Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarının şikayəti üzrə qərarı açıqlayacaq
Avropa Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarının şikayəti üzrə qərarı açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsi gələn həftə Azərbaycandan göndərilmiş ərizələr əsasında çıxardığı 6 qərarını açıqlayacaq. Bunların arasında həm Azərbaycana, həm də Ermənistana qarşı iddialar var. Hətta Rusiya vətəndaşı da Ermənistanın cəzalandırılmasını istəyir.

Bizimyol.info xəbər verir ki, oktyabrın 5-də Azərbaycandan göndərilmiş 10-dan artıq ərizə üzrə qərarlar elan olunacaq. Ən diqqət çəkən və Azərbaycanda maraqla gözlənilən qərarlardan biri uzun müddət Ermənistanda əsirlikdə olmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyat yoldaşlarının ərizələri üzrə çıxarılan qərar olacaq.

Şəmkir rayonunun Çinarlı qəsəbəsinin sakini Firuzə Əsgərova və Tərtər rayonunun Qarağacı kəndində yaşayan Albina Veselova Fransanın Strasburq şəhərində yerləşən Avropa Məhkəməsinə göndərdikləri şikayətlərində göstəriblər ki, həyat yoldaşlarının saxlanılması, orada mühakimə edilməsi, uzunmüddətli həbs cəzasına məhkum olunması onların İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasında nəzərdə tutulan bir sıra hüquq və azadlıqlarını pozub. Onlar konkret olaraq, Konvensiyanın 3-cü (işgəncə, pis rəftara məruz qalmamaq), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq) və 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq hüququ) maddələrinin pozuntusunun tanınmasını istəyiblər.

Qeyd edək ki, Albina Veselova Rusiya vətəndaşıdır.

Ermənistana qarşı şikayətçi olan daha bir azərbaycanlı isə Goranboyun Tapqaraqoyunlu kənd sakini Abbas Allahverdiyevdir. O, 2016-cı ildə aprel döyüşləri zamanı Ermənistan ordusunun onun təsərrüfatına böyük zərər vurduğunu bildirir. Ərizəçinin evinə mərmi düşüb, 60-dan artıq heyvanı tələf olub. Həmin vaxt Abbas Allahverdiyev özü də yaralanıb.

Tərtər rayonunun Qapanlı kənd sakini İslam Əliyev də oxşar iddia ilə ərizə hazırlayıb. 86 yaşlı Azərbaycan vətəndaşı 7 il əvvəlki döyüşlərdə böyük zərərlə üzləşib. O, Ermənistanın təzminat ödəməsini tələb edir.

Qurbanov soyadlı şikayətçinin oğlu 2016-cı il dekabrın 29-da həlak olub. Ermənistan tərəfi hərbçinin meyitini bir müddət vermək istəməyib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »