İsveçrə Ukraynaya ianələrdən sonra tədarükün artırılmasına kömək etmək üçün Almaniya istehsalı olan "Leopard 2" tanklarını Almaniyaya geri satmağa razılaşıb.
Bizimyol.info xəbər verir ki, çərşənbə axşamı İsveçrə parlamenti 25 "Leopard 2" tankının istismardan çıxarılmasını təsdiqləyərək, onların Almaniyaya yenidən satışına icazə verib.
Mətbuatın verdiyi məlumata görə, fevral ayında Almaniya İsveçrəyə verdiyi 96 "Leopard 2" tankından bəzilərini "Rheinmetall AG" istehsalçısına satmaq xahişi ilə müraciət edib.
İsveçrənin neytrallıq qanunlarına riayət etmək üçün Berlin Berni əmin etdi ki, silahlar Kiyevə çatmayacaq, ya Almaniyada, ya NATO-da və ya Avropa İttifaqı müttəfiqində qalacaq.
“Biz bu qərara görə çox məmnunuq və minnətdarıq. Bizə bu tanklar lazımdır, onlar bizim və avropalı tərəfdaşlarımız üçün boşluqları dolduracaq”, - deyə Almaniyanın İsveçrədəki səfiri Mişel Flüger bildirib.
Fluger həmçinin əlavə edib ki, ölkəsi İsveçrədən aldığı silahların bir hissəsini Ukraynaya vermək istəyir: “Biz NATO üzrə tərəfdaşlarımız da daxil olmaqla, İsveçrədən çoxlu silah, sistem, komponent və ya sursat almışıq və indi bu sistemlərdən bəzilərini Ukraynaya ötürmək istəyirik”, - deyib.
Eyni zamanda, Almaniya, Danimarka və İspaniyadan əvvəllər alınmış İsveçrə istehsalı silahların Ukraynaya təhvil verilməsinə icazə verilməsi ilə bağlı əvvəlki sorğular, müharibə zamanı döyüşçülərə birbaşa və ya dolayı yolla silah tədarükünü qadağan edən İsveçrənin neytrallığına görə Bern tərəfindən bloklanıb.
Daha əvvəl bildirilmişdi ki, 13 həftəlik əks-hücum əməliyyatı ərzində Ukrayna cəmi 5 "Leopard 2" tankını itirib. Bu tanklardan Kiyevə cəmi 71 ədəd təhvil verilib. Bütün tankların ölkənin cənubunda itirildiyi qeyd edilir.
İyul ayında Almaniya Ukraynaya ilk "Leopard 1" tanklarını təhvil verib. Bildirildi ki, Danimarka ilə birgə maliyyələşdirilən layihə çərçivəsində gələcəkdə 100 "Leopard 1A5" tankının Ukraynaya verilməsi planlaşdırılır.
Qadir, Bizimyol.info