Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki od arasındakı ömrün hekayəsi
İki od arasındakı ömrün hekayəsi

“Azad buludlar kimi” Göy üzündə dolaşan müqəddəs ruhun elegiyası

“Qoy, ömürdən yarıyanlar ölümdən qorxsunlar”. Bu fikirlə başlayır. Bəlkə fikir də deyil, üsyandır. Ömürə də üsyan, ölümə də. Çünki nə arzuladığı ömrü doya-doya yaşaya bildi, nə istədyi kimi öz əcəliylə ölə bildi.

Müharibənin və İmperiyanın ortasında - bir əyalət şəhərində aclıqdan, kimsəsizlkdən, ürəktutmasından vəfat edtdi. Əslinmdə şəhid oldu deyə bilərik.

Qanlı tarix və acı taleyi onu bütün yaradıcı ömrü uzunu sürüdü; filmdə də bunu gördük. Bir miskin, çirkli zindan döşəməsində onu boyu uzunu sürüyürlər. Gətirib bir hücrəyə atıb gedirlər. Üzündə məşəqqətli onillərin və ağır işgəncələrin izləri var.

Ata-anasını, qardaşlarını çox tez itirib, özü də çox gec evlənmişdi. İki qardaşının yerinə bu dünyaya iki övlad bağışlamışdı. Ancaq zalımlar onu və ailəsini bağışlamadı. Əslində bağışlanası günahları da yox idi. Zindan bucaqarında bir-birindən xəbərsiz dünyadan köçəndə özünün də, ailəsini də tək günahı – günahsızlığı idi. Cəmi on il xoşbəxt ailədə yaşamışdı. Sonra zindan həyatı, ölümə gedən yol...

Ömrü yolları yormaqla keçdi. Şuşanın dağlarından başlamış, Qafqazın, Türkiyənin, Orta Asiyanın, Rusiyanın, Ukraynanın, Avropanın şəhərlərini dolaşan bir ömür. Tiflisdə evlənib xoşbəxt olan, Bakıya qayıdıb bədbəxt olan bir ömrün hekayəsini izlədik filmdə.

Yazıçı, tərcüməçi, ədəbiyyatşünas, siyasətçi, diplomat, maarifçi... Yusif Vəzir Çəmənzəminlinin həyat hekayəsiddir bu. Bir sənədli filmə sığmayan-sığışmayan.

Filmin ideya müəllifi və prodüsseri xalq artisti Ramiz Həsənoğludur; yaşayan korifeyin imzasıdır bu film.

Cəmi 56 il yaşasa da, əslində, bəli, Yusif Vəzir Çəmənzəminlinin fiziki və yaradıcı həyatı bir sənədli filmə sığmaz-sığışmaz. Ancaq Ramiz Həsənoğlu, eləcə də, filmin başqa müəllifləri bacardıqları qədər yaxşı bacarıblar bunu.

Bundan əvvəl “Sabah” yaradıcılıq studiyasının çəkdiyi başqa fikmləri də görmüşük, izləmişik. Xüsusilə, Üzeyir Hacıbəyli haqqında filmi çox sevdim. Bəlkə həm də Üzeyir bəyin özünü də çox sevdiyimizdəndir. Yusif Vəziri də çox sevmişdim; orta məktəbin ortadan bir az yuxarı sinfində oxuyurdum. Bir gün böyük qardaşım kənd kitabxanasından Yusif Vəzirin bir qalın kitabını alıb gətirdi. Kitabda ədibin iki romanı vardı. Biri “Qızlar bulağı”, o birisi isə, “Qan içində” adlanırdı. Mən hər iksini oxumuşdum. Və çox sevmişdim.

“Qan içində” romanına müəllif özü “İki od arasında” adını vermişdi. Rusiya və İran arasında - iki yırtıcı zehniyyətin caynaqlarında qalan Azərbaycanın, Qarabağın qan içində çabaladığını görmüşdü, yazmışdı Yusif Vəzir. Vətənini xilas etmək üçün bütün həyatını yaradıcılığa, mübarizəyə, maarifə həsr etdi. Filmdə bir səhnə var: Yusif Vəzir Şuşada – qayanın üstündə dayanıb, dərin uçuruma baxır. Ordan bir həzin muğam parçası səslənir. Yusif Vəzir o səsin yiyəsini səsləyir.

Bu səhnə çox ağır duruma – tarixin uçurumuna düşmüş millətinin səsinə səs verən yaradıcının yurd sevgisi assosiasiyasını yaradır. İstər Kiyevdə olsun, istər Peterburqda, istər Parisdə, ya Tifisdə, istər Bakıda, yoxsa İstanbulda – fərq etməz, Yusif Vəzir hər zaman millətinin bir parçası olaraq yaşadı. Bütün bunlar film boyu müəllif mətnində də sıralanır, sadalanır.

İstanbul dedik, səbəbsiz demədik. Yusif Vəzir İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin səfiri olmuşdu. Sizcə, bunu Stalinin repressiv imperiya maşını ona bağışlayardımı?! Bağışlamadı. Əslində isə Yusif Vəzir Parisdən Bakıya böyük ümidlərlə qayıtmışdı. Sovet rejiminin miskin bir əlavəsi olan Yazıçılar İttifaqı onu “xalq düşməni” deyə edam kötüyünə layiq bildikdən sonra əli hər yerdən üzülən yazıçı İosif Sovet rəhbəri Stalinə məktub yazmışdı. O məktubda azad ruhun ümidsizlik içində çırpındığını görürük. Yusif Vəzir məktubunda: “Mənim üçün Vətən dənizdə fırtınalı səyahətdən sonra sığındığım sakit bir liman kimidir”,-deyə yazırdı.

Amma bu, bir illüziya imiş; Vətən onun üçün sakit liman yox, daha azğın – dəli fırtınalarla dolu bir dəniz oldu. O üzdən film elə başlayıb: “Qoy, ömürdən yarıyanlar ölümdən qorxsun”. Bu bir cümlə Yusif Vəzirin həm həyatının, həm ölümünün özətidir. Filmin yaradıcıları bu özəti böyük bir ustalıqla ekrana daşımışlar.

...Zindanın o soyuq, çirkabla dolu döşəməsi üzərində bütün tənhalığı ilə atılıb qalıb. “Mən zəifəm... kimsəsizəm” düşüncəsi içərisində qıvrılırkən aclıqdan xəyal görməyə başlayır; ətrafına şaman-dərviş və ağ libaslı mələklər gəlir. Ən ümidiz anında ona ümid gətirirlər. Yox, uzun və xoşbəxt həyat müjdəsini yox, əzablı, ancaq günahsız ölümün şərəfini.

Yusif Vəzir rolunu oynayan aktyor əlində şamla qaranlıq dəhlizlərdə gedir. Bəlkə rejissor: “Ziyası zindanı da işıqlandırır” demək istəmiş?! Bilmirəm. Ancaq o şaman-dərviş və ağ libaslı mələklər ədibi şəhərimizin çağdaş zamanına – işığa çıxarır və təbii ki, onu yenə də öz axirətinə uğurlayır. Burada obrazı işıqlı şəhər meydanına çıxarıb, sonra müasir yeraltı keçidə endirmək maraqlı yaradıcı tapıntıdır. Yusif Vəzir ölümündən 13 il sonra bəraət almışdı. Onun azadlığa - nura can atan ruhu filmdə indiki zamanın - Azərbaycanın geniş və işıqlı meydanından şad-xürrəm keçib cənnətinə gedir.

Filmin adı da uğurlu seçilib: “Azad buludlar kimi”. Filmdə Yusif Vəzir obrazı üzünü göy üzünə tutur, buludlara həsrətlə və həsədlə baxır. Əslində onun bütün ömrü sərhəd tanımayan, nifrət tanımayan, zillət tanımayan o buludlar kimi azad olmaq arzusu ilə keçdi və bitdi. Yusif Vəzir öz millətini buludlar kimi ucada və azad görmək istəmişdi. Film bizə bu bədii-sənədli fikri -faktı da ötürür.

“Sənədli” demişkən, film boyu oxunan mətn təkcə Yisif Vəzir haqqında deyil, Yusif Vəzirin simasında fiziki azadlığımız, ruhani ucalığımız, milli bütövlüyümüz...haqqında çox maraqlı və önəmli mesajlar verir. Təkcə elə birini deyim: Yusif Vəzirin “Çəmənzəminli” təxəllüsü Güney Azərbaycanlı yaxınlarının Arazın o tayındakı Çəmənzəmin kəndinin adından gəlir. Yusif Vəzir bununla Vətənin, millətin bütövlüyünə vurğu edirdi.

Öz soyadı Vəzirovdur və bu, Qarabağ xanı İbrahim xanına vəzirlik etmiş ulu babasından gəlirdi. O nəsildən böyük şəxsiyyətlər çıxıb, onlardan biri də Nəcəf bəy Vəzirov olub. Elə buradaca, bir tarixi faktı da deyim: Qarabağ xanı Yusif Vəzirin ulu babasını Osmanlı sarayına səfir təyin etmişdi, ancaq Ağa Məhəmməd Şah Qacar Şuşanı tutandan sonra İstanbula yola düşməyə macal tapmamış Mirzə Əliməmməd ağanı həbs edib öldürtmüşdü. İstanbulda səfirlik etmək babasına qismət olmasa da, özünə qismət oldu. Ancaq, nə yazıq ki, bolşevik Rusiyası Azərbaycanın müstəqil Xalq Cümhuriyyətini devirdikdən sonra Yisif Vəzirin də səfirliyi belə kədərli sonluqla bitdi.

İndi yəqin ki, daha yaxşı anladınız, niyə “İki od arasında”.

Və təsadüfi deyil ki, Sovet senzurası romanın bu adla çap olunmasına izn verməmişdi...

Bahəddin Həzi Bahəddin Həzi, Bizimyol.info

Müəllifdən: Bu filmə görə Azərbaycan Dövlət Televiziyasına, “Sabah” Yaradıcılıq Studiyasına və şəxsən canlı korifey, usta rejissor-prodüsser Ramiz Həsənoğluna Yusif Vəzirin bir oxucusu olaraq və bir Azərbaycanlı, Qarabağlı kimi dərin minnətdarlığımı bildirirəm. Fiziki və yaradıcı ömrünüz yorulmasın!

Son xəbərlər
Bütün xəbərlər »