Sentyabrın 19-da Azərbaycan XİN Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycan tərəfindən aparılan əməliyyat ilə bağlı bəyanat vermişdi. Bəyanat açıq şəkildə Azərbaycan əleyhinə idi və Azərbaycan ittiham edilirdi. Aİ-nin yeni bəyanatında isə, qeyd edilir ki, Azərbaycan nəinki mülki əhalini hədəfə götürməyib, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirib. Eyni zamanda Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, ərazidə yaşayan insanlara humanitar yardım göstərir, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradır. Ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu, onların öz istəyidir. Yəni artıq Avropa İttifaqı da vəziyyəti anlayıb, qəbul edir. Başa düşür ki, Qarabağın erməni sakinləri özləri könüllü şəkildə Qarabağı tərk edir, onları məcbur edən yoxdur. Bəlkə də məcbur edən var, amma həmin tərəf Azərbaycan deyil…
Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qarabağdan köçü həyata keçirən ermənilərin bir çoxu açıqlamalarında Qarabağı özlərinin tərk etmək istəmədiyini, orada olan separatçı törtöküntülərin müəyyən qalıqlarının onları məcbur etdiyini deyirlər. Politoloqun fikrincə, bu məsələdə maraqlı məqamlar var. Belə ki, bu köçlə cəmiyyət içərisində panika yaratmağa çalışırlar.
“Xankəndidə guya Azərbaycana təslim olan, amma pərdə arxasında xain planlar quran adamlar hələ də mövcuddur. Onların məkri, hiyləgərliyi və eyni zamanda orada erməni cəmiyyəti içərisində apardığı saxta təbliğat vəziyyətin bu hala gəlməyinə gətirib çıxarır”-deyən politoloq hesab edir ki, Qarabağda erməni əsilli sakinlərin qalıb Azərbaycan vətəndaşlığı daşımasını istəməyən qüvvələr var. Və bu gün həmin qüvvələr vəziyyəti gərginləşdirməyə çalışırlar.
Politoloq deyir ki, bu yolla gələcəkdə “Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən bu qədər erməni var” deyə bilmək, təbliğat aparmaq, hansısa beynəlxalq təşkilatdan dilənmək, yardımlar almaq onlar üçün asan ola bilər. Bu səbbədən də, bu gün müəyyən qüvvələr oradan kütləvi şəkildə insanların köçünə nail olmağa çalışırlar.
“Böyük bir "qaçqın" bumu yaranırmış kimi bir fon, mənzərə yaratmağa çalışırlar. Azərbaycan isə, öz ərazilərində yaşayacaq erməni əsilli insanlara qarşı mövqeyini, tolerantlığını bu gündən sərgiləməyə başlayıb. Bu gün köçü müşayiət edən polislərin, hərbçilərin insanlara yardımları prosesin dinc və rahat şəkildə həyata keçirilməsinə bir sübutdur. Bu səbəbdən də, bu məsələdə hansısa manipulyasiya etmək də qəbul edilməzdir”-deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info