"Qarabağdakı qeyri-qanuni silahlıların və separatçıların ağ bayraq qaldırması bütün ərazilərin azad edilməsi deməkdir. Artıq dünəndən Qarabağ torpaqlarından Ermənistranın silahlıları və ağır hərbi texnikaların çıxarılmasına başlanıb. Bu gün Azərbaycan Prezidentinin nümayəndəsi ilə erməni icmasının nümayəndələri arasında Yevlaxda görüşü keçirilir. Görüşdə Xankəndində və onun ətraf ərazilərdə Azərbaycan dövlət quruluşunun bərpası və erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası proseslərinə başlanması üçün dialoq aparılacaq".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. O, qeyd edib ki, burada əvvəlki dialoq təkliflərimizdə olduğu kimi separatçıları dinləmək məsələsi olmayacaq. Azərbaycan reinteqrasiya proseslərinə start verməsi üçün konkret şərtlərini açıqlayacaq və bu şərtlər əsasına Xankəndində dövlət quruluşumuz bərpa olunmalıdır. Bununla bağlı yol xəritəmiz artıq hazırdır. Burada ermənilərin vətəndaşlığımızın alınması, bələdiyyə sisteminin və yerli icra orqanlarının yaradılması, hüquq mühafizə sisteminin qurulması və qanunlarımıza uyğun erməniəsilli vətəndaşlarımızın hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və digər məsələlər bu gün Yevlaxda keçiriləcək dialoqda öz həllini tapacaq.
“Ehtimal edirəm ki, keçmiş qondarma qurumun qondarma rəhbərlərinə amnistiya verilməsi və ərazilərimizdən çıxması üçün şərait yaradılması ilə bağlı Bakıdan xahiş olunsun. Amma onu demək istəyirəm ki, Xankəndində dövlət quruluşunun bərpası prosesinə start verilib”-deyən deputat bildirib ki, görüşün məhz Yevlaxda keçirilməsi mövqeyimizin dəyişilməz olduğunu göstərir. Çünki Bakı Yevlaxda görüşü təklif edəndə Xankəndi imtina etmişdi. Bu gün bu görüşü Yevlaxda keçirməklə, Azərbaycanın dediyi sözünün həmişə reallıqda öz əksini tapdığını göstərir. Dinc yolla istəmədilər, güc işlədiləndən sonra özləri yalvardılar.
“Ermənistan və Xankəndindəki separatçı mövqedə olan ermənilər bilməlidirlər ki, Azərbaycan dövləti ilə oyun oynamaq olmaz”-deyə deputat fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info