Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sağlığında qiymət verin insanlara..." - Vəfat edən şəxsin bank borcunu övladları hansı halda ödəməlidir?
"Sağlığında qiymət verin insanlara..." - Vəfat edən şəxsin bank borcunu övladları hansı halda ödəməlidir?

Sosial platformalarda hüquqşünaslara, vəkillərə ən çox ünvanlanan suallardan biri vəfat etmiş şəxsin vərəsələrinin onun bank borcunu ödəmək məcburiyyətində qalıb-qalmaması ilə bağlıdır. Bəzi şəxslər yazır ki, kredit təşkilatı və ya bank onları ölən yaxınının borcuna görə dayanmadan narahat edir. Ardıcıl zənglər gəlir, bəzən məbləğin ən azı 60-70 faiz ödənilməsi istənilir. Sanki bank və ya kredit təşkilatı ölənin yaxınlarından müəyyən vəsait qoparmağa çalışır.

Bizimyol.info xəbər verir ki, qanunvericilikdə məsələ çox aydın şəkildə əksini tapıb. Vərəsələrin üzərinə yalnız bir halda məsuliyyət qoyulur. O halda ki, vəfat etmiş şəxs yaxınlarına hər hansı mənzil və ya avtomobil saxlayıb. Yəni ortada konkret əmlak olmalıdır. Yoxsa kiminsə övladı olduğuna görə banka borcu ödəməli deyilsən. İnsanlar elə bilir ki, kiminsə yaxınısansa, istənilən halda borcu verməlisən.

Vəkil Vamiq Şükürov Bizimyol.info saytına açıqlamasında bildirib ki, ona da vəfat etmiş borclunun yaxınlarına telefon zəngləri ilə bağlı müraciətlər az olmayıb. Onun sözlərinə görə, ölən şəxsin yaxını miras əldə etmədiyi halda üzərinə məsuliyyət götürməməlidir.

“Vərəsələr mirasın qiyməti həcmində borcları ödəməlidirlər. Belə bir hal olmayıbsa, onda vərəsəni narahat etmək olmaz. Bank istənilən halda narahat etməyə davam edərsə, səlahiyyətli orqanlara müraciət olunması vacibdir”.

Miras vəsiyyət olunduğu halda bank həmin əmlakın satılıb borcun ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Bundan sonra əmlak satılır, yalnız mirasın qiyməti qədər borc silinir. Borc məbləği daha böyük olarsa, vərəsələr buna görə məsuliyyət daşımır.

Başqa hallar da mümkündür. Məsələn, vəfat etmiş şəxsin həyatı sığortalanıbsa, onda proses sadələşir. Bu zaman sığorta şirkətləri borcu ödəməlidirlər.

Nəzərə almaq lazımdır ki, bankda kiməsə zamin durmaq məsuliyyət yaradır. Adətən, Azərbaycanda insanlar bu məsələyə həssas yanaşmırlar. Yəni asanlıqla kiməsə zamin durmaq vəzifəsini üzərinə götürürlər. Kredit götürən şəxs vəfat edəndə isə məsələ qəlizləşir. Bu halda zamin duran şəxs borcu ödəməli olur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »