Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Zelenski ölkələrinin hərbi-sənaye komplekslərinin əməkdaşlığını müzakirə ediblər
Bayden və Zelenski ölkələrinin hərbi-sənaye komplekslərinin əməkdaşlığını müzakirə ediblər

ABŞ prezidenti Co Bayden və Ukrayna lideri Vladimir Zelenski Ağ Evdə danışıqlar zamanı Ukraynanın enerji və iqtisadi sektorlarının bərpası, Kiyevin korrupsiyaya qarşı mübarizəsi, həmçinin Amerika və Ukrayna hərbi sənaye kompleksləri (HSK) arasında əməkdaşlığı müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə görüşün yekunlarına görə Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidməti məlumat yayıb.

"Birləşmiş Ştatlar uzunmüddətli perspektivdə, o cümlədən Ukraynanın hərbi sənaye bazası ilə tərəfdaşlıq qurmaqla Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək niyyətindədir.

Bu məqsədlə ABŞ hökuməti payızda ölkənin hərbi sənayesinin nümayəndələrini, ukraynalı sahibkarları və hər iki ölkənin rəsmilərini bir araya gətirərək birgə müəssisələrin yaradılması və birgə istehsalın imkanlarını araşdırmaq üçün konfrans keçirəcək. Prezident Bayden və prezident Zelenski ABŞ-ın Ukraynanın enerji və iqtisadi bərpasına dəstəyini müzakirə ediblər", – deyə Ağ Ev qeyd edib.

Dövlət başçıları generasiya və ötürmə qabiliyyətinin artırılması səylərindən danışıb, həmçinin onların hökumətləri tərəfindən Ukraynanın enerji dayanıqlığının gücləndirilməsinə yönəlmiş anlaşma memorandumunun imzalanmasını alqışlayıblar. "Prezident Zelenski Ukraynada korrupsiya ilə mübarizə planlarını bölüşdü. Prezident Bayden güclü, siyasi cəhətdən müstəqil antikorrupsiya institutlarının, o cümlədən Ukrayna Milli Antikorrupsiya Bürosu, Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq, eləcə də Ali Antikorrupsiya Məhkəməsinin vacibliyini vurğulayıb", - sənəddə vurğulanır.

Amerika və Ukrayna liderləri “Ukraynanın davam edən əks-hücum əməliyyatını müzakirə ediblər”.

Bayden bir daha deyib ki, Birləşmiş Ştatlar “sona qədər” Ukraynaya dəstəyini davam etdirəcək və Rusiyanını törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çalışacaq. “Prezident Bayden prezident Zelenskinin ədalətli və davamlı sülh üçün qlobal dəstək yaratmaq məqsədi ilə diplomatik səylərini alqışlayıb”, - deyə Ağ Evdən bildiriblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »