Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəsmi Bakının “gürcü arzusu”
Rəsmi Bakının “gürcü arzusu”

Azərbaycanın yeni təşəbbüsü: üçtərəfli formatın perspektivləri

Belə bir deyim var: hər yeni çoxdan unudulmuş köhnədir. “Qafqaz evi” ideyası da çoxdan unudulmuş köhnədir. Daha doğrusu, heç də unudulmamış. Azərbaycan öz müstəqilliyini bərpa edərkən Konstitusiya Aktında da göstərmişdi ki, 20-ci əsrin əvvəlində yaranmış və 23 ay sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. İndiki Azərbaycan Respublikası varisi olduğu dövlətin mühüm ənənələrini davam etdirməyə qərar verib. Bunun əsası da 1991-ci il avqustun 30-da və oktyabrın 18-də qəbul edilmiş istiqlalı bərpa səbədləri ilə qoyulub.

Bəli, ötən əsrin əvvəllərində Azərbaycan, Gürcüstan və Ermənistan öz müstəqilliklərini bəyan etdikdən sonra mütərəqqi Azərbaycan ziyalıları “Qafqaz evi” ideyasını irəli sürmüşdülər. Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi mütəfəkkirlər, ideoloqlar bu konseptual baxışı əsaslandırmış və təklif etmişdi. “Qafqaz evi” Cənubi Qafqazın üç müstəqil dövlətinin vahid əməkdaşlıq sistemini nəzərdə tuturdu. Onda hələ nə Avropa Birliyi var idi, nə Avropa Şurası, nə ATƏT filan. Azərbaycan ziyalıları induiki Avriopa İttifaqı modelini təklif etməkdə Avropa siyasətçilərini 60-70 il qabaqlamışdılar. Ancaq hər üç Cənubi Qafqaz ölkəsi təkrar rus işğalı nəticəsində öz dövlət müstəqilliyini itirdi, 1922-ci ildə yeni formatda rus imperiyası quruldu. Bu Sovet İttifaqı idi. Hər üç respublika da o İmperiyanın tərkibinə qatıldı. Beləliklə, bu ideya reallaşa bilmədi. 1990-cı illərin əvvəllərində Sovet İttifaqı ərazisində - formal olaraq müttəfiq sayılan respublikalarda gedən milli-azadlıq hərəkatları nəticəsində Sovet dövləti dağıldı. Hər üç Cənubi Qafqaz xalqı yenə də öz dövlətini qurdu. Ancaq Ermənistanın xaricdən təhriklə və dəstəklə Azərbaycana qarşı hərbi təcavüz, terrorçuluq, işğal və qarət siyasəti – elan edilməmiş və tam 30 il sürmüş müharibə Cənubi Qafqazda sülhə və sabitliyə əsaslanan bir formatın qurulmasına imkan vermədi. “Qafqaz evi” ideyasının reallaşması üçün yaranmış yeni tarixi şans ən azı 30 il ertələnmiş oldu.

Azərbaycan prezidenti İlham Əliyev də bunu tarixi şans hesab edir. Onun Gürcüstana son səfərinin də gündəliyində bu məsələ - Cənubi Qafqaz ölkələrinin üçtərəfli əməkdaşlıq formatı mərkəzi yer tuturdu. Prezident Əliyev bu format haqqında əvvəllər də çox danışmışdı, əsaslandırmışdı. Ancaq Azərbaycan ərazilərinin işğal altında olması bu ideyanı reallaşdırmağa təqribən yüz il əvvəlki kimi yenə də imkan vermirdi. Gürcüstan səfiri çərçivəsində baş nazir İrakli Qaribaşvili ilə birlikdə brifinqdə prezident bunu xüsusi vurğuladı. Ancaq Azərbaycanın 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü, lokal antiterrror tədbirləri ilə isə öz suverenliyini bərpa etdikdən sonra Azərbaycan üçtərəfli formatı yenidən gündəmə daşıdı. Bu, prezident İlham Əliyevin yeni təşəbbüsüdür. Xüsusilə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda yeni siyasi vəziyyətin yaranacağını qeyd elədi. Bu, bölgənin hər üç ölkəsinin öz aralarında əməkdaşlıq etməsi, bölgənin problemlərini öz aralarında həll etmələri, hər üç ölkənin inkişafı üçün birgə layihələrin həyata keçirilməsi baxımından yeni vəziyyət olacaq. Təşəbbüsün məğzi budur. Eyni zamanda bu, bölgəyə regiondan uzaqda yerləşən kənar qüvvələrin, dövlətlərin nüfuz etməsinin qarşısını almağa imkan verə bilər.

Uzun onillər ərzində Xəzər dənizinin hüquqi statusu ətrafında danışıqlar gedirdi. Bu problemin həlli üçün səmimiyyətlə və israrla çalışan əsas ölkə Azərbaycan idi. Burda da regiondan kənar güclərin Xəzər hövzəsinə nüfuz etməsinin qarşısı alındı. Əsas məsələlərdən biri bu idi. Eyni yanaşma bütövlükdə Qafqaz regionu, o cümlədən Cənubi Qafqaz subregionu üçün keçərlidir. Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İranı əhatə edə biləcək “3+3” formatı da, məhz Qafqaza kənar güclərin daxil olmasının qarşşısını almaq və bölgə ölkələrinin öz arasında əməkdaşlığa yönəlməsi üçün düşünülüb. Bu formatın da əsas təşəbbüsçülərindən biri Azərbaycandır. Ancaq İranın və Ermənistanın destruktiv mövqeyi üzündən hələlik bu format alınmır. Daha sonra Türkiyə prezidentinin dördtərəfli görüş təklifi oldu; Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə formatında. Bu, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında danışıqların sürətlənməsini, nəticəyə bağlanmasını nəzərdə tuturdu. İranın, Fransanın, başqa güclərin təhriki ilə rəsmi İrəvan bu təşəbbüsə də cavab vermədi. Növbəti təşəbbüs isə üçtərəfli əməkdaşlıq formatıdır. Eyni zamanda Azərbaycan Ermənistanla sülh danışıqlarında Gürcüstanın vasitəçiliyini təklif etdi. Dedi ki, əgər Ermənistan buna müsbət yanaşarsa, Azərbaycan rəsmiləri Gürcüstanın vasitəçiliyi ilə bu ölkənin ərazisində həm ikitərəfli, həm də üçtərəfli görüşlərə hazırdır.

Bu, maraqlı və mühüm siyasi addım idi. Ermənistanın Almaniya, Fransa, Avropa İttifaqı ilə birlikdə Azərbaycansız və əsasən Azərbaycanın maraqları əleyhinə bəyannamə imzalamasına İlham Əliyev belə bir diplomatik gedişlə cavab verdi. Ermənistan bu təklifi qəbul etməsə, Gürüstanın vasitəçiliyindən imtina etmiş olar. Bu da Cənubi Qafqazda Ermənistanın durumunu daha da çətinləşdirər. Çünki Hindistan və İran, eləcə də, Ermənistan, Gürcüstan vasitəsilə Qara dənizə, oradan Avropa bazarına çıxış üçün yeni nəqliyyat dəhlizi layihəsini reallaşdırmağa çalışır. Gürcüstanın Azərbaycanla, eləcə də, Türkiyə ilə daha da yaxınlaşması, eyni zamanda Rusiya ilə münasibətlərini yumşaltması Ermənistanı sülhə iqtisadi-geostrateji məcburetmə baxımından ciddi faktorlardır. 1990-cı illərin ortalarında bölgədə regional və qlobal əhəmiyyətli layihələr reallaşarkən Ermənistan öz yanlış siyasəti ilə özünü nəhəng imkanlardan  kənarda qoymuşdu. Budur, “Orta dəhliz” ideyası reallaşmağa doğru gedir. Yenə də yeni regional və qlobal önəmi olan layihələrə start verilir. Bu, Ermənistan üçün sonuncu şans ola bilər. Baş nazir Nikol Paşinyan da bunu anlayır; tez-tez Ermənistanın müstəqil dövlət kimi qalıb-qalmaması dilemması yarandığını deyir. Təhlükəni hiss edir. Türkiyə Prezidenti dedi ki, Ermənistan razı olmasa, dəhliz İrandan keçəcək. Azərbaycan prezidenti bəyan etdi ki, Gürcüstan üzərindən reallaşan nəqliyyat-kommunikasiya layihələri daha da genişlənəcək, Gürcüstanla yeni investisiya layihələr reaallaşacaq və sair. Ermənistan Vaşinqtonla, Parislə, Brüssellə oyunlarında daha da irəli gedərsə, Rusiyanın Azərbaycan və Türkiyə vasitəçiliyi ilə Gürcüstanla münasibətlərini normallaşdırmaya gedəcəyi də, hətta maraqları tələb edərsə, Qarabağda olduğu kimi, Gürcüstanın da ərazi bütövlüyü və suverenliyi məsələsində güzəştlər edə biləcəyi mümkündür. Kənar güclərin – ABŞ, Avropa İttifaqı, eləcə də, Fransanın Cənubi Qafqaza arxa qapıdan – Ermənistandan girişi ən çox Rusiyanın maraqlarına ziddir. Çünki Qərb Ermənistanda möhkəmlənərsə, Moskva nəinki Cənubi Qafqazdan, hətta çox da uzaq olmayan perspektivdə Şimali Qafqazdan da sıxışdırıla bilər. Bu, Türkiyənin də, Azərbaycanın da, Gürcüstanın da maraqlarına ziddir. Kollektiv Qərbin Cənubi Qafqaza daxil olaraq Rusiyanı cənubdan da mühasirəyə almaq cəhdi, bölgədə yeni qarşıdurmalar, müharibə risqi Rusiya ilə dəniz sərhədi olan  Türkiyəni, yaxın qonşuları olan Azərbaycanı və Gürcüstanı narahat etməyə bilməz. Odur ki, bölgə dövlətlərinin qarşısnda duran əsas məsələ kənar güclərin Cənubi Qafqaza girişini önləməkdir. Bu baxımdan, Azərabaycan-Gürcüstan gündəliyi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, üçtərəfli formatda əməkdaşlığın reallaşması bölgə üçün həyati  əhəmiyyət daşıyır.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »