Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın və Paşinyanın sərgilədiyi mövqe, yaşananlardan dərs çıxarıldığını göstərdi"
"Ermənistanın və Paşinyanın sərgilədiyi mövqe, yaşananlardan dərs çıxarıldığını göstərdi"

"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən nəinki Cənubi Qafqazda, dünyada sülhün və əmin-amanlığın, demokratiyanın, insan haqlarının müdafiəsinin tərəfdarı kimi çıxış edib. O, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin vacib olduğunu bildirməklə, bu gün də həmin sözləri dilə gətirir. Cənab Prezident bildirir ki, “Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa söykənir. Dünyanın o başında oturub, bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksin bizdən, imkan versinlər cənubi Qafqaz rahat nəfəs alsın. Yetər artıq, biz bunu tələb edirik”. Bu, Azərbaycan prezidentinin dünyaya yeni bir mesajı, yeni bir çağırışıdır. Çünki uzun illər xarici avantüristlərin təkidi ilə Cənubi Qafqazda sabitlik olmayıb. Burada insanlar bir-birinə qarşı qoyulub və bu gündə bu mənfur niyyət həyata keçirilməkdədir. Biz bunu Ermənistanın timsalında Qarabağda fəaliyyət göstərən separatçıların nümunəsində aydın gördük".

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat bildirib ki, Azərbaycan uzun illər bu təcavüzdən əziyyət çəkib. 1 milyon insan öz ata-baba yurdlarından didərgin salınıb, şəhər və kəndlərimiz talan edilib, xarabalığa çevrilib.

Tahir Rzayev Tahir Rzayev

“Ancaq haqq-ədalət Azərbaycanın tərəfində idi. Biz 44 günlük müharibədə tarixi qələbəni əldə etdik. Dünən həyata keçirilən lokal anti-terror tədbirləri bir daha göstərdi ki, Azərbaycan öz suverenliyini bərpa etməyə ərazilərini qorumağa və düşmənə hər cür cavab verməyə hazırdır. Bunu bizim düşmənlərimiz də artıq dərk etməyə başlayıblar. Ermənistanın sərgilədiyi mövqe, Paşinyanın bu məsələlərə laqeyd qalması göstərdi ki, artıq Ermənistan rəhbərləri o dərslərdən müəyyən nəticələr çıxarıblar. Çünki Azərbaycan əraziləri dövlətimizə məxsusdur. Və bu torpaqda sabitliyin, təhlükəsizliyin təmin olunması konstitutsion hüquqların bərpa edilməsi, Azərbaycanın haqqıdır və bu, beynəlxalq normalara əsaslanır. Buna görə də keçirilmiş anti-terror tədbirləri nəticəsində artıq separatçılar öz dərslərini aldılar və təslim oldular”-deyə deputat bildirib.

Tahir Rzayev qeyd edib ki, Qarabağda yaşayan erməni icması ilə münasibətlərin yaxşılaşdırılması və razılıqların təmin olunması erməni xalqının xeyirinədir. Çünki bu razılıq orada yaşayan ermənilər üçün vacibdir.

“Azərbaycan prezidenti xalqa müraciət edəndə qeyd etdi ki, biz bir daha bildiririk ki, Qarabağda yaşayan ermənilərin hüquqlarının qorunmasını, onların həyatını yaxşılaşdırılmasını təmin edəcəyik. Çünki onlar uzun illər həmin ərazidə olan silahlı xuntanın kölələrinə çevrilib, heç bir hüquqa malik olmayıblar və çox acınacaqlı bir həyat yaşayıblar. Onlar bundan sonra yeni bir həyata qədəm qoyacaqlar və Qarabağ şərqi Zəngəzur abadlaşdırıldığı kimi Xankəndi də, Əskəran da, Xocalı da abadlaşdırılacaq. Və orda yeni bir həyat başlayacaqdır”-deyən deputatın fikrincə, 23 saat 43 dəqiqəlik lokal anti-terror tədbirləri dünyaya sübut etdi ki, Azərbaycan ordusu güclüdür. Azərbaycan xalqı birdir və Azərbaycan prezidenti öz torpaqlarını müdafiə etməyə, qorumağa qadirdir. Onun uzaq görən siyasəti, onun düşünülmüş siyasi gedişləri beynəlxalq normalara əsaslanır və heç bir ölkə Azərbaycana nəyisə diktə edə bilməz onu yolundan döndərə bilməz.

“Bütün Azərbaycan xalqı buna sevinir, qürurlanır və yeni bir qələbənin qazanılması bizi yeni uğurlara aparır. Və hər birimiz qürurla bildiririk ki, Azərbaycan prezidentinin ətrafındayıq və Azərbaycan xalqı ona dayaqdır. Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz Azərbaycan xalqının xoşbəxtliyinə, torpaqlarımızın azadlığına və yeni uğurlarımıza yollar açır”-deyə deputat Tahir Rzayev əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »