"Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi üçün önəmli adam, Türkiyə və Azərbaycan üçün ciddi qəbul edilməli olan çox rasional və realist bir insandır. Niyə? Paşinyan türklərə qarşı düşmənçilik baxımından digər ermənilərdən heç nə ilə fərqlənmir. O, 21 oktyabr 2020-ci il tarixində verdiyi açıqlamada “Artıq Qarabağın diplomatik həlli yoxdur, biz sona qədər mübarizə aparacağıq, Qarabağsız Ermənistan yoxdur, sona qədər mübarizə aparacağıq” demişdi. Bu gün “Qarabağ Azərbaycan ərazisidir, Qarabağda Ermənistan Silahlı Qüvvələrinin heç bir ünsürü yoxdur” deyəcək məqama gəldi və ya gətirildi. Ermənilər 19-cu əsrin əvvəllərində Çar Rusiyası tərəfindən indiki türk əhalisinin çoxluq təşkil etdiyi torpaqlara, Ağqoyunlu və Səfəvi dövlətlərindən sonra isə Rəvan xanlığının hakimiyyəti altında yerləşdirilmişdi".
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyəli jurnalist Ali Doğan danışıb. O, qeyd edib ki, 1917-ci il inqilabından sonra Rusiya dövlətinin süqutundan sonra yaradılmış Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası 1918-ci il mayın 28-də ləğv edildi və İrəvanda Ermənistan Demokratik Respublikası elan edildi. 2,5 il müstəqillik əldə etdikdən sonra 1920-ci ilin noyabrında sovet orduları tərəfindən işğal olunduqdan sonra müstəqilliyini itirmiş, 2 dekabr 1920-ci ildə isə Ermənistan Sovet Sosialist Respublikası adı ilə Sovet İttifaqının tərkibinə daxil oldu.
“Həmin gündən 2018-ci ildə baş nazir olan Paşinyana qədər Ermənistanı Qarabağ klanı (hay klanı da adlandıra bilərik) idarə edirdi.
(Soruşa bilərsiniz: Ermənistanda haylardan başqa qrup varmı? Bəli, Qriqoryanlar var. Amma bu, başqa məqalənin mövzusudur). Paşinyanla Qarabağ/Hay klanından kənar biri Ermənistanda ilk dəfə baş nazir oldu. Qarabağ klanı kiçik bir azlıq olaraq rusların qucağında idi, onların nökəri kimi fəaliyyət göstərir, Avropa və Amerikada erməni lobbisindən gələn pullardan kef çəkirdi.
Ermənistanın bütün strateji qurumlarını ruslara satmışdılar. Ermənistan xalqı “Türklər bizi öldürəcək” deyə qorxudularaq, yoxsul bir vəziyyətdə yaşayırdı. Bu ictimai narahatlıqlardan istifadə edən Paşinyan 2018-ci il mayın 8-də baş nazir oldu. O, ilk vaxtlar Qarabağ klanını çox narahat etməyən şəkildə davranırdı. Eyni zamanda Qərblə münasibətləri yaxşılaşdırmağa başladı. Rusiya Paşinyandan narahat idi, amma Ermənistandakı gücünə arxalanaraq Paşinyana qarşı susdu. Paşinyan əməlləri ilə ictimaiyyət arasında nüfuzunu günü-gündən artırırdı. O, bir neçə dəfə Rusiyanın onu devirmək cəhdlərinin qarşısını da məharətlə aldı”-deyə Ali Doğan qeyd edir.
Ali Doğan bildirib ki, Paşinyan Azərbaycan və Türkiyə ilə işğal olunmuş Azərbaycan torpaqlarına görə illərdir davam edən problemlərin ortasına düşdü. Paşinyan Rusiyaya və Qərbə arxalanaraq daimiləşən bu problemin həlli üçün erməni tezislərini müdafiə etməyə davam etdi. Hara qədər? Azərbaycan 30 il səbrli olduqdan sonra 2020-ci il sentyabrın 27-də işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyata başlayana qədər…
İkinci Qarabağ müharibəsi kimi də tanınan bu 44 günlük hərbi əməliyyatdan sonra Ermənistanın 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycan torpaqlarından 5 rayon, 4 şəhər və 286 kənd azad edildi. İkinci Qarabağ müharibəsindən sonra Paşinyan; 1- Güvəndikləri Rusiyanın öz maraqları naminə hər an Ermənistanı satacağını, 2-Ermənistanın inkişaf yolunun Türkiyə və Azərbaycanla razılaşmaq olduğunu anladı.
“Onun tez-tez Azərbaycanla sülh müqaviləsinə hazır olduğunu, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirməsi də bu səbəbdən idi. Türkiyə Ermənistanın qərbini 328 kilometr əhatə edir. Eynilə, Azərbaycan şərq və cənub-qərbi 1007 kilometr əhatə edir. Yəni qərbdən və şərqdən düz 1335 kilometr məsafədə sıxışıb qalıblar. Belə bir vəziyyət mövcud olduğu halda ermənilər 150 il ərzində bu nifrəti qoruyub saxlamaları, onların 1335 kilometrlik sərhəddən deyil, İranla 44 kilometrlik, Gürcüstanla isə 219 kilometrlik sərhəddən dünyaya açılmağa çalışmaları çox məntiqsizdir. Ermənistan çiçəklənmək istəyirsə, Türkiyə və Azərbaycanla dostluq münasibətləri qurmalı, hər cür düşmənçilikdən əl çəkməlidir”-deyir Ali Doğan...
Jurnalist hesab eidr ki, var-dövlət və qürur içində yaşayan diaspor ermənilərinin düşmənçiliklərini davam etdirmələri normaldır.
Çünki onlara təsir edən heç bir şey yoxdur. Amma yoxsulluq içində yaşayan Ermənistan ermənilərinin belə haqqı yoxdur. Qaldı ki, on minlərlə erməninin Türkiyəyə qeyri-leqal işçi kimi gəlməyə çalışdığı məlum olduğu halda, onların davamlı düşmənçiliyi ciddi psixiatrik xəstəlik ola bilər. Paşinyan bunu bildiyi üçün rasional hərəkət edir. Azərbaycanın həyata keçirdiyi əməliyyatla bağlı Ermənistanın müdaxilə etməyəcəyini və Qarabağın Azərbaycan ərazisi olduğunu deməsi vacibdir. Onun anti-Rusiya bəyanatlarına da diqqət yetirmək lazımdır. Çünki o, qərbçi diaspor ermənilərindən fərqli olaraq Türkiyənin dəstəyi olmadan NATO və Qərblə rasional münasibət qura bilməyəcəyini bilir.
“Qaldı ki, ABŞ-ın bu yaxınlarda başa çatan “Eagle Partner” adlı ABŞ-Ermənistan birgə təliminə, təlimdə ABŞ-ın yüzə yaxın hərbçi ilə iştirak etməsi də bunu göstərir. Yəni qərbçi Paşinyan bir tərəfdən rus-erməni təşkilatlarına, digər tərəfdən isə qərbçi diaspora qarşı mübarizə aparmalıdır. Növbəti dövr Ermənistanın öz daxili münaqişəsinə səhnə olacaq. Bir tərəfdən də varlanmaq və inkişaf etmək üçün türk düşmənçiliyinə son qoymaq lazım olduğunu anlayan rasional siyasət və varlığını davam etdirmək üçün türk düşmənçiliyinə ehtiyacı olan axmaq siyasət... Görək kim qalib gələcək? Görünən odur ki, erməni məsələsi artıq türklər üçün təhlükə deyil”.(Kutlu Altay Kocaova) “Rusiyanın səsi”nin (RT) erməni əsilli baş redaktoru Marqarita Simonyan:
“Erməni xalqı xilas olmaq üçün "ana" Rusiyanın qarşısında baş əyməlidir. Rusiya olmasaydı, erməni milləti çoxdan yox olardı”.
Rusiyaya dəstək verən ermənilər qərbyönlü Paşinyanın getməsini, Rusiyayönlü administrasiyanın gəlməsini istəyir”-deyə danışan Ali Doğan bildirib ki, Simonyanın bəyanatından sonra Ermənistan müxalifəti Paşinyana təzyiq göstərməyə başlayıb. Əvvəlcə nümayişlərlə, indi isə vətəndaş itaətsizliyi aksiyaları ilə davam edirlər. Keçmiş baş nazir Manukyan və erməni banda başçıları Sarkisyan və Köçəryan ailələri Ermənistanın butik dövlət kimi qalmasını, millətin isə səfalət içində yaşamasını istəyir. Amma Paşinyan müxalifətə müqavimət göstərir…
Ali Doğanın fikrincə, Ermənistanda vəziyyət hələlik mürəkkəbdir. Paşinyan rusiyayönlü müxalifətin müqavimətini qırarsa, Qərblə münasibətləri yaxşılaşdırarsa, Rusiya ilə əlaqələri zəiflədərsə; Qarabağ tamamilə Azərbaycanın nəzarətinə keçəcək və Zəngəzur dəhlizi açılacaq. Gümrüdə tamamilə Rusiyanın nəzarəti altında erməni respublikası qurular.
“Paşinyan bu gün xalqı tərəfindən satqın kimi qələmə verilə bilər, lakin onun Qarabağdan çəkilməsi Ermənistanı məhv olmaqdan xilas etdiyinə görə tarix kitablarında onun təriflənməsinə imkan verəcək. Paşinyan Qarabağdan çəkilməklə bütün Ermənistanın dağılmasının qarşısını aldı. Zəngəzur dəhlizini açmaqla buna zəmanət verəcək. Sənin olmayan şeydə israr etmək, sahib olduğunu da itirməklə nəticələnə bilər”- jurnalist belə düşünür.
İradə Cəlil, Bizimyol.info