Ötən günlərdə dünya şöhrətli Azərbaycanlı fotoqraf Rəna Əffəndi IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının qonağı olub. Tammetrajlı beynəlxalq sənədli filmlər kateqoriyasının juri heyətində yer alan fotoqrafla festival çərçivəsində görüş də keçirilib. "Rəna Əffəndinin obyektivindən qadınlar" adlanan görüşdə fotoqraf izləyicilərin çoxsaylı suallarını cavablandırıb.
Dünya şöhrətli fotoqraf Rəna Əffəndi on iki ildən çoxdur ki, Azərbaycanda olmadığını bildirib: "Bilirəm ki, buraya gələn insanlar Sevil Beynəlxalq Sənədli Film Festivalını izləyənlər, bu sahəyə marağı olanlardır. Bugünkü görüşdə onlarla görüşmək, yaxından söhbət etmək, öz işimlə bağlı verilən sualları cavablandırmaq mənim üçün çox maraqlı oldu”.
Xatırladaq ki, Sevil Beynəlxalq Qadın Sənədli Filmlər Festivalı Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən müstəqil sənədli film festivalıdır. Sevilfest, ilk növbədə, gender məsələlərinə yönəlir. Festival paralel olaraq üç şəhərdə – Bakı, Şəki, Lənkəranda təşkil olunur. Festival qadınlar və təmsil olunmayan qruplar üçün təhlükəsiz və inklüziv məkan yaratmaq, onların iştirakını və ölkədə sənədli film sənayesinə töhfələrini artırmaq istiqamətində fəal işləyir.
Sevil Beynəlxalq Qadın Sənədli film festivalı dörd il ərzində ölkənin bir çox regionunda çoxsaylı nümayişlər təşkil edib. Belə ki, festival 8 şəhər də 125 film nümayişi həyata keçriib. Festvalın bu günə qədər 2600 iştirakçısı olub.