Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başın böyük olması ilə intellektin yüksək olması ilə əlaqəsi varmı? - Beynəlxalq araşdırma cavab verir
Başın böyük olması ilə intellektin yüksək olması ilə əlaqəsi varmı? - Beynəlxalq araşdırma cavab verir

Eynşteyn kimi zəkaları ilə məşhur olan bəzi alimlərin başlarının bədənlərindən daha böyük olduğunu görmüsünüz. Psixologiya sahəsindən bəzi alimlər 19-20-ci əsrlərdə bu müşahidə ilə bağlı müxtəlif tədqiqatlar aparmışlar.

Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş ölçüsü ilə zəka arasındakı əlaqəni tapmaq üçün tarixə səyahət etmək lazımdır. İlk getməli olduğumuz tarixlər 19-cu və 20-ci əsrlərdir. Elmin bu gün primitiv sayıla biləcək üsullarla irəliləməyə, daha doğrusu sürünməyə çalışdığı illərdir. Paul Broca, Franz Gall, Carl Vernicke kimi alimlərin tək bir sahə ilə kifayətlənmədiyi, həm psixologiya, həm antropologiya, həm də fiziologiya ilə maraqlandığı o illərdə ən məşhur nəzəriyyələrdən biri də frenologiya və kraniometriya idi. O illərdə insanın şəxsiyyət xüsusiyyətlərini, intellekt səviyyəsini öyrənmək üçün onun başını ölçmək kifayət edirdi.

Öncə qeyd edək ki, frenologiya nəzəriyyəsi bu gün elmi əsası olan bir nəzəriyyə deyil. Halbuki o illərdə, yəni 19-20-ci əsrlərdə insanın şəxsiyyət xüsusiyyətlərini, intellekt səviyyəsini müəyyən etmək üçün beyin nahiyələrinin ölçü və formasının ölçülməsinin zəruri olduğunu bildirən nəzəriyyə frenologiya nəzəriyyəsi idi.

Kraniometriya, frenologiyadan fərqli olaraq, bu gün də antropoloqlar tərəfindən istifadə edilən bir texnikadır. Bu texnikada beynin ölçüsü, çəkisi və beynin digər fiziki xüsusiyyətlərinin ölçülməsi aparılır. Amma burada kritik məqam var. Bu texnika zəkanın ölçülməsi və ya şəxsiyyətin müəyyən edilməsi üçün istifadə edilmir, yalnız insanın təkamülü ilə bağlı araşdırma aparmaq üçün istifadə olunur. Hazırda körpələrin inkişafını izləmək üçün baş ölçüləri daha çox səhiyyə işçiləri tərəfindən aparılır.

Öz baş ətrafınızı lent ölçüsü ilə ölçə bilərsiniz. Bir insanın başının ətrafının ölçülməsi adətən qaşların və qulaqların üstündə aparılır. Baş ölçüsünün genetik və ətraf mühit faktorları kimi bir çox faktordan təsirləndiyi düşünülür.

İntellekt (IQ) genetik və ətraf mühit amillərinin birləşməsindən ibarət olan təhsil vasitəsilə inkişaf edən mürəkkəb bir xüsusiyyətdir. Ümumiyyətlə, yaddaş, problem həll etmə və dil bacarıqları kimi bir çox idrak qabiliyyətini qiymətləndirən idrak qabiliyyət testləri ilə ölçülür. Bu testlərin ayrıca təlim və sertifikatları var və psixoloqlar kimi müəyyən peşəkar qruplar bu testləri tətbiq edə bilər. İnternetdə 10 dəqiqə ərzində nə qədər ağıllı olduğunuzu göstərən testlərin heç bir etibarlılığı yoxdur.

2015-ci ildə Neuroscience & Biobehavioral Reviews jurnalında dərc edilən meta-analiz tədqiqatında (yəni bu günə qədər dərc edilmiş tədqiqatların toplusu) insan beyninin həcmi ilə intellekt arasındakı əlaqə araşdırılıb. 88 araşdırmanın araşdırıldığı bu araşdırmanın nəticələrinə görə, baş ətrafının ölçüsü ilə zəka arasında heç bir əlaqə olmasa da, beyin həcmi ilə zəka arasında müsbət əlaqə ola bilər.

Oxşar araşdırma 2015-ci ildə Michael A. McDaniel tərəfindən Intelligence jurnalında dərc edilmişdir. Bu araşdırmada beyin həcmi ilə zəka arasındakı əlaqə araşdırıldı. Eyni şəkildə, beyin həcminin ölçüsünün intellekt səviyyəsi ilə müsbət əlaqəsi ola biləcəyi aşkar edilmişdir.

Beləliklə, hər iki araşdırma göstərir ki, başınızın nə qədər böyük olmasının əhəmiyyəti yoxdur, önəmli olan onun içindəki beynin həcmidir. Araşdırmalara görə, beyin həcmi böyüdükcə intellekt səviyyəsi də artır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »