Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yalan ayaq tutub "yıxıldı": Paşinyan deyir, 40 min yer hazırlanıb, bəs qalanı?...
Yalan ayaq tutub "yıxıldı": Paşinyan deyir, 40 min yer hazırlanıb, bəs qalanı?...

Azərbaycanın son lokal anti-teror tədbirindən sonra ağ bayraq qaldıraraq təslim olan erməni silahlı birləşmələri indiyə qədər özlərini “Qarabağ ordusu” adlandırırdılar. İndi məlum olur ki, lokal anti-terror tədbiri zamanı ölən hərbçilərin əksəriyyətinin meyidini Ermənistana aparmağa çalışırlar. Bəs deyirdiniz onlar “Qarabağ ordusu”nun əsgərləridir, indi "nooldu"...

Belə məlum olur ki, daha doğrusu, hər zaman məlum olan fakt bir daha sübut olunur ki, “Qarabağ ordusu” deyilən bir şey yoxdur, bu elə Ermənistan ordusunun qeyri-qanuni yerləşdirilmiş birləşmələridir. Həm də bu, sadəcə, sıradan bir yalan "qarmağı"dır...

Ermənilərin başqa bir əsassız iddiasını isə ölkənin baş naziri Nikol Paşinyan ifşa edib. O, deyib ki, Qarabağdan köçürülən erməni əsilli sakinlər üçün Ermənistanda 40 min yer hazırlanıb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Maraqlıdır, 3-4 gün əvvələ qədər Qarabağda 120-150, hətta 180 min əhalinin oluğunu barədə geninə-boluna bəyanatlar verən Ermənistan hökuməti nə əcəb məhz 40 min insan üçün yaşayış yeri hazırlayıb.

Bəs, qalanlar nə olacaq?

Qalan olmayacaq. Çünki onların indiyə qədər səsləndirdiyi rəqəmlər yalan idi. Bu, diaspor təşkilatlarından daha çox maliyyə cəlb etmək və ikinci ən əsas səbəb bölgəyə daha çox rus əsgəri gətirməyə hesablanmış addım idi.

“Bizim soydaşlarımızın Qarabağdan Ermənistana mümkün köçürülməsi ilə bağlı mövqeyimiz belədir. Onların evlərində yaşamalarının qeyri-mümkün olacağı müəyyən edildikdə köçürülmələri üçün Ermənistanda 40 min yer hazırlanıb. Ermənilərin Qarabağdan köçməsi Ermənistan hökuməti üçün “A” planı deyil, əksinə, hər şey edilməlidir ki, onlar öz evlərində qorxusuz və təhlükəsiz yaşaya bilsinlər”, - deyə Paşinyan bildirib.

Bəli, nəsə edilməlidir və ediləcək və burada hər şeyə Azərbaycan dövləti qərar verəcək. Zaman da göstərdi ki, bu problem Ermənistanın güvəndiyi digər güclərin həll edəcəyi məsələ deyil. Bu, artıq Azərbaycanın daxili məsələsidir. Öz ərazisində yaşayan sakinlərin taleyinə Azərbaycan dövləti cavabdehdir. Gərək sakinlər də, dövlətinə vətəndaşlıq eləsin. Gözləri Şimalla Qərb arasında çaşıb qalmasın.

Əks təqdirdə, özlərini Ermənistanda hazırlanmış yerlərin sakini hesab edə bilərlər.

Qadir Musaoğlu Qadir Musaoğlu, Bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »