"Azərbaycan ermənilərə vətəndaşlıq, təhlükəsizlik, sakit həyat vəd edib. İndi gedənlərin müxtəlif motivləri var. Bu motivlərdən birincisi ondan ibarətdir ki, Qarabağdakı xunta rejimi və onların dəstəkçiləri burdan köç edərək, öncəliklə Ermənistanda vəziyyəti dəyişmək, orada siyasi qalmaqal yaratmaq və Paşinyanı yıxmaq üçün buradakı məcburi köçkünlərin gücündən kütlə kimi, dəstəkçi kimi istifadə etməyə çalışırlar. Həm də Qarabağın erməni əsilli sakinləri vasitəsilə, Ermənistanda Paşinyana istiqamətlənmiş etirazları daha da alovlandırmağa, daha da gücləndirməyə, öz güclərinə güc qatmağa çalışırlar".
Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Nazim Cəfərsoy danışıb. Onun fikrincə, hazırda Ermənistandakı müxalifətin mitinqləri ilə Qarabağdan məcburi köçü təşkil edənlər, əslində eyni hədəf istiqamətində addım atırlar. Bəlkə də hər iki tərəf eyni mərkəzdən idarə edilir.

“Çünki Buradakı xunta rejiminin başına gətirilən adamın Samvel Şahramanyanın, Koçaryanın adamı olduğu Paşinyan tərəfindən dilə gətirilib. Bu məqama baxdığımız zaman bütün işlər Koçaryana gedib çıxır. Burada birinci məqsəd, Ermənistan daxilində güc mübarizəsi ilə əlaqəlidir”-deyən Nazim Cəfərsoy qeyd edib ki, bu köçdə ikinci məqsəd Azərbaycanı “etnik təmizlik” etməkdə ittiham edərək, Azərbaycanla mübarizəni siyasi təbliğat, hüquq, müavinət, təzminat sahəsinə daşıma, Azərbaycan üzərində təzyiqin artırılması məqsədi daşıyır.
Nazim Cəfərsoy bildirib ki, köçün həyata keçirilməsində 3-cü məqsəd Rusiyanın bölgədən çıxarılmasına xidmət edir. Yəni ermənilər “ruslar orada bizi qorumadılar, demək ki, Ermənistan Rusiyadan uzaqlaşmalıdır”-deyə bu prosesi həyata keçirirlər.
“Obyektiv motivlərdən biri ondan ibarətdir ki, 30 il Azərbaycana qarşı əlində silah vuruşan adamlar özlərinin və ailələrinin Azərbaycanda təhlükəsiz yaşaya biləcəyini düşünmürlər. Çünki onlar böyük cinayətlər işləyib,soyqırım gerçəkıəşdirib, etnik təmizləmə aparıblar. Onlar hamısı Azərbaycan qanunvericiliyi çərçivəsində mühakimə olunacaqlar. Bəziləri amnistiyaya düşə bilər, amma bəziləri amnistiyaya düşmür. Axı, Xocalını necə amnistiyaya salasan, Meşəlini necə amnistiyaya salasan? Bu baxımdan bunlar zaman aşımı, yəni zaman məhdudiyyəti olmayan məsələlər olduğu üçün bir qismi bu səbəblə özünün və ailəsinin burada yaşaya bilməyəcəyini düşünür və gedir. Bir hissəsinin onsuz da, orada yaşamaq haqqı yox idi. 1991-ci ildən sonra onları gətirib yerləşdiriblər. Bəziləri İrəvandan, bəziləri Sudandan və Livandan gətirilib, ora yerləşdiriliblər. Azərbaycanın yanaşması budur ki, işğaldan sonra oradakı bütün yerləşdirmələr qanunsuzdur. Beynəlxalq hüquq qanunvericiliyi də bunu deyir ki, işğaldan sonra oralara hansısa əhalinin yerləşdirilməsi qanunsuzdur, qəbul edilməzdir…”-deyə şərhçi əlavə edib.
Nazim Cəfərsoyun fikrincə, Azərbaycan cəmiyyəti içərisində yaşamağın psixoloji olaraq, yaratdığı vicdan əzabı da var.
İradə Cəlil, Bizimyol.info