Samvel Şahramanyan"fərman" verdi. "Dağlıq Qarabağ Respublikası" adlandırdıqları qanunsuz, separatçı rejim buraxıldı. Xankəndi, Xocalı, Xocavənd rayonlarında Azərbaycanın dövlət idarəçiliyi başlandı.
Əlbəttə, hamı sevinir. Amma bəzi insanlarda sual yaranır ki, Şahramanyanın "başçılıq" etdiyi rejimin saxta "müstəqilliyi" dünyada tanınmırdı. Bu, beynəlxalq hüququn subyekti deyildi. Heç Ermənistan da rəsmən tanımamışdı. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Şahramanyanı təbrik etməmişdi. Heç bir hüquqi əsası olmayan bir qurumun "başçısı"nın verdiyi fərman nəyi dəyişir?!
Bu məsələyə qısaca aydınlıq gətirməyə çalışaq.
Bəli, Şahramanyanın imzaladığı "fərman" Azərbaycan üçün heç bir hüquqi nəticə yaratmır. Ancaq bölgədə onu hüquqi olaraq tanıyan erməniəsilli insanlar və hələ də müqavimət göstərməyə çalışan silahlı ünsürlər üçün bir nəticə yaradar. Azərbaycan bu rejimi haqlı olaraq saxta hesab etsə də, Şahramanyanın "fərmanı" doğurduğu və doğuracağı faktik nəticələrlə əhəmiyyətlidir. Saxta da olsa, qanunsuz da olsa, faktik bir idarəçilik olub; sərəncamında resurslar, datalar, arxivlər, sənədlər var. Yaşayış məntəqələri, təsərrüfat normal fəaliyyətini davam etdirməlidir. Əhaliyə məxsus əmlak, eləcə də, inzibati binalar, infrastruktur, sosial obyektlər Azərbaycana təhvil verilməlidir. Bunları da o bölgəni qanunsuz da olsa, faktik olaraq, idarə etmiş şəxslər və qurumlar təhvil verməlidir. Bu, sonrakı spekulyativ şərhlərə və narrativlərə də yer qoymur. "Azərbaycan gəlib, zorla devirdi" deyə haray salanların arqumenti vuruldu (hərçənd zorla devirməyə rəsmi Bakının haqqı da var, Konstitusion əsası da). Erməniəsilli şəxslər qanunlarımızı tanıyıb vətəndaşlığımızı qəbul edərək yaşaya bilər. Bunu ölkə prezidenti özü də bəyan edib. Deməli, ən yüksək səviyyədə təminat verilib. O bölgədə adamları Azərbaycanın qanunlarının idarəsi altına keçirməkdən söhbət gedir. Deməli, oraya qanunları gətirməlisən. Azərbaycan dövləti də bunu edib. Bütün strukturların ləğvi və Azərbaycana inteqrasiya olunması üçün 2024-cü il yanvarın 1-dək müddət müəyyən olunub. Bunlar separatçıların "başçıları" ilə Dövlət Təhlükəsizliyi Xidməti arasında danışıqların nəticələridir; Azərbaycan dövləti bütün mümkün vasitələrdən istifadə edir ki, bu proses dinc, sakit və qanuni məcrada getsin.
Bu arada separatçı rejimin keçmiş və indiki rəhbərlərinin həbsi və ya təslim alınması da başqa bir mühüm prosesdir. Çünki bu rejimin, xüsusilə, indiki "rəhbər"ləri ölkədən kənara çıxmaq imkanı qazansaydılar, ola bilsin, "mühacirət hökuməti" yaratmaq kimi bir avantüraya da əl ata bilərdilər. Buna da bölgəyə nüfuz etməyə, bu səbəbdən, Azərbaycanın iradəsinə təsir, hətta təzyiq göstərməyə həvəsli xarici dairələr fürsət kimi baxa bilərdilər. Separatçı rejimin "başçısı"nın öz imzası ilə strukturların ləğv edilərək reinteqrasiyaya keçid olunması doğru qərardır.
Əsas nəticə bundan ibarətdir ki, Azərbaycanda dövlətin nəzarətindən kənarda, "boz" ərazi qalmır. Ölkə Prezidenti hər zaman deyirdi ki, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verməyəcək. Göründüyü kimi, imkan vermədi. Bu, çox böyük tarixi qələbədir. Ən yaxın tarixdə bənzəri olmayan bir hadisədir. İspaniyada Katoloniyanı misal gətirə bilərsiniz. Amma o bölgə bu şəkildə silahlanmamışdı. Beynəlxalq dəstəyi nəinki yox idi, əksinə, bütün Avropa, dünyanın böyük dövlətləri İspaniyanın mərkəzi hökumətini dəstəklədi. Bizim nümunəmizdə isə, belə bir dəstək yox idi. Əksinə Ermənistan üzərindən separatçı rejim dəstəklənirdi. Çeçenistan desəniz, Rusiya nəinki silahlı müqaviməti əzdi, mülki əhalini də qan içində boğdu. Çeçenistan Rusiyanın federasiya subyekti kimi reinteqrasiya edildi. Həm də nəhəng zorakılıqla. Özü də illərlə çəkən amansız müharibə ilə. Azərbaycan isə legitim hədəfləri qısa müddətdə hərbi yolla məhv etməklə, ancaq əhaliyə və mülki infrastruktura, mülki, sosial obyektlərə zərər vurmadan prosesi başa çatdırdı. Qarabağın dağlıq hissəsinə də hansısa xüsusi status vermədən. Hərçənd uzun on illər ərzində Azərbaycan bölgəyə ən yüksək muxtariyyət statusu təklif edirdi, ancaq işğalçı Ermənistan və Qarabağdakı keçmiş separatçı rejim bununla razılaşmır, "müstəqillik" xülyasına qapılmışdılar. Nəticə: əldə var sıfır.
Bu səbəblərdən, Azərbaycan prezidenti həm hərbi sərkərdə kimi, həm mahir diplomat kimi öz adını tarixə yazdırdı. Azərbaycan ordusu, diplomatiyası da həmçinin...
Bahəddin Həzi, Bizimyol.info