Rusiya 11 il ərzində əhali üçün qaz tariflərində rekord artım qeydə almağı planlaşdırır. Gəlirlərinin dörddə üçünü itirmiş “Qazprom”un büdcəsini bu yolla doldurmaq istəyirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə “Moskva Tayms” məlumat yayıb.
Rusiya hakimiyyəti əsas Avropa bazarında gəlirlərinin dörddə üçünü itirmiş “Qazprom”un büdcəsini doldurmaq üçün 11 il ərzində vətəndaşlar üçün qaz tariflərində rekord həddə - 20% artım hazırlayır.
İqtisadiyyat Nazirliyinin açıqladığı proqnoza əsasən, əhali üçün qazın topdan satışı tarifləri 2024-cü ilin iyul ayından 11,2%, 2025-ci ilin iyul ayından isə daha 8,2% artırılacaq.
Kumulyativ olaraq, iki il ərzində vətəndaşlar üçün qazın qiyməti 20%, müharibə başlayandan bəri isə 34% artacaq: keçən il tariflər iki dəfə indeksləşdirilib - iyulda 3% və dekabrda 8,5%. 2023-cü ildə indeksasiya aparılmayıb.
Son illərdə heç vaxt qazın qiyməti bu qədər sürətlə artmamışdı: 2021-ci ildə indeksasiya 3%, 2020-ci ildə - 3%, 2019-cu ildə - 1,4%, 2018-ci ildə - 3,4%, 2017-ci ildə 3,9%, 2015 və 2016-cı illərdə - hər biri 7,5%.
Qaz tariflərində sonuncu kəskin artım - ildə 15% - 2013-cü ildə baş verib. Amma indi hakimiyyət “Qazprom”un maliyyə vəziyyətinin kəskin pisləşməsi fonunda istehlakçıların yükünü artırmağa qərar verib.
Ötən il şirkət xaricə SSRİ-nin son illərindən bəri minimum qaz satıb (100 milyard kubmetr), 2023-cü ilin birinci yarısında isə Rusiyadan Avropaya qaz ixracı 1970-ci illərin ikinci yarısından bəri minimuma - 12,1 milyarda kubmetrə düşüb.
2022-ci ilin ikinci yarısında, demək olar ki, bütün Avropa ölkələrinin ardıcıl olaraq Rusiya qazından imtina etdiyi bir vaxtda “Qazprom” 1,3 trilyon rubl xalis itki ilə üzləşib. 2023-cü ildə şirkət mənfəət əldə edə bilib, lakin bu, keçən illə müqayisədə 5 dəfə az - 296 milyard rubl olub. “Qazprom”un hesablarındakı nağd pul ehtiyatları müharibənin əvvəlindən üç dəfə azalıb: 2 trilyon rublluq “nağd pul”dan 2023-cü ilin iyul ayının əvvəlinə 700 milyarddan bir qədər az qalıb.
Qadir, Bizimyol.info