Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bir otaqda oturub, dünyanı silkələyən adam – Assancın son durumu
Başı qalmaqallardan açılmayan Culian Assancın son durumu

ABŞ-ın gizli diplomatik yazışmalarını bütün dünyaya faş edən “WikiLeaks”ın qurucusu Culian Assanc heç şübhəsiz ki, 21-ci əsrin ən qalmaqallı personalarından biri sayılır. Bəli, o, dünyanı bir günün içində, heç vaxt sakitləşməyəcək şəkildə lərzəyə gətirdi. Hələ də dünya ondan və ətrafında baş verən proseslərdən danışır.

Yeni Müsavat” xatırladır ki, “WikiLeaks” veb saytının yaradıcısı 2010-cu ildə iki qadına qarşı seksual zorakılıq əməlinə görə ittiham edilib. O, özü bu ittihamı rədd edir.

2014-cü ilin noyabrında isə C.Assancın qiyabi şəkildə apelyasiya məhkəməsi baş tutmuşdu. Assanc Amerika hökumətinə məxsus məxfi sənədləri ifşa etməkdə və İsveçdə cinsi zorakılıq törətməkdə ittiham olunur. Assancın vəkili onun həbsinə dair qərarın ləğv edilməsi üçün apelyasiya məhkəməsinə müraciət etmişdi.

İsveçdə keçirilən məhkəmə Assanc üçün uğursuz nəticə vermiş, hakimlər həbs qərarını ləğv etməmişdilər. Assanc 2012-ci ilin iyun ayından etibarən Böyük Britaniyanın paytaxtı Londonda Ekvadorun bu ölkədəki səfirliyində siyasi sığınacaq əldə edib. O, 2006-cı ildə Amerika hərbi qüvvələrinin İraqda keçirdiyi qanunsuz əməliyyatları ifşa etmiş, helikopterlə keçirilən əməliyyatlardan biri zamanı 18 mülki vətəndaşın güllələnərək öldürüldüyünü nümayiş etdirmişdi. Culian Assanc ona məxsus gizli teletaypları açıqladığı üçün Amerika Birləşmiş Ştatlarının qəzəbinə gəlib. Məlumatın mediaya sızması Amerika hökumətinin imicinə ağır zərbələrdən biri hesab edilir.

Assancın gerçək hekayəsi – qaramatla dolu

Amma bura qədər yazdıqlarımız onun gerçək kimliyini üzə çıxarmır. Dünyanı lərzəyə gətirən adamın özü qədər ilginc bir hekayəsi var.

Assanc 1971-ci ildə Avstraliyada anadan olub. Uşaqlıqda riyazi istedadı ilə seçilirdi. Ancaq bu ona həm də çətinliklər yaradıb. 24 yaşında kompüter quldurluğuna görə məhkəməyə çıxarılıb, bir neçə min dollar cərimə ilə həbsxanadan qurtula bilib.

Sonra 3 il Suelette Dreyfusla internet araşdırmaları aparıb, onların bestsellerə çevrilən birgə kitabı da çıxıb. Dreyfus deyir ki, Assancı həmişə mənəviyyat, ədalət və hökumət nə edə bilər, nə edə bilməz sualları maraqlandırırdı. Assanc daha sonra Melburn Universitetində riyaziyyatdan və fizikadan kurslar aparıb. Yerli riyazi cəmiyyətin sevimlisi olub.

Avstraliyada doğulan Assancı anası tək böyüdüb. Hələ 14 yaşı olmadan anası ilə 37 dəfə fərqli yerlərə köçüb və 11 yaşında ikən evdən qaçıb. Onun hərəkətlərindən narahat olanlar iddia edirlər ki, Assanc gənc yaşlarında hakerlik etməyə başlayıb, təşkilatlara zərər verib.

Bir başqa məlumata görə isə onun anası ilə atası Vytenam müharibəsi əleyhinə nümayişdə tanış olublar. Müxalif tərəfdarı olması da ona valideynlərindən qalan “miras”dır.

Assanc nələr edib, hansı qaranlıq işlərdə imzası olub?

Assanc və dostları bir çox saytları sıradan çıxarıblar. Bu saytlar içərisində Amerika müdafiə Nazirliyinin saytının da olduğu bildirilir. Assancın fəaliyyəti bir müddət vətəni Avstraliyada izlənilib. Hakim qarşısına çıxarılsa da, simvolik təminatla xilas ola bilib. Bu hadisədən sonra hakerlikdən əl çəkən Assanc özünə jurnalistika sahəsində karyera qurmaq qərarına gəlib. 2006-cı ildə “WikiLeaks”adlı saytı yaradan Assanc gizli məlumat və sənədləri dərc edir. Keniyaya dair yaydığı məlumatlara görə, 2009-cu ildə Beynəlxalq Əfv Təşkilatından mükafat alan avstraliyalı jurnalist keçən ilin aprel ayında iraqlı vətəndaşların və “Reuters” agentliyinin fotoqrafının ABŞ əsgərləri tərəfindən öldürülməsinə dair görüntülərlə İraqda gərginlik yaradıb. 5 redaktoru və 800 könüllüsü olan “Wikileaks”in rəhbəri Assanc bütün bunları gizli şəkildə dərc etdirmək məcburiyyətindədir. O öz fəaliyyətini davam etdirmək üçün Şərqi Afrikada Keniya və Tanzaniyaya, bəzən isə İslandiyaya gedib.

O, Türkiyənin “Hürriyet” qəzetinə verdiyi məlumatda “Wikileaks” həqiqətlərindən danışıb.

Assancın “Hürriyet” qəzetinə verdiyi müsahibədə söyləyib ki, “Dərc etdiyim hər xəbər həqiqətə söykənir. Qəzetlərin etməli olduğunu “Wikileaks” edir. Buna görə də dünyanın dörd bir yanından inanılmayacaq dəstəklər gəlir. Çox gözəl insanlar mənə dəstək verir. Buna görə də ürəyim rahatdır”.

Dünyada həqiqi islahat etmək istəyənlərdən biri…

Assanc “WikiLeaks”i çalışdırmağa 2006-cı ildə başlayıb. O, müxtəlif ölkələrin məxfi hökumət sənədlərini çap edirdi. Həmtəsisçi Daniel Şmidt deyir: “Assanc dünyada həqiqi islahat etmək istəyən çox az adamdan biridir”.

“New Yorker” jurnalının reportyoru Raffi Xatçaduryan bir neçə həftə Assancı müşayiət edib. O deyir ki, Assanc yemədən, çox az yatmaqla uzun müddət işləyə bilir. Assancın öz ətrafında yaratdığı bu işgüzar atmosfer hamını ona kömək etməyə sövq edir. Reportyorun fikrincə, Assancın iki üstünlüyü var- xarizma və ətrafında yaratdığı bu mühit.

Assanc 2011-ci ildə 240 min funt sterlinq zəmanət qarşılığında Londonda ev dustağı həyatı yaşayıb. Onun pasportu əlindən alınıb, yaşadığı evdən belə çıxmasına qadağa qoyulub. O, hər gün London polisinə hesabat verməli və elektron qolbaq taxmalıdır.

“Wikileaks” saytında yüz minlərlə qalmaqallı sənəd dərc edildikdən sonra məşhurlaşan Culian Assanc 2007-ci il dekabrın 7-də Londonda İsveç tərəfindən verilmiş order əsasında həbs edilib. Dekabrın 16-da London məhkəməsi onu girov müqabilində azadlığa buraxıb. O vaxtdan qalmaqallı saytın yaradıcısı Londonun şərqində biznesmen dostu Von Smitin evində faktiki ev dustaqlığında yaşayıb. Stokholm prokurorluğu onun İsveçdə seksual xarakterli cinayətlərlə bağlı dindirilməsi üçün bu ölkəyə verilməsini tələb edir. Culian Assanc isə 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə gedərək, Latın Amerikası ölkəsindən siyasi sığınacaq istəyib.

“”WikiLeaks” sənədlərin dərc olunmasını davam etdirəcək. Bu gün mənim üçün mühüm qələbədir. Lakin yol indi başlayır, əsl müharibə hələ qabaqdadır”. C.Assanc İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlər qarşısına çıxarkən, 2017-ci ilin mayında bu fikirləri səsləndirmişdi.

Həmin vaxt İsveç prokurorluğu Culian Assancın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarmış və məhkəməyə onun həbsi üçün verilmiş orderin ləğv olunmasını tövsiyə etmişdi. Lakin Britaniya polisi bildirmişdi ki, Assanc Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq. Skotlend-Yard bunu Vestminsterin magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assancın həbsinə order verməsi ilə əsaslandırıb.

2010-cu ildə Stokholmda seksual xarakterli cinayət törətməkdə ittiham olunan Assanc həmin ilin dekabrında İsveç hüquq-mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanc 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ildən artıq bu ölkənin Londondakı səfirliyində qalıb.

Bu il yanvarın əvvəlində isə bəlli olub ki, Ekvador “WikiLeaks”in təsisçisi Culian Assancı ölkəsinin Londondakı səfirliyindən qovmaq niyyətindədir. “Yeni Müsavat” ntv.ru-ya istinadən xəbər verir ki, Assanc Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib. Daha öncə isə məlum olmuşdu ki, Assanc Ekvator prezidentindən onu haker adlandırdığı üçün inciyib. Wikileaks portalının baş redaktoru bu cür xarakteristika ilə razılaşmayıb və özünün jurnalist olduğunu xüsusi vurğulayıb. Hazırda ölkə Assancın səfirliyin binasından çıxarılması ilə bağlı Böyük Britaniya ilə danışıqlar aparmaq üçün vasitəçi axtarır.

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
››› Azərbaycana qar yağdı - Foto
Son xəbərlər
Bütün xəbərlər »