Epiqraf:
“Bağlı qapılar arxasında
susmuş piştaxtaların
toz basmış səssizliyinə
lənət oxuyurdu,
kəsilmiş tıxacları özləyirdi
aqressiya...”
(Bu misralar Aysel Xanlarqızı Səfərlinin “Karantin boşluğu” adlı şeirindəndir).
...Pandemiya dövründə, bəli, evlərə tıxanmış şəhər bayırdakı tıxaclardan ötrü darıxırdı. Şairin yazdığı kimi, tıxacsızlığaymış aqressiya. Amma indi?!
Pandemiya bitəndən və hamı “ev dustaqlığı”ndan qurtarıb “bayıra çıxandan” sonra, yəni, bütün şəhər “şəhərə çıxan” kimi aqressiyanın yönü-yöntəmi dəyişdi; oxlar artıq başqa adresləri göstərir.
Yox, tıxacdan danışmayacam; daha danışmalı nə var ki?! Tor tutmuş gözlərə göstərəcək, ya da pas atmış qulaqlara deyəcək nə qaldı?! Heç nə! Böyük-böyük heç kimlərə yekə-yekə heç nələr deməyin nə anlamı var?! Onsuz da hər şey göz qabağında!
Məktəblər açıldı, dərslər başlandı və... yenə də bu şəhər “sinifdə qaldı”. Çünki maşınlar yollarda, adamlar dayanacaqda qalmışdı; Bakı adlı meqapolis özü boyda bir maşın və adam dayanacağına dönmüşdü. Dayanıb durmuşdu. Özü də dayanıb-durmanın qadağan olduğu nöqtədə. Hərəkət sistemi çökmüşdü. Əgər buna “hərəkət” və “sistem” demək olarsa...
Başlanğıcdakı şeirə qayıdım: bəli, pandemiya vaxtı heç kimi (ya da, demək olar, heç kimi) küçəyə buraxmırdılar, postpandemiya gəldi, hamını küçəyə buraxdılar. Pandemiyada evlərdə ruhumuz tıxacdaydı, postpandemiyada küçədə tənimiz tıxacdadır. Yol-patrul “dilində” adını “sıxlıq” qoymuşuq... da, məğzi ki dəyişməyib.
Soruşacaqsınız ki, bu sətirləri “tıxac dərsi”, “sıxlıq imtahanı” günü niyə yazmamışam?! Cavab: həmin gün atın belindəki aqressiya idi. Emosiyaların köhləni şahə qalxmışdı, dırnaqları ilə yeri eşirdi, “göyü cırmaqlayırdı”. Ancaq biz düşünmək üçün özümüzə də, bu dərdə dərman olacaqlara da zaman verdik. Həm də araya başqa, daha mühüm olaylar düşdü; Qarabağın geosiyasi “tıxacı”ını çözməyə getmişdik.
Şəksiz-şübhəsiz, paytaxtda hər gün yaşanan bu qorxunc tıxac müşkülünün də ağıllı bir həlli olmamış deyil. Yəhudi aqilləri deyib: “Hər çıxılmaz vəziyyərdən ən azı iki çıxış yolu var”. Bu iki yoldan birini görə bilmiriksə, problem özümüzdədir. Bəsirət gözümüz bağlıdır, demək. Yetkili insanlar olanlara, olacaqlara (elə olub keçmişlərə də), sadəcə, gözü ilə baxmasa, ürəyi ilə görsə, nə dərd qalar, nə tasa. Amma hanı?! Bəzilərimiz ürəyimizlə görə biləcəyimiz nəsnələrə ən yaxşı halda gözümüzün ucu ilə baxırıq. Elə bəlkə də hamımız.
Bəli, hamımız küçələrdəki tıxaclardan gileyliyik. Ancaq bunun sirri-səbəbi bəlli: pandemiya zamanı ruhumuz tıxanmışdı, amma indi... ruhumuzda tıxac var. Beynimizdə, ürəyimizdə... Qulağımızda tıxac var. Fəryadlara karıq. Həqiqətə lalıq; dilimizdə qıfıl var (o da bir cür tıxac!).
Bir az əvvəl “ev dustaqlığı” söz birləşməsini işlətmişdim. Əslində “ev” və “dustaqlıq” bir-birinə bu qədər tərs, daban-dabana zidd ikən bir söz birləşməsi içində yan-yana gəlmişlər, heyrət! Beləcə “ev dustaqlığı” deyə bir hüquqi anlayış, bir cəza proseduru yaranmış. Hətta evindən qıraqdakı dustağın xəyalı dərəcəsinə də yüksəlmiş!
Öz evində oturmusan və... dustaqsan!
Biz bu filmə bir dəfə baxmışıq axı, deyəsən. Həm də hamılıqla. Yaxşı bilirik ki, evdəki dustaqlıq “bayırdakından” çox da yüngül bir şey deyil. Bəli, istintaq altında, ya da məhbəsdə olan xeyli şəxs var ki (bəlkə də elə hamısı), ev dustaqlığı arzusu ilə yatıb-qalxır. Onların da içində az bir qism bu ev dustaqlığı üçün cəsarəti çatdığı qədər, bacardığı kimi və öz imkanlarınca, savaşır. Təbii ki, hüquqi anlamda, legitim prosedur çərçivəsində. Həm də savaşanlar cəmiyyətdə az-çox tanınmış məhkumlardır.
Günün bu günündə məhkəmələrdə ev dustaqlığına buraxılmaq tələbi ilə vəsatətlərə baxılır. Və təbii ki, rədd edilir. Hələ mən bir məşhur məhbusun ev dustaqlığına buraxıldığını görmədim. Ya da var, mən görməmişəm. Ola bilsin, cəmiyyətdə tanınmamış məhbuslardan, ya da məhkumlardan “evə buraxılanlar” olur, deyə bilmərəm. O da olsun. Haqqı olan hər kəsin... haqqıdır bu. Ancaq bir alimin, ümumiyyətlə, ölkəyə, millətə, lap elə dövlətə, elmə, təhsilə faydası dəyəcək insanların “dörd divar arasında” tutulması cəzadırsa, bu evdə oldu, ya həbsxanada – nə fərqi var?! Fərqi varsa (ki, bəli, var!), bu, o insanların – məşhur dustaqların əleyhinə olan fərqdir.
Topluma faydalı insanların toplumdan qoparılması özümüzün özümüzə verə biləcəyimiz ən ağır cəzadır!
Şəxsin özünə gəlincə... Həbsxanadakı elmli, ziyalı insanın həmişə iki təməl sıxıntısı olur: mənəvi və fiziki. Bir yandan, ruhu sıxılır, öyrəşmədiyi (öyrəşə bilmədiyi, ya da öyrəşmək istəmədiyi) mühitdə darılır, daxili əzabı ikiqat olur. O biri yandan da fiziki olaraq sağlam qalmaq, həyatda qalmaq, fiziki təhdid və təhlükələrdən qorunmaq qayğısı var. Həm də bu, təkcə o məşhur adamın özünün, ailəsinin, sevənlərinin qayğısı deyil. Elə onu məhkum edən sistemin də daşıdığı artıq yükdür. Belə məşhur məhbusları qorumaq üçün dövlət əlavə (hətta bəzən də xüsusi) resurslar sərf edir. Ancaq o “şübhəli, ya da məhkum (ziyalı) şəxs” öz evində dustaq olsa, öz ailəsinin içində, öz iş otağında, yazı masasının arxasında olsa, bu, dövlətin də bir anlamda yükünü yüngülləşdirər. Hələ adam günahsızdırsa, ümumiyyətlə, evində oturmalıdır, türmədə yox – bu da ayrı məsələ!
Qısası, pandemiyada bütün başqa toplumlar kimi, biz də artıq hamılıqla “ev dustaqlığını” yaşamış xalqıq (lütfən, “evdən diplomatiya” ilə qarışdırmayın – o ayrı bir şeydir). Üstəlik küçələrdə ağır tıxaclara düşüb “bayır dustaqlığı”nı da yaşamaqdayıq. Yəni hamılıqla az-çox bələdik bu "dustaqlığa". Hətta hərəmiz bir formada hələ də bir az elə bu “dustaqlıq” modundayıq.
Amma... bir də var “içəridə” dustaq olmaq.
“Bayır dustaqlığı” bizdə bunca aqressiya doğurursa, əksini düşünün.
Sözümün canı odur ki, evdə dustaq olmağın necə əzablı-keşməkeşli olduğunu bilirik.
Əmin olun: əli toplumun nəbzində olan adam üçün, ürəyi millətin dərdi ilə döyünən insan üçün evdən çıxa bilməmək - cəmiyyətə qarışa bilməmək elə ən ağır cəzadır. Bəlkə buraxaq o alimi, öz evində ailəsi qorusun, yedirsin, geydirsin. Sağlamlığının qayğısını da özü və ailəsi çəksin. Bu qədər sıx və mühüm (həm də bir yanı qaranlıq və qarışıq!) gündəmin içində nədən bu qədər artıq yükü də dövlət, onun hüquq sistemi, cəza sistemi öz çiyinlərində daşısın ki?! Üstəlik xarici basqılara da əsas, ya da bəhanə verərək. Niyə?!
Başımız bir az açılanda, məsələyə bu tərəfdən baxsaq, məncə, pis olmaz.
Hələ onu demirəm ki, legitim cəza haqlı, ya da haqsız olaraq, qisas hissi ilə assosiasiya olunanda daha da bərbad görünürük.
Bu barədə əvvəllər də yazmışam. Bəlkə də bunu kimsə yanlış yozacaq. Amma mən doğru bildiyim fikirlərimi yazıram. Əgər cəmiyyətin az-çox düşünə bilən insanları yanlışlar haqqında doğruları deməsə, doğru ilə yanlışın fərqi qalmaz. O zaman bütövlükdə toplum yanlışa doğru yönələr, yönünü itirər, uçuruma gedər. .
Ayıq intellektualların öz milləti qarşısında həqiqət öhdəliyi var. Və bu həqiqəti çığırmadan, bağırmadan, isterikasız, aqressiyasız... demək öhdəliyi də həmçinin.
Təhlükəsiz və firavan bir cəmiyyətə çatmaq üçün səlahiyyətli idarəçilərin və həqiqətə borclu intellektualların bir-birinə ehtiyacı var. Dünyanı yüksək (həm də ortaq) ağıl ayaqda tutar. Bizi də İQ (“ay-kü”) xilas edəcək, HAY-KÜY yox!
Hay-küylü - isterik hayların küyə gedib düşdüyü zavallı durumu görürsünüz. Biz ki onlar deyilik! Daha nə deyim?!
Bahəddin Həzi, Bizimyol.info