Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Özəl sektor nümayəndələrini bölgələrdə də şarj məntəqələri quraşdırmağa çağırıram" - Video
"Özəl sektor nümayəndələrini bölgələrdə də şarj məntəqələri quraşdırmağa çağırıram" - Video

2021-ci ildə ölkə başçısının verdiyi Azərbaycan 2030: “Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər” adlı sərəncamın 5-ci maddəsi “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanır. Avtomobillərin, xüsusilə köhnə avtomobillərin ekologiyaya və ətraf mühitə vurduğu ziyanı bəlkə də heç bir sahədə heç bir zavod vurmur. Bu baxımdan, bu sahədə cənab Prezidentin sərəncamından sonra elektrik və hibrid avtomobillərin, yəni ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğatı və təşviqatı yönündə işlərə başladıldı. Aidiyyatı dövlət qurumları ilə, onların rəhbər şəxsləri ilə, xüsusi işçi bir qrup yaradıldı. Mən də həmin işçi qrupunda idim. İşçi qrupu demək olar ki, 9 aya yaxın bir müddətdə lahiyələr, planlar hazırladı. Bu lahiyələrin, bu planların yekun nəticəsi olaraq, ekoloji avtomobillərə güzəştlər tətbiq olundu.

Bu barədə Bizimyol.info xəbər portalına “Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru, nəqliyyat üzrə ekspert Eyyub Əliyev danışıb. Onun sözlərinə görə, əvvəlcə, Gömrük Komitəsi tərəfindən gömrük rüsumunun ləğvi məsələsi, ondan sonra başqa ƏDV-nin ləğvi, bank faizlərinin nisbətinin elektromobillərə 10 faiz, hibridlərə 20 faiz endirilməsi həyata keçirildi. Bu isə, vətəndaşlarımızın elektirik avtomobil almasına daha da stimul verdi. Ekspertin fikrincə, bu, stimullaşdırıcı bir addım idi.

Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin üzvü, mütəxəsssis Eyyub Əliyev Eyyub Əliyev

“İnfrastruktur məsələsi çox vacib və qəliz məsələlərdən biridir. Ümumiyyətlə, keçən ilin əvvəllərinə kimi paytaxtımız daxil, ölkəmizdə respublika üzrə təxmini olaraq qeyd etsək, 55-56 şarj məntəqəsi var idi. Onların da bir çoxu fəaliyyət göstərmirdi. Artıq sevindirici haldır ki, Bakının özündə dövlət tərəfindən deyil, eyni zamanda özəl sektor nümayəndələri tərəfindən şarj məntəqələri quraşdırılır. İstər böyük ticarət mərkəzlərində, istər restoran və digər istirahət mərkəzlərinin ərazisində, istər yeni inşa olunan binaların dayanacaqlarında, artıq elektrik avtomobilləri üçün şarj məntəqələri quraşdırılıb. Bu da çox sevindirici haldır ki, özəl sektor nümayəndələri bu işdə dövlətə bir növ dəstək olurlar”-deyən ekspert təəssüflə əlavə edib ki, bölgələrdə quraşdırılan şarj məntəqələrinin sayı hələ də məhdud saydadır.

Bölgələrdə şarj məntəqələri yanacaqdoldurma məntəqələrində dövlət qurumları tərəfindən yerləşdirilib. Eyni zamanda özəl sektor nümayəndələri və rəsmi dilerlər öz müştəriləri üçün ödənişsiz əsaslarla şarj etmək üçün bir çox bölgələrdə, xüsusilə turizm zonaları olan ərazilərdə avtomobillərin şarj edilməsi üçün məntəqələr quraşdırıblar.

“Təbii ki, biz bununla kifayətlənməli deyilik. 2024-ci ilin artıq ikinci rübündən etibarən dövlət qurumları da bölgələrdə xüsusi yolların kənarında şarj məntəqələrini quraşdıracaqlar. Artıq bu yöndə işlər gedir.

Mən sizin portal vasitəsilə, bir daha özəl sektor nümayəndələrinə səslənmək istərdim. Yaxşı olardı ki, özəl sektor nümayəndələri də Bakıda olduğu kimi bölgələrdə də dövlətimizə dəstək olaraq, bu məntəqələri öz məkanlarında və müxtəlif iaşə obyektlərində quraşdırsınlar”-deyə Eyyub Əliyev vurğulayıb.

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev ilə hazırladığımız ekskluziv video müsahibəyə Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »