2020 Vətən müharibəsi vaxtı da bizə təzyiq göstərməyə çalışanlar oldu, hətta qarşı tərəfə yardım edənlər də oldu. Fransa başda olmaqla Ermənistanı əlində oyuncaq edən dövlətlər və "ağa deyir ki, sür dərəyə" prinsipi ilə uçuruma aparan təşkilatlar oldu. Eləcə də Cənubi Qafqazda "qaranlıq" gələcək inşa etmək istəyən bu təxribatçı məqsədlərə sahib tərəflər, bizə də bacardıqları qədər təzyiq etməyə çalışdılar. 30 ildir bir yaralı barmağa “duz səpməyi” bacarmayan ATƏT də, işi düşəndən düşənə "dost" cildində görünən Qərb də, Afrikadakı “tir”i ört basdır edib Qarabağda “çöp” axtaran Fransa da öz anlamsız, əhəmiyyətsiz və təsirsiz bəyanatları ilə Azərbaycanın daxili işinə qarışmağa çalışdılar...
...Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qardaş Türkiyənin əvəzedilməz dəstəyi ilə bütün qarmaşıqların içərindən itkilər bahasına da olsa çıxa bildik. Qalib ölkəyik. Düzdür, zaman-zaman qarşı tərəfin təxribatları ilə qarşılaşırıq və itkilərimiz olur.
Amma nəticədə qalib bizik…
Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son illər Azərbaycanın tarixinin ən şanlı dövrü yaşanır. Dövlətimiz 44 günlük müharibə vaxtı da hər zaman Qarabağda qanunsuz yerləşmiş, azərbaycanlıların doğma yuvalarından didərgin salıb mülklərinə sahib çıxmış sivil insanlara zərər dəyməməsi üçün əlindən gələnin artığını etdi. Lakin Ermənistan ordusu tam əksinə cəbhədən uzaq olan Gəncə şəhərini belə raket atəşinə tutdu.
“24 saat belə çəkməyən lokal anti-terror tədbiri zamanı da ordumuz erməni vətəndaşlarımızın tam təhlükəsizliyini təmin etdi. Hətta erməni terrorçularının ənənəvi taktikası olan silah-sursat anbarlarını maksimum yaşayış obyektlərinə yaxın qurması da ordumuzu bu tələyə salmadı. Azərbaycan ordusu zərgər dəqiqliyi ilə terrorçuların "yuva"sını dağıtdı. Mən əminəm ki, indi beynəlxalq aləm də kimin terrorçu olub və humanitar blokada yaratdığını aydın şəkildə görür”-deyə deputat bildirib.
Müşfiq Cəfərov hesab edir ki, bu gün 90-cı illərdən fərqli olaraq əlimizdə ən müasir texnikalar, sübutlar, faktlar var ki, Ermənistanın bütün xain planlarını açıb göstərə bilirik. Lakin keçən əsrin sonlarında dövlətimiz Ermənistanın qurduğu mənfur xain planların əsl üzünü sübuta yetirə bilmirdi. Azərbaycan dövlətinin bugünkü diplomatiyası, uzaqgörən siyasəti erməni terrorçularının bütün planlarını məhv etdi.
İradə Cəlil, Bizimyol.info