Hazırda İranda Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 120-dən çox müşahidəçisi çalışır, ona görə də onlardan bəzilərinin akkreditasiyasının ləğvi İslam Respublikasının agentliklə əməkdaşlığının azalması demək olmaz.
Bizimyol.info xəbər verir ki, bu sözləri İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami Qətərin Əl-Cəzirə telekanalına müsahibəsində deyib.
“Hazırda İran öz obyektlərində MAQATE-nin 120-dən çox müfəttişini qəbul edir və bizim onlardan bəzilərinin işindən imtina etməyə tam haqqımız var. Biz onların fəaliyyətini diqqətlə izləyirik və kiminsə namizədliyini ya təsdiq edə, ya da rədd edə bilərik. Ona görə də İranın bəzi müşahidəçilərin akkreditasiyasını ləğv etməsi o demək deyil ki, biz agentliklə əməkdaşlığa hazır deyilik – əksinə, qarşılıqlı fəaliyyətimiz davam edir”, - deyə İslami MAQATE Baş Konfransının 67-ci illik sessiyası çərçivəsində vurğulayıb.
“İranın nüvə obyektləri ən ciddi yoxlamalara məruz qalır. Bizim nüvə obyektlərimiz dünya üzrə nüvə obyektlərinin cəmi 2%-ni təşkil etməsinə baxmayaraq, İran obyektləri MAQATE-nin bütün yoxlamalarının 25%-ni təşkil edir. Beləliklə, bizi 10 dəfə daha diqqətlə yoxlayırlar ki, bu da bizim tərəfimizdən ağlabatan araşdırma hesab olunmur”, - AEOI rəhbəri bildirib.
Sentyabrın 17-də MAQATE-nin baş direktoru Rafael Qrossi deyib ki, İran uranın zənginləşdirilməsi obyektlərində yoxlama aparan bir neçə müfəttişin akkreditasiyasını ləğv etmək qərarı barədə təşkilatı məlumatlandırıb. baş direktoru o zaman onların dəqiq sayını deməyib. Qrossi qeyd edib ki, bu addım agentliyin ölkədə yoxlamalar aparmaq imkanlarını xeyli azaldacaq.
Qadir, Bizimyol.info