Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərb cəbhəsində təbəddülat var...
Qərb cəbhəsində təbəddülat var...

Avropa İttifaqında Azərbaycanın gerçəkləri necə qəbul edilir?

Hətta Brexit-dən sonra da, yəni Böyük Britaniya sıralarını tərk etsə belə, Avropa İttifaqı yenə dünyanın böyük gücüdür. Hardasa 4,3 milyon kvadratkilometrdə yerləşən 27 ölkə və cəmi aşağı-yuxarı 500 milyona yaxın əhali, 25 trilyona yaxın ümumi daxili məhsul deməkdir. Bu sonuncu göstəriciyə görə Çindən öndə və ABŞ-dan sonra gəlir.

Belə bir güc də, üstəlik bəşəriyyətin ən ali dəyərlərinə - insan haqları, demokratiya, söz, fikir, dini etiqad azadlığı və sair kimi proqressiv və universal hüquqlara söykənən (ya da belə uzaqdan görünən) nəhəng Avropa İttiqfaqı da Cənubi Qafqazdakı proseslərə öz ağırlığını qoyub. Fransa ATƏT-in keçmiş Minsk Qrupunun bitmiş üzvüdür; iyirmi səkkiz illik “sülh axtarışlarından” əliboş döndü. Daha doğrusu, uduzub çıxdı. Ondan yaranan “boşluğu” Avropa İttifaqı doldurmağa çalışdı. İndi Avropa İttifaqının çatısı altında bütün 27 dövlət bu bölgədəki proseslərə müdaxil oldu deyə bilərik. Azərbaycanın içərilərinə - erməniəsilli əhalinin yaşadığı bölgəyə nüfuz etməyə çalışdı. Alınmadı. Azərbaycan nəinki buna imkan vermədi, öz ərazilərinin tamamı üzərində öz suverenliyini bərpa edərək məsələyə son nöqtəni qoydu. İndi Avropa İttifaqı, Ermənistanla Azərbaycanın şərti sərhədindəki “geosiyasi meydançada” oynayır; qısamüddətli missiyasını uzunmüddətli elədi. Orada qərarlaşıb və indi əsas dərdi Ermənistanın daxili siyasi konfiqurasiyasını Rusiyanın basqısından qorumaqdır.

Hər halda hazırda Cənubi Qafqazda möhkəmlənməyə çalışır. Əvvəl bunu Ermənistan üzərindən etməyə çalışdı. Hər zaman Ermənistanın yanındaydı. Hətta Azərbaycan Qarabağın ermənilər yaşayan bölgələrində Ermənistan ordusunun qalıqlarına, eləcə də, silahlı separatçılara qarşı antiterror tədbirləri həyata keçirəndə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Cozep Borrel adekvat olmayan bəyanatlar verdi. Bunlar, əlbəttə, Avropa komissarına yaraşmayan çıxışlardı. Bu, həmin Borreldir ki, Çin haqqında danışarkən: “Biz gücün siyasıti ilə hesablaşmalıyıq” demişdi. Ancaq özü bizim bölgədə gücsüzün haqsız siyasətinə dəstək verirdi. Ancaq Brüsseldə çox cəld anladılar ki, artıq o qatar gedib və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellin ofisi obyektiv mövqeyə uyğun bir bəyanat yaydı. Bu, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Avropa İttifaqının paytaxtında Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşünün yekununa dair bir qiymətləndirməydi.

Avropa İttifaqı Şurası prezidentinin ofisindən yayılan bəyanatda, faktik olaraq, Azərbaycanın irəli sürdüyü məsələlər öz əksini tapır. Doğrudur, orada “kompromis həllər” ifadəsi var. Ancaq bütövlükdə Azərbaycanın müddəaları dəstəklənir. Bunlar hər iki tərəfin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə sadiq qalması, iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunması, iki ölkə arasında sülh müqaviləsinin tezliklə hazırlanıb imzalanmasıdır. Bunun daxilində, təbii ki, sərhədlərin delimitasiyası məsələsi də var.

Avropa İttifaqı Qranada görüşünüdə bu məsələlər üzrə irəliləyişlərin olacağına ümid edib. Bu, əslində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsidir.

Azərbaycan hər zaman bunları deyib; bu müddəalar, əslində, 44 günlük müharibədən sonra imzalanan faktik kapitulyasiya aktında Ermənistanın üzərinə götürdüyü öhdəliklərdir. Azərbaycan Ermənistandan öz öhdəliklərinə əməl etməyi gözləyib, tələb edib. 44 günlük müharibədən dərhal sonra Azərbaycan sülh müqaviləsinin əsas prinsiplərini Ermənistana təqdim edib. Qarşı tərəf çox uzun müddətdən sonra bu məsələyə dair öz təkliflərini verib. Azərbaycan dövləti isə dərhal adekvat cavab verib. Ona görə də Avropa İttifaqının sənədində: “Bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilsin, yollar açılsın, sülh müqaviləsi imzalansın” çağırışları Azərbaycana deyil, Avropa İttifaqı adından Ermənistanadır. Beləliklə, Azərbaycan diplomatiyası daha bir uğurunu qazanmış oldu. Bunların arasında Macarıstanın Avropa İttifaqı adından Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinə veto qoyması da var. Bu, kiçik uğur deyil; Avropa İttifaqının üzvü olan bir ölkə təmsil olunduğu qurumun üzv olmayan bir ölkə ilə bağlı qətnaməsini bloklamasından söhbət gedir. Elə təkcə bu faktın özü də diplomatik cəbhənin əsgərlərinin də necə səliqəli və səriştəli performans göstərdiyindən xəbər verir.

Qazanılmış bütün qələbələrdə, eləcə də, bir sutkalıq antiterror tədbirlərinin yekunundakı qələbədə Azərbaycan Silahlı Qüvvələri ilə Azərbaycan İntellektual Qüvvələri, yəni ordu ilə diplomatiya qoşa qanad oldular. Nəticəsi ilə də təkcə Avropa İttifaqı deyil, bütün dünya hesablaşır artıq.

Bahəddin HƏZİ, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »