Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Asan olmayacaq, amma olacaq...
Asan olmayacaq, amma olacaq...

Dəfələrlə yazmışam və demişəm: mürəkkəb məsələlərin sadə həlli olmur.

İldırımsürətli həlli isə heç olmur.

Biz haqlı olaraq tez bir zamanda və maksimum nəticələrə köklənirik. Gözləntilərimizi, aviasiya termini ilə desək, maksimal yüksəklik tavanına qaldırırıq. Gözlədiklərimizin hamısı və ya gözlədiyimiz şəkildə, gözlədiyimiz müddətdə reallaşmayanda o yüksəklikdən yerə çırpılırıq. Bizim reaksiyamız ya ifrat rasional olur, ya ifrat emosional. Yenə əvvəl dediyim kimi, millət olaraq duruma görə ya erkən eyforiyaya düşürük, ya dərin apatiyaya.

Bu dünyada, xüsusilə, bölgədə bir Ermənistan, bir Azərbaycan yoxdur. Biz torpağımıza göz dikənlərlə heç də həmişə, ya da heç vaxt təkbətək qalmadıq. Hətta Rusiyanın, İranın, demək olar, bütün dünyanın arxa durduğu Ermənistanla uduzduğumuz əvvəlki hərbi fazada da aydın görünürdü ki, təkbətək qalası olsaq, qələbə şəksiz bizimdir. Ancaq regionda başqa qüvvələr, başqa aktorlar da var. Biz onları sevməsək də, nifrət bəsləsək də, bəzi reallıqlarla hesablaşmaq zorundayıq.

Əgər biz düşünsək ki, şəhidlər nahaq yerə canından keçib, bu, elə şəhidlərin özlərinə qarşı da ədalətsizlik olar. O məntiqlə gərək deyək ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini quranların da əziyyəti hədər gedib. Onda gərək deyək ki, 1920-ci ilin mayında Gəncədə bolşevik hakimiyyətinə dirəniş göstərənlərin də qanı batıb. Elə deyil. Əgər qurucu babalarımız 105 il əvvəl bir müstəqil dövlət, bir respublika qurmuş olmasaydı, 1922-ci ildə biz Sovet İttifaqının tərkibinə formal da olsa, dövlət atributları - öz himni, bayrağı, gerbi, paytaxtı, sərhədləri və ayrılmaq hüququ olan müttəfiq respublika kimi deyil, bunlarsız bir əyalət ərazi vahidi kimi daxil olardıq. Biz 1991-ci ildə müstəqil dövlətçiliyimizi necə bərpa etdik?! Bu ayrılmaq hüququ ilə və formal atributlar üzərindən. Müstəqillik haqqında Konstitusiya Aktında da yazdıq ki, Azərbaycan Respublikası həmin o 23 ay yaşamış Cümhuriyyətin varisidir.

Bəlkə bir az uzaqdan gəldim, ya da çox uzağa getdim. Demək istədiyim mətləb budur: indi Qarabağdakı separatçı pozuntularının da, onlara yaxından-uzaqdan arxa çıxanların da tək silahı girova çevirdikləri o mülki əhalidir. "Dinc əhali" deyə bilmirəm. Çünki beyinləri zəhərlənib; Azərbaycan prezidenti də xalqa müraciətində bu ifadəni səbəbsiz işlətmədi. Ən azı son yüz ildə onlara elə böyük xəyallar veriblər ki, o xəyallardan əl çəkə bilmir bu camaat. Elə bilir, monoetnik ortamda yaşamasa, yaşamayacaq. O zəhərli beyinlərlə Ermənistanı da monoetnik siyasi coğrafiyaya çevirdilər. Eyni cür - monoetnik dövlət xülyasını Qarabağ dağlarında da qurmağa çalışdılar. Xəstə təfəkkürdür də. Nə etmək olar?! Bir ailənin uşaqlarından birində əqli zəiflik, ruhi xəstəlik varsa, nə edir?! Ondan imtina edir, yoxsa ağır-ağrılı da olsa, stasionara yatırıb sağaltmağa, yenidən ailəyə sağlam can qazandırmağa çalışır?! Əlbəttə, ağıllı, mərhəmətli ailə başçıları ikinci yolu seçər. Eynən bizim dövlətimizin indi etdiyi kimi. Orda minlərlə mülki şəxs var. Həm də mülki əhalinin çoxuna silah da paylanıb. Emosional qərarlarla getsək, daha çox hərbi qulluqçumuzun həyatını təhlükəyə atmış olarıq. Həm də axı biz haqlı olaraq deyirik ki, Qarabağın erməniəsilli əhalisi girovdur. Terrorçuların, separatçıların, onları qidalandıran geosiyasi oyunçuların və oyunbazların girovudur. Bəs girovları necə azad edəcəksən?! Əlbəttə, ağıllı, təmkinli üsullarla. Lazım gələndə danışıq aparacaqsan, girovların həyatına zərər vermədən güc də tətbiq edərsən...

