Bank borcları ilə bağlı statistikaya nəzər salanda dəhşətə gəlməmək mümkün deyil. Ölkədə orta hesabla hər 4 nəfərdən birinin banka borcu var. Eyni zamanda, hər 8 nəfərdən biri zamin dayanıb. Azərbaycan əhalisinin banklara borcu 22 milyon manata çatır.
Bizimyol.info xəbər verir ki, avqustda bankların kredit portfeli 2,1 faiz artıb. Yəni indiyə qədər verilən borcun üzərinə 442 milyon manat da gəlib. Ümumi borc 21 milyard 814,2 milyon manata çatıb. Biznes kreditləri daha çoxdur (54,2 faiz). Sonrakı yeri 29,9 faizlə istehlak kreditləri tutur. İpoteka kreditlərinin payına 15,9 faiz düşür. Avqustda biznes kreditləri 199,1 milyon manat artıb. İstehlak kreditlərində 156,5, ipoteka istiqamətində 86,6 milyon manat artım olub. Yalnız vaxtı keçmiş kreditlərdə borc yükü müəyyən qədər azalıb. Kredit satışının artması bankların faizlərdən əldə etdiyi gəliri də yüksəldib. İlin ilk yarısı ilə bağlı daha əvvəl açıqlanmış statistika düşünməyə material verir. Yarımildə Azərbaycan bankları verdiyi kreditlərə görə ümumilikdə 1 milyard 235 milyon manat faiz gəliri götürmüşdü.
Ötən ilin eyni dövründə bu rəqəm 1 milyard 36 milyon manat olub. Deməli, müqayisədə banklar faizlərdən azı 200 milyon manat daha çox gəlir qazanıb. 2023-cü ilin ilk altı ayında Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəəti 563 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 163 milyon manat və ya 40 faiz daha çox qazanc anlamına gəlir. Ukraynadakı müharibə başlanandan xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladığı vəsaitin həcmində də artım qeydə alınır. Müharibədən əvvəl, yəni 2022-ci il yanvarın sonunda əcnəbilərin Azərbaycan banklarında cəmi 294 milyon manat əmanəti vardı. Sonrakı aylarda bu vəsait ardıcıl artdı və ilin sonunda 1 milyard 174 milyon manata çatdı. Artım bu il də davam edir. İlk yarımilin sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi artıq 1 milyard 325 milyon manat olub. Bu, 150 milyon manat və ya 13 faiz artım deməkdir. Bu istiqamətdə nə baş verir? Banklar qeyri-rezidentlərin sayəsində kredit portfeli formalaşdırır.
Statistika göstərir ki, Ukrayna müharibəsinə görə ölkəyə gələn Rusiya vətəndaşlarının sayı çox artıb. Onlar Azərbaycan banklarında əmanət saxlamağa başlayıblar. Yerli banklar fürsətdən istifadə edərək əhaliyə kreditlər təklif edirlər. Özü də heç də aşağı olmayan faizlərlə...
Əhali dayanmadan borclanır. Təsəvvür edin, hər il banklara 2 milyard manat civarında faiz ödəmək lazım gəlir. İnsanlar işsizlik, sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Faizlər yüksək olduğu üçün vəsaitin geri qaytarılması ilə bağlı problemlər ortaya çıxır. Ölkədə nominal gəlirlər azalıb. İşsizliklə bağlı problem yalnız artır. Bank kreditlərindən yaza qurtarmaq getdikcə çətinləşir.
Dünyanın əksər ölkələrində kredit resursları ucuzlaşıb. Bu, həm də iqtisadiyyatın canlanmasına xidmət edir. Bizdə isə əhalini soymaq əsas siyasət sayılır. İnsanlar bataqlığa sürüklənib. Çıxış yolu isə təklif olunmur.
Aytən, Bizimyol.info