Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sizi belə görmək nə xoş...
Sizi belə görmək nə xoş...

Bir insanın bədbəxtliyi üzərində digəri xoşbəxt həyat qura bilməz. Buna İlahi ədalət deyənlər də var, təbiətin qanunauyğunluğu sayanlar da. Amma əsas odur ki, belə hallarla real olaraq qarşılaşırıq. Buna sevinirikmi, üzülürükmü, bu da bizim reallığa ədalətli yanaşmamızın bəhrəsi ola bilər.

80-ci illərin sonu Ermənistandan, 90-ci illərin əvvəllərində isə Qarabağ və ətraf rayonlardan, doğma-tarixi yurdlarından azərbaycanlıları qovurdular. O vaxt da bilirdik, bu gün də olanlar sübut etdi ki, bu təkcə ermənilərin fərasəti deyildi. O vaxt onlara “böyük qardaşlıq”, bu gün düşmənlik edənlərin sayəsində həm bizə, həm də öz xalqlarına bu zülmü yaşatdılar.

Bu gün Ermənistan mətbuatı Xocalıdan əllərində ən zəruri əşyaları ilə köç edən insanların video görüntülərini yayıb. Çox kədərli görüntülərdir, xüsusən də, bizim – o günləri yaşamış insanlar üçün. Kədərləndikmi? Kədərləndik, amma dünən bizim yurdumuzu işğal edib, özümüzə rişxənd edən ermənilər üçün kədərlənmədik, özümüz, yaşadığımız faciələr üçün kədərləndik. Bir növ yaşadığımız həyatın filmini seyr edirmiş kimi kədərləndik. Müqaisə nə qədər uğursuz olsa da (Çünki biz öz vətənimizdən qovulurduq, onlar öz vətənlərinə qovulurlar.), biz də beləcə əlimizdə ən həyati əhəmiyyətli əşyalarımızı və sənədlərimizi götürə bilmişdik.

Evimizin qapısının açarını anam dünyasını dəyişənə qədər saxladı. Ona deyə bilmirdim ki, artıq açılacaq qapı yoxdur, hətta ev yoxdur. Gənc yaşından yeddi övladla tək qalıb, həm onları böyüdən, həm də övladlarına dişi-dırnağı ilə ev qurmuş insana bunu necə demək olardı? Mən bacarmadım. Anam o ümidlə dünyasını dəyişdi. Güman edirdi ki, özü olmasa da, mən, bir gün o açarla evimizi qapısını açacağam.

Bəli, bu gün əllərində ən vacib əşyaları ilə onları (elə bizi də) bu hala salan rus əsgərinə pənah gətirənlər, bir vaxt bizim bədbəxtliyimiz üzərində xoşbəxtlik axtarmağa gəlmişdilər. Biz evimizim qapısını kilidləyib gəlmişdik, onlar yaşadıqları evləri yandıraraq qaçırlar. Biz dönəcəyimizə inanırdıq, onlar gedəcəklərini bilirlər.

Adam heysiyyatına sığışdırmır ki, desin: “Sizi belə görmək nə xoş...”

Qadir Musaoğlu Qadir Musaoğlu, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »