1990-1993… Əliyalın, ayağı yalın halda azərbaycanlılar yollara çıxaraq, erməni vəhşiliklərindən qurtulmaq üçün yol axtarır… Yağı düşmən evlərə od vurur, qız-gəlinləri zorlayır, qoca-cavan bilmədən qətlə yetirir. Uşaqlara işgəncələr verir… 2020-2023… Azərbaycan tarixi torpaqlarını geri qaytarır. Öz torpaqlarında yaşayan erməniləri sakit və təhlükəsiz şəkildə evakuasiya edir və deyir: “mənim bayrağımın altında, mənim qanunlaırmla yaşamaq istəyən qalıb yaşaya bilər”… Bu da əsl humanizm…
“Bəlkə bizim problemlərimizin bir çoxunun səbəbi, bəlkə də elə xoşbəxtlikdəndir ki, biz bu qədər humanist, insani dəyərlərə hörmət edən bir xalqıq. Tarix boyu biz milli adət, ənənələrimizdə qonağa hörmət, özümüzdən böyüklərə hörmət, digər xalqlara digər millətlərə çox humanist münasibət, tolerantlıq, dözümlülük nümayiş etdirmişik. Bunların hər biri bizim sərvətimizdir və düşünürük ki, elə erməni vəhşiliyinin bizim qonşuluğumuzda olması, bu toplumun bizimlə birgə, yanaşı yaşaya bilməsinin də səbəbləri odur ki, onlar tamamilə vəhşi, insani dəyərlərdən uzaq, biz isə onun tam əksi olan, bu dəyərləri qoruyub saxlayan bir xalqıq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar İskəndərov deyir ki, 90-cı illərdə gedən proseslər, xalqımızın başına gətirilən vəhşiliklər və bu gün eyni proseslərin əksi olması, amma “Azərbaycan sayağı” olması, yəni daha mədəni, daha sivil həyata keçirməsi bunun bir daha sübutudur.
“İnsanlar normal şəkildə evakuasiya edilir. Onların hər birinə yol açılıb. Hər biri çox normal şəkildə hava limanında təyyarə gözləyirlər. Onların yolda getməsi üçün heç bir təhlükə yoxdur. Çünki Ali Baş Komandanın xüsusi lokal anti-terror tədbirlərinin keçirilməsi ilə bağlı ən böyük və birinci verdiyi tapşırıq da mülkü insanlara, sadə insanların heç birinə toxunulmaması idi. Yəni bu barədə cənab Ali Baş komandan xüsusi tapşırıq vermişdi. Bu, yenə bizim insani dəyərlərə böyük hörmət göstərməyimizin sübutudur”-deyən deputat vurğulayıb ki, heç bir böyük günah cəzasız qalmır. Bu gün həm zaman, həm də Azərbaycan qanunları əli azərbaycanlıların qanına batmış bütün terrorçuların cəzasını verəcək. Proses isə, artıq başlayıb.
“Ərazimizdə yaşayan, Azərbaycanın konstitutsiyasını qəbul edən, Azərbaycan bayrağı altında yaşayacaq vətəndaşlarımız və onların övladları Xocalıda inşa olunacaq ən böyük Xocalı soyqırımının qurbanlarına həsr ediləcək kompleksə tez-tez baş çəkməli və tarixi ibrət dərsi götürməlidirlər. Yəni onlar bilməlidirlər ki onların babaları, ataları necə vəhşiliklər törədiblər. Bir də o vəhşiliklərin təkrar edilməməsi üçün, bir də xalqların, millətlərin belə terrorla, soyqırımla üzləşməməsi üçün mütləq belə abidələr ucaldılmalıdır. Onlar bu insanlara bir nümunə kimi qalmalıdır ki, belə vəhşiliklərlə həyat qurmaq olmaz, yaşamaq olmaz, həyat tərzinə çevirmək olmaz. Bizim belə humanist dəyərlərdə olmağımız bir daha onu göstərir ki, biz nə qədər doğru yolda olmuşuq. Bu dəyərlərimizi də gələcək nəsillərimizə aşılamalıyıq ki, onlar da o milli mənəvi dəyərlərimizə sahib çıxsınlar, bəşəri dəyərləri həmişə hərşeydən üstün tutsunlar”-deyə Vüqar İskəndərov əlavə edib.
İradə Cəlil, Bizimyol.info