Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlənilən bir həbsin geopolitikası
Gözlənilən bir həbsin geopolitikası

Ruben Vardanyanı nə gözləyir?! Və Ruben Vardanyan özü nə gözləyir?!

Ruben Vardanyan saxlanıldı. Bakıya gətirildi. Onun törətdiyi əməllərə dair Azərbaycanın cinayət məcəlləsində bir "buket" maddə var. Həm də ağır sanksiyalarla.

Rusiyada bizneslə milyarder olmuş Vardanyan həmin ölkənin vətəndaşlığından imtina edib Ermənistan vətəndaşı olmuşdu. Sonra da gəlib Xankəndində "dövlət naziri" oldu. Antiterror əməliyyatından az əvvəl "istefa" vermişdi, ya da "göndərilmişdi". Ona Kremlətrafı dairələrdən xəbər gəlmişdi ki, torpağın sahibi gəlir.

Demişdilər: ""Vəzifə"dən çəkil, baş verəcəklərin məsuliyyətindən qurtul, radikallaş, əzabkeş ol, Ermənistanda baş verəcəklər üçün siyasi kapital yığ, gözlə. Gözlə və tutul".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun şərhindən ("Məndə belə məlumat yoxdur") göründüyü kimi, Kreml Rusiya vətəndaşlığından imtina edən(etdirilən) milyarderin həbsindən çox məlumatlıdır və susqun razılıqla qarşılamaq variantını seçib. Və top Nikol Paşinyanın meydançasına atılıb. Bundan sonra çox maraqlı olaylar olacaq.

Geopolitik taleyin ironiyasına bax: indi antirus Paşinyan Rusiyanın adamı olan milyarder vətəndaşını Azərbaycandan tələb etmək zorunda qalacaq. Vardanyan Laçın sərhəd-buraxılış məntəqəsindən əlini-qolunu sallayıb Ermənistanın siyasi səhnəsinə rahat keçə bilməzdi. Sahibi onun Azərbaycan türməsinə düşüb, "siyasi qəhrəman" olmağında maraqlıdır. Nikol Paşinyan Vardanyanı Azərbaycandan tələb etmək, ya etməmək dilemması qarşısında qalacaq. Tələb etsə, alsa, Gürcüstandakı Bidzina İvanaşvilinin erməni versiyası kimi düşünülmüş olan Ruben Vardanyanı - öz rəqibini, hətta, siyasi düşmənini öz əli ilə gətirib özünə, öz hakimiyyətinə problem yaratmış olacaq, yox, almasa, almaq istəməsə, Ermənistanın Rusiyapərəst qüvvələrinin, müxalifətin əlini gücləndirəcək, demək. Ermənistan müxalifəti Nikol Paşinyan hökumətini satqınlıqda, xəyanətdə ittiham etmək üçün ciddi arqument əldə etmiş olacaq. Həm də təkcə Vardanyan deyil, başqa separatçı "lider"lər də qandallanacaq. Bizə gəlincə, hadisələrin bu cür inkişafı Ermənistanı kapitulyasiya şərtlərinə, sülh müqaviləsinin imzalanmasına, o cümlədən, Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə sövq etmək üçün təsir faktorlarından biri ola bilər. Çünki Ermənistan tərəfi Vardanyanı "israrla" tələb edə bilər, ancaq Azərbaycan tərəfi öz qanunvericiliyinə əsaslanaraq, xüsusilə ağır cinayətlər törətmiş adamı verməyə bilər. Ya da bu prosedurun icrası müəyyən bir vaxta qədər uzana bilər.

Maraqlısı odur ki, ABŞ, ümumiyyətlə, Qərb yaxşı bilir ki, Putin Vardanyan Ermənistanın İvanaşvilisi olaraq düşünüb; bu, sadəcə, Ruben Vardanyan deyil, bir rus proyektidir. Onun Ermənistanın siyasi həyatına girişi Gorusdan mümkün deyildi. Vardanyan Ermənistana təhvil veriləcəksə, o, ölkənin siyasətində Rusiyanın əsas fiquru olacaq. Çünki Köçəryan və Sərkisyan, eləcə də, artıq vurulmuş, Nikol Paşinyana iki dəfə dalbadal uduzmuş, bir sözlə, yanmış kartlardır. Artur Vanetsyana gəlincə, o da Nikol Paşinyanın komandasında olmuş, müxalifətə keçmiş olsa da, baş nazirin kölgəsindən çıxa bilməmiş, birləşdirici bir "siyasi şarmı" olmayan şəxsdir. Real gücü də təmsil etmir. Vardanyan isə Azərbaycanın nifrətini qazanmış, Qarabağda Paşinyanın vurub kənara atdığı, Azərbaycan qarşısında - döyüş meydanında sınmış "liderlər"dən məsafəlidir. Üstəlik, Ermənistandakı ruspərəstlər üçün yeni "lider" obrazıdır. Bu nüansları nəzərə alsaq, Qərb də Vardanyana görə Azərbaycana təsir göstərməkdə həvəsli olmayacaqlar. Beləliklə, Vardanyanın həbsi, sadəcə, Vardanyanın həbsi deyil. Ancaq hardan baxırsan-bax, Azərbaycan dövlətinin bölgədə real gücünü və siyasi iradəsini, ciddi geopolitik oyunçu məharətini və qətiyyətini isbatlayan çox mühüm hadisədir. Və bu qəbildən həbslər seriyası üçün açar olma ehtimalı var.

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »