Tehranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani baş nazir Benyamin Netanyahunu İrana nüvə zərbəsi endirməklə hədələməkdə ittiham edib.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, İsrail hökumətinin başçısının bu fikirləri BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyasında səsləndirib.
İran səfiri BMT-nin baş katibi Antonio Quterreşə, Baş Assambleya və Təhlükəsizlik Şurasının sədrlərinə müvafiq şikayət məktubu göndərib. Diplomat İsrailin "narahatedici və ciddi" təhdidlərindən şikayətlənib.
“Netanyahu BMT-nin müstəqil üzvü olan dövlətə qarşı nüvə silahından istifadə ilə bağlı açıq təhdidlər edib. Nüvə silahlarının bəşəriyyət və planet üçün ekzistensial təhlükə yaratdığını nəzərə alsaq, belə bir bəyanatın ciddiliyi müqayisə olunmazdır və beynəlxalq ictimaiyyətdə böyük sarsıntı yaradacaq”, - deyə İrəvani qeyd edib.
Onun sözlərinə görə, şəraitdən asılı olmayaraq, nüvə silahından istifadə və ya sadəcə istifadə hədəsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
Qadir, Bizimyol.info