Üzülürəm, şəhidlərimiz çoxdur. Yaralılarımız çoxdur. Bir nəfər olsa belə, yenə çoxdur. Hamısı bizim üçün əzizdir. Bəli, bu savaşı biz başlatmadıq, amma biz bitirəcəyik. "Əsgərimin, zabitimin, polisimin qanı yerdə qalmasın, əziyyəti hədər getməsin" deyirsiniz. Düz deyirsiniz. Onun üçün dövlətimiz, ordumuz, bütün təhlükəsizlik qüvvələrimiz, diplomatiyamız səbirlə, səriştəylə və səliqəylə işləməyə çalışır və qəti əminəm ki, nəticə də olacaq. Bir çoxlarımız 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə 44 günlük müharibə dayananda da Ağdamın, Kəlbəcərin, Laçının azad olunacağına inanmırdılar. Bəli, onda da cılız oyunlar qurulurdu; əlavə vaxt istədilər, verdik və sair. Ancaq sonda həmin bölgələri döyüşsüz aldıq. Bu dəfə də Xankəndini, Ağdərəni, Xocalını, Xocavəndi, Əskəranı, bütün qalan kəndləri elə alacağıq. Buna bütün varlığımla inanıram.

Bəli, dövlət başçısının dediyi kimi: "Bizim kimsəyə ərazi iddiamız yoxdur. Ümumiyyətlə, heç kimə ərazi iddiamız yoxdur". Bizə qarşı olan iddiaları da söküb atırıq torpağımızdan.

Bəli, mürəkkəb məsələlərin həlli də çətin olur - mürəkkəb üsul və kombinasiyalar tələb edir.

Əminəm ki, bu məyusluğunuz, pessimist düşüncəniz itkilərimizin verdiyi acıdan və Vətən sevgisindən doğur. Xüsusi məqsədləri və qərəzli önyarğısı olanları demirəm. Millətinə aşiq, dövlətinə sadiq çoxluqdan danışıram mən.

Odur ki, həmişə dediyim kimi: Vətəni dəlicəsinə sevmək olar, ancaq Vətənə ağılla xidmət edəcəksən. Bunun alternativi yoxdur. Mən qəti əminəm ki, şəhidlərimiz bizə çox böyük bir qələbə bəxş etdilər. Bu hərbi qələbə üzərindən hərəkətlə biz bütün Qarabağ dağlarını da azad edəcəyik, faktik girovluqda olan mülki insanları da xilas edəcəyik. Hə, kim bizim kömək üçün uzatdığımız əlimizi tutmayacaqsa, ona da çıxış qapısını çoxdan göstərmişik. "Səni sevəcəyəm, sən sevməsən də" siyasəti olmayacaq.

...Dünən çörəyimizdən imtina edənlər bu gün bizdən çörək istəməyə gəlir.

Hələ təkcə bu faktın özü də çox şey deyir.

Asan olacaq deyə illüziyamız yoxdur. Doğrudur, asan olmayacaq. Ancaq sonda hər şey gözəl olacaq. Bədbin olmaq məğlubiyyətin, inanmaq qələbənin yarısıdır. Mən heç də kor inamın tərəfdarı deyiləm. Heç vaxt da əmin olmadığımı heç kimə təlqin etməyə çalışmadım. Bu dəfə qəti qələbəyə inanıram. Çünki...

Çünki qələbə qazanmaqdan başqa yolumuz yox!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »