyə xəttə cəmi üç avtobus var? Qeyd edək ki, anoloji vəziyyət digər avtobus xətlərində də müşahidə olunur.

Bizimyol.info xəbər portalının avtovağzaldakı problemli ödəmə terminalı ilə bağlı sorğusuna AYNA-dan cavab olaraq bildirilib ki, Avtovağzalda cəmi 7 ədəd ödəmə terminalı var və onun 5-i "Avtovağzal" metrostansiyasındadır. Yəni əslində, Bakı Avtovağzal Kompleksinin özündə cəmi iki ədəd ödəmə terminalı var:

"Ödəmə terminallarında yağışlı hava şəraitində və bəzən qəpik və ya kağız əsginazda problem olanda ilişmə halları müşahidə edilə bilir. Bu məsələlər də tez bir zamanda aradan qaldırılır. Terminalların sayına gəlincə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Mübadilə Mərkəzində 2 ədəd, “Avtovağzal” metro stansiyasında 5 ədəd olmaqla, 7 ödəmə terminalı mövcuddur. Qeyd edək ki, sərnişinlərimiz hazırda “BakıKart”ın balansını artıra bilməsi üçün daha çox imkanlara sahibdirlər. Əgər əvvəllər yalnız dayanacaqlarda 250-ə yaxın terminal var idisə, hazırda Bakı şəhərinin bütün ərazisini əhatə edən 1600-dən çox “MilliÖn” ödəmə terminalı “BakıKart” ödənişini qəbul edir. Bu gün vətəndaşlar ictimai nəqliyyatda ödənişlərini nəinki “BakıKart” plastik kartları, həm də eyniadlı mobil tətbiq vasitəsilə edə bilirlər. “BakıKart” plastik kartlarını idarə etmək və səfər planlamasını aparmaq üçün iyunun 20-dən tətbiq istifadəyə verilib. Bu tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaya, “BakıKart” plastik kartların balansını artıra və gediş haqqını ödəyə bilərlər. İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər" - deyə, AYNA-dan bildirilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